Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:46

23 il əvvəl rus hərbi qatarı ilə üz-üzə [Video]


23 il əvvəl rus hərbi qatarı ilə üz-üzə
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

23 il əvvəl rus hərbi qatarı ilə üz-üzə

-
23 il əvvəl - yanvarın 17-dən 18-nə keçən gecə rus əsgər və hərbi texnikası ilə yüklənmiş vaqonlar Bakıya niyə gəlib çatmadı? Çoxları bunun əsl səbəblərini bilməsə də, ölkənin şimal bölgəsində o anları tez-tez xatırlayırlar.

RUS HƏRBÇİLƏRİ XUDAT DƏMİRYOL VAĞZALINDA...

Bu, rus əsgərlərinin yolunu Bakıya kəsən Xudat dəmiryol vağzalıdır. İndi sakitlik çöksə də, 23 il əvvəl yanvarın 17-dən 18-nə keçən gecə burada bir canlanma vardı - nə olursa olsun, Rusiyadan gələn əsgər və hərbi texnika ilə dolu vaqonların qarşısı kəsilməlidir.

Həmin vaxt Xaçmazda xalq hərəkatının sədri olmuş Müqəddəs Mehdiyev o günlərə qayıdır. Xalq hərəkatının üzvləri qərara alırlar ki, Xaçmaz dəmiryol stansiyasını ələ keçirsinlər. Xaçmaz dəmiryol stansiyasının ovaxtkı rəhbərliyi dirənsə də, planın ilk hissəsi baş tutur. Dəmiryol stansiyası xalq hərəkatı üzvlərinin nəzarətinə keçir. Onlar səsgücləndiricilər vasitəsilə əhalini məlumatlandırırlar ki, bir qədər sonra Xudat dəmiryol vağzalına içərisində rus əsgərləri və hərbi texnika olan vaqonların daxil olması gözlənilir. Əhali bu qüvvənin paytaxta doğru hərəkət etməsinə imkan verməməlidir.

BİR SƏSGÜCLƏNDİRİCİNİN GÜCÜ...

Xudat dəmiryol vağzalı
Xudat dəmiryol vağzalı
Xaçmazda xalq hərəkatının sədri olmuş Müqəddəs Mehdiyev:

«Yanğınsöndürən maşınlardan istifadə elədik, əhalini səfərbər etməkdən ötrü qonşu Quba, Qusar, Dəvəçi rayonlarına müraciət etdik ki, bizə köməyə gəlsinlər».

Bir səsgücləndirici çağırışına şimal bölgəsinin əhalisi relslərin ortasında canlı sədd çəkmişdi:

«Qərara almışdıq ki, nəyin bahasına olursa olsun, qoşunları Bakıya buraxmayacağıq. 35 nəfər hərbi bileti ilə pasportunu təhvil verdi. Relslərin üzərində yatmağa da hazır idilər. Bakıya getmək üçün qatar onların üstündən keçməliydi. Bizim fəallardan biri 40-a yaxın «molotov kokteyli» hazırladı ki, qatar geri qayıtmasa, qatara basqın edək».

Müraciətlər işini görür. Əhali çağırışa qoşularaq qatarın qarşısını kəsmək üçün Xudatda və Xaçmazda dəmiryol stansiyasının qarşısına toplaşır.
Ramazan Əliyev
Ramazan Əliyev

Hadisələrin digər şahidi və iştirakçısı Ramazan Əliyev danışır:

«Tələbimiz qatarın burdan qayıtması idi. Hərbi qatar heç cür Bakıya gedib çıxmalı deyildi. Buna da camaatın köməkliyi ilə nail olduq. Əsgərlər çox aqressiv idi. Bir podpolkovnik vardı, deyirdi ki, yaxına gəlsəniz, hamınızı güllələyəcəyəm. İp çəkib buraları mühasirəyə aldılar, avtomatı dirədilər sinəmizə».

VƏ...

Əliyalın xalq Bakıya əsgər və hərbi texnika daşıyan 20-yə yaxın vaqonun qarşısını beləcə ala bilir. Amma... bundan 2 gün sonra paytaxtda qan tökülməsinin qarşısını almaq olmur.

23 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə rus əsgərləri Azərbaycanın paytaxtını qana bulaşdıra bildi. Güllələr, tanklar işə düşdü... Qətliam baş tutdu... O gecə Azərbaycanın tarixinə qara hərflərlə yazıldı...
XS
SM
MD
LG