Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:51

HRW: «Azərbaycan, Avropa Şurasının İnsan Haqları çağırışlarını eşit»


Human Rights Watch
Human Rights Watch
-

Azərbaycan rəhbərliyi Avropanın aparıcı insan haqları qurumlarından birinin insan haqları sahəsində təcili islahatlar barədə çağırışını ciddiyə almalı və hərəkətə keçməlidir.

Bu bəyanatı yanvarın 24-də Human Rights Watch təşkilatı verib.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2013-cü il yanvarın 23-də Strasburqda keçirilən yığıncağında Azərbaycanda insan haqları barədə gözlənilən qətnaməni qəbul edib. Bu qətnamə hələ də həllini tapmayan narahatlıqları vurğulayır və Azərbaycan hökumətini çoxdan gözlənilən islahatlara başlamağa çağırır.

MƏSULİYYƏT KİMİN ÜZƏRİNƏ DÜŞÜR

«Assambleya Azərbaycanda insan haqlarının vəziyyətinin nə dərəcədə narahatedici və qeyri-məqbul olduğunu aydın şəkildə bildirib. İndi Assambleyanın vacib bildiyi addımların atılması üçün məsuliyyəti Azərbaycan hökuməti və Azərbaycanın bu addımları atmasının münasibətlər üçün nə dərəcədə zəruri olduğunu ona aydın bildirməli olan beynəlxalq tərəfdaşları daşıyır», Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia belə deyir.

Çox böyük təəssüflə qeyd olunmalıdır ki, Azərbaycanda siyasi məhbuslara həsr olunmuş ikinci qətnamə hökumətin göstərdiyi inadkar maneələrlə məğlub edilib.

Azərbaycan hökumətinin Cinayət Məcəlləsindən siyasi qisasçılıq üçün alət kimi istifadə etməsi yaxşı sənədləşdirilmiş bir problemdir və hakimiyyət uzun müddətdir ki, bu problemi etiraf etmir.

Giorgi Gogia
Giorgi Gogia
AŞPA 2001-ci ildən Azərbaycan da daxil, 47 üzv ölkəni təmsil edən 636 nümayəndədən ibarətdir. O zaman Azərbaycanın qəbul etdiyi öhdəliklər sırasında bütün siyasi məhbusların azadlığa buraxılması və tənqidçilərinin siyasi motivli ittihamlar əsasında mühakiməsinə son qoyulması da var idi.

STRASSER NECƏ GÖZÜMÇIXDIYA SALINDI

«Avropa Şurasına 20 illik üzvlüyü ərzində Azərbaycan nəinki öz vədlərinə sadiq qalmayıb, hətta təsisatın siyasi məhbuslarla işinə böyük əngəllər törətmək dərəcəsinə çatıb», lakin hökumətin təcavüzkarlığı dəyişməz qalan və nəzərə alınmasının zərurəti daha da kəskinləşən faktları dəyişmir», G. Gogia deyib.

Azərbaycan üç il müddətində Assambleyanın siyasi məhbuslar üzrə məruzəçisini ölkəyə buraxmayıb, hətta onu ölkəni gözümçıxdıya salmaqda ittiham edərək mandatını şübhə altına alıb. Nəticədə məruzəçi – Almaniya parlamentarisi Christoph Strasser öz hesabatını Azərbaycana səfər etmədən hazırlamaq məcburiyyətində qalıb. Bununla belə, onun hesabatı etibarlıdır və onun Azərbaycan hüquqşünasları, habelə yerli və beynəlxalq insan haqları qrupları ilə geniş və dərin məsləhətləşmələrinin nəticəsi kimi ortaya çıxıb.

2012-ci ilin dekabrında məruzəçinin narahatlığını doğuran 13 nəfər də daxil olmaqla, bir sıra məhbuslar prezident əfvi ilə azad edilib. Onların arasında Human Rights Watch tərəfindən yaxından izlənən və qanunsuz məhbus edilmiş 5 jurnalist, insan haqları müdafiəçisi və fəallar da var. Lakin bir çox başqaları qondarma ittihamlarla məhbəsdə saxlanır, Human Rights Watch bildirir.

Christoph Strasser
Christoph Strasser
Azərbaycanda siyasi məhbuslara dair qətnamə diqqəti «Assambleyanın davamlı səylərinə baxmayaraq» həll olunmamış narahatlıqlara çəkir. Qətnamədə hökumətin siyasi və vətəndaş fəallarını, jurnalistləri, bloqqerləri və dinc etirazçıları ağır həbsxana cəzalarına məhkum etdiyi bir sıra yeni hallar qeyd olunur və Azərbaycan hökuməti onların dərhal və qeyd-şərtsiz azad edilmələrinə çağırılır.

SİYASİ MƏHBUS MƏRUZƏSİ OLMADAN DA...

Mühüm olan budur ki, Assambleyanın Azərbaycana dair digər daha geniş qətnaməsində də siyasi məhbuslar probleminə toxunulur və belə bir nəticə ifadə edilir: «Azadlıqların məhdudiyyətlərlə tətbiqi, ədalətsiz mühakimələr və icra hakimiyyətinin lüzumsuz təsiri ilə birlikdə vicdan məhbusu hesab edilə biləcək adamların sistematik həbsləri ilə nəticələnir».

Qətnamə Azərbaycanın Avropa Şurasının hüquqi sənədlərini imzalaması və ratifikasiya etdiyini bildirsə də, narahatlıq ifadə edir ki, bəzi qanunların seçimli şəkildə tətbiqi «insan haqlarına hörmət və qanunun aliliyi baxımından artmaqda olan narahatlıqla» nəticələnib. Qətnamədə göstərilən spesifik narahatlıqlar arasında Azərbaycanın beynəlxalq standartlara uyğun seçkilər keçirməməsi, məhkəmə müstəqilliyinin olmaması, işgəncə və pis rəftar, habelə fəallara və jurnalistlərə qarşı qondarma ittihamlar sadalanır. Qətnamə Azərbaycandakı vəziyyətin onun quruma qəbul zamanı götürdüyü öhdəliklərə uyğunlaşdırılması üçün konkret tövsiyələr irəli sürür.

Azərbaycana dair qətnaməni hazırlayan Monitorinq Komitəsinin dekabr ayında verilmiş təqdimatında Human Rights Watch diqqəti insan haqlarından narahatlığın bir sıra əsas məqamlarına çəkir. Buraya vətəndaş və siyasi fəallara qarşı siyasi motivli istintaqlar, ifadə azadlığının pozulması, həmçinin jurnalistlərə qarşı təqiblər, təhdidlər və hücumlar və böhtana dair cinayət qanunlarının qalması daxildir. Başqa narahatlıqlar toplaşma azadlığının, həmçinin icazəsiz etirazların təşkili və onlarda iştirak üçün yeni, daha ağır cərimələrin tətbiqi də daxil olmaqla məhdudlaşdırılması, polis nəzarətində pis rəftar və işgəncələr, mülkiyyətin qanunsuz müsadirəsi və Bakı sakinlərinin evlərindən zorla çıxarılması, dini azadlıqların pozulması ilə əlaqədardır.

DAHA BİR SINAQ

AŞPA
AŞPA
«Bugünkü (red: yanvarın 23-dəki) səsvermə Assambleyanın, faktların siyasi təcavüzə üstün gəlməsini təmin etmək qabiliyyətinin sınağı idi, Assambleya bu sınaqdan qismən keçməsə də, onun insan haqları islahatlarına, siyasi həbslərə son qoyulması da daxil, təcili ehtiyac olduğu barədə mesajı son dərəcə aydın ifadə olunub», Gogia deyir.

Human Rights Watch bəyan edir ki, Azərbaycanın beynəlxalq tərəfdaşları, Assambleyanın islahatlara çağırışına əməl etməsini Bakı ilə dialoqlarının əsas hissəsinə çevirməlidirlər. Bu çağırışlara siyasi motivlərlə məhkum edilmiş şəxslərin azadlığa buraxılması da daxildir.

«Növbəti sınaq Azərbaycanın bərbad insan haqları üzərinə bugün salınmış işığı, Azərbaycan hökumətinin əlindən iztirab çəkənlər üçün həqiqi dəyişikliyə çevirə biləcək şəxslər üçündür», Gogia deyib.
XS
SM
MD
LG