Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:36

Freedom House «zəhmətkeş məktubları» barədə


Arch Puddington
Arch Puddington
-


Son günlər AzadlıqRadiosuna göndərilən bəzi elektron məktublarda Freedom House hüquq-müdafiə təşkilatının son hesabatında Azərbaycanı «qeyri-azad» ölkə saymasından narazılıq bildirilir. İki eyni cümlədən ibarət bu məktubların müəllifləri bu hesabatın ölkədə insan haqlarının durumunu düzgün əks etdirmədiyini deyirlər.

Eyni məktublar Freedom House-un elektron ünvanlarına da göndərilir. Freedom House-da tədqiqat üzrə vitse-prezident Arch Puddington AzadlıqRadiosuna müsahibəsində deyir ki, son günlər onlarla belə məktub alıblar:

- Son bir neçə ildəki məktubların sayı isə yüzlərlədir. Bu məktublar eyni sözlərdən ibarətdir. Bir məktubu iki yüz müxtəlif azərbaycanlı göndərib. Təkcə bu il deyil, əvvəllər də müxtəlif mətnli, oxşar ideyalı məktublar olub. Azərbaycan hesabatlarımıza bu cür reaksiya verən yeganə ölkədir. Ballarından narazı ölkələr çoxdur. Vaxtaşırı müxtəlif ölkələrin təmsilçiləri ilə görüşüb müzakirə aparırıq. Səfirlərlə, bəzən xarici işlər nazirləri ilə görüşlərimiz olur. Heç bir ölkədən bu cür reaksiya, belə kütləvi e-maillər almırıq. Ona görə də inanıram ki, bu, hökumətin təşkil etdiyi kampaniyanın bir hissəsidir.

- Yəni bunlar sıravi azərbaycanlıların hesabatınıza reaksiyası deyil?

- Tam əminəm ki, bunlar kampaniyanın bir hissəsidir. Çünki illər əvvəl aldığımız məktublar da eyni sözlüklü idi. Qəti bilirəm ki, bu, kampaniya idi.

- Bəs, sizcə, hakimiyyət hesabatlarınızı niyə belə qarşılayır? Səbəb nədir?

- Dəqiq bilmirəm. Ancaq bir şeyi deyim ki, bunun işimizə təsiri yoxdur. Hansısa ölkəyə dair dəyərləndirməmizə təsir etmək istəyirsinizsə, bunun yeganə yolu, informasiya, dəlil-sübut göstərməkdir. Ayrı-ayrı ölkələrin diplomatlarından, təmsilçilərindən həmin dəlilləri alırıq. Onlarla görüşlərdən məmnunluq duyuruq. Bəzən görüşlərdə bizim ballarımızı dəyişən informasiya alırıq. «Qəzəbli» azərbaycanlılardan təhqir dolu məktublar isə bizi ancaq qıcıqlandıra bilər.

- Hakimiyyətin builki davranışında bir dəyişiklik sezilirmi?

"Eurovision-2012"
"Eurovision-2012"
- Xeyir, Azərbaycan mövqeyini dəyişmir. Bu məktublarla digər ölkələrdən fərqli olaraq hədə kampaniyası aparırlar. Məncə, Azərbaycan düşünür ki, «Eurovision» beynəlxalq mahnı müsabiqəsi, İnternet Forumu, idman tədbirləri keçirməklə, normal demokratik dünyaya qoşula bilib. Ancaq bu ölkənin seçkilər, siyasi məhbuslarla rəftar, hüququn aliliyi üzrə topladığı ballara baxanda görürük ki, Azərbaycan Avrasiyada daha bir diktatorluqdur.

- Ayrı-ayrı ölkə diplomatları ilə görüşdüyünüzü deyirsiniz. Niyə Azərbaycanla bağlı belə bir təşəbbüsünüz olmayıb? Rəsmilər sizi bu ölkəyə ənənəvi münasibətdə, yerli «anti-hökumət» təşkilatları ilə əməkdaşlıqda suçlayırlar. Əməkdaşlıq üçün hakimiyyətə müraciət etmisinizmi?

- Bunu heç bir ölkə üçün etmirik. Hökumətlər özləri Freedom House-a yaxınlaşıb görüş istəyirlər. Bu ölkələrə həvəslə razılıq veririk. Ötən illərdə mən Niger, Kot Divuar (Fil Dişi Sahili), Kameron, Qvatemala, Macarıstan hökumətlərinin təmsilçiləri ilə görüşmüşəm. Bunu mütəmadi edirik. Azərbaycan təmsilçiləri ilə görüşdən şad olardıq, ancaq buna maraq göstərmirlər.

- Azərbaycan tərəfdən heç vaxt belə bir niyyət görməmisiniz?

- 7 il bundan əvvəl həmkarlarımdan biri Nyu-Yorkda Azərbaycan rəsmisi ilə görüşüb. Tam səmimi bir görüş olub. Bu rəsmilərlə sonuncu görüşümüz olub.

- Sizcə, bu etinasızlığın səbəbi nədir?

- Bunu Azərbaycan rəsmilərindən soruşun. Aşağı bal verdiyimiz bəzi ölkələr bizimlə əməkdaşlıq etmirlər, sadəcə bizdən gileylənirlər. Rusiya da belədir, nadir hallarda Rusiya rəsmiləri ilə görüşürük. Onlar yerli mətbuatda Freedom House-a hücum edirlər, ancaq heç vaxt bizimlə danışmaq istəmirlər. Bəzi ölkələr öz sistemləri barədə yüksək fikirdədirlər, inanırlar ki, demokratiyaya çatıblar, qeyri-demokratik sistemləri onlar üçün yaxşıdır, bizimlə danışmaq istəmirlər, ancaq bu bizə onları qeyri-azad adlandırmağa mane olmur.

- Azərbaycan rəsmiləri Freedom House-u həm də ona görə qınayır ki, tanınmamış Dağlıq Qarabağ rejimini ayrıca dəyərləndirirsiniz. Üstəlik bu ərazi «qismən azad» sayılır. Bu o deməkdirmi ki, siz demokratiyanı Azərbaycanın ərazi bütövlüyündən üstün sayırsınız?

Dünyada azadlıq xəritəsi - 2013
Dünyada azadlıq xəritəsi - 2013
- Bizim «mübahisəli» adlandırdığımız ərazilərlə işləməkdə problemimiz var. Dağlıq Qarabağ ayrıca reytinq verdiyimiz tək ərazi deyil. Biz Abxaziyanı, Fələstini, Qərbi Saharanı, Tibeti, Honq-Konqu ayrıca dəyərləndiririk. Bunu nəyə görə edirik – ya düşünürük ki, bu ərazilər iradələrinin əksinə olaraq başqa ölkələr tərəfindən zəbt olunub, yaxud da Dağlıq Qarabağ kimi ərazi bir ölkənin tərkibində olub, indi yarı müstəqildir, əslində başqa bir ölkənin - Ermənistanın tərkibindədir və statusu elə də aydın deyil. Bu barədə beynəlxalq danışıqlar gedir. Biz mövcud faktlarla işləməliyik. Dağlıq Qarabağ faktiki olaraq özünüidarəetmə sistemi olan bir ərazidir. Biz də belə bir faktı tanımağa məcburuq ki, bu ərazi Fələstin kimi mövcuddur, müstəqil dövlət ola bilməz, ancaq şərti müstəqil hökuməti var.

- Ancaq rəsmilərin fikrincə, Dağlıq Qarabağı ayrıca ərazi kimi dəyərləndirmək separatçılığa, etnik təmizləməyə haqq qazandırmaq cəhdidir. Bu, beynəlxalq qurumların apardığı sülh danışıqlarına mane olur.

- Xeyir, bunun ATƏT-in, digər beynəlxalq qurumların nizamlama prosesinə heç bir təsiri yoxdur. İkincisi, biz Gürcüstanı Azərbaycandan daha demokratik sayırıq. Ancaq Abxaziya və Cənubi Osetiyanın göstəricilərini ayrıca veririk. Çünki reallıq odur ki, bu əraziləri Gürcüstan idarə etmir. Onlar hazırda Gürcüstandan ayrıdırlar, şərti olaraq Rusiyaya birləşiblər, ancaq müəyyən dərəcədə müstəqildirlər. Biz mövcud durumla işləməyə məcburuq. Durum da odur ki, Abxaziya da Dağlıq Qarabağ kimi şərti müstəqildir.

- Azərbaycanın təməl insan hüquqlarını təmin etmək baxımından yerini qonşuları ilə necə müqayisə edərdiniz? Fərq çoxmu böyükdür?

- Azərbaycan Cənubi Qafqazda ən aşağı bal alan ölkədir. Gürcüstana nisbətən Ermənistanın xeyli problemləri var. Onların demokratiyası xeyli natamamdır, seçki, hüququn aliliyi sahəsində durum yaxşı deyil. Ancaq Gürcüstanla Azərbaycan arasında ciddi uçurum var. Gürcüstanda müxalifət partiyası, bircə qüvvə hakimiyyəti dəyişdi. «Gürcüstan arzusu» indi hakim partiyadır. Saakashvili-nin partiyası daha hakim deyil, baxmayaraq ki, özü hələ də prezidentdir. Bu, irəliyə addım oldu. «Gürcüstan arzusu» xeyli vədlər verib, bunların yerinə yetirilməsini izləyəcəyik. Azad və ədalətli seçki keçirən ölkə ilə Azərbaycan kimi seçkini rejimin idarə etdiyi ölkə arasında fərq ciddidir.

- Azərbaycanın demokratiya reytinqi on ildən çoxdur dəyişməyib. Bu il keçiriləcək prezident seçkiləri sizcə bu reytinqin yaxşılaşmasına necə təsir edə bilər?

İlham Əliyev, 2008-ci il
İlham Əliyev, 2008-ci il
- Müxalifət partiyalarına bərabər şərtlərlə rəqabət imkanı yaradılsa, müxalifət fəalları fikirlərini ifadə edə, hökumətin siyasətinə qarşı çıxa və həbs olunmaqdan qorxmasalar, Seçki Məcəlləsinə, seçki siyasətinə dəyişikliklər edilsə, bu siyasət dəyişikliyə gətirə bilər. Ancaq Prezident Əliyevin buna imkan verəcəyinə ciddi şübhələrim var.

- Niyə?

- Çünki Prezident Əliyev bu posta gələndən hərəkətləri, siyasəti ilə göstərib ki, demokratiyada, müxalifətə hər hansı səs verməkdə maraqlı deyil. O, hakimiyyəti mümkün qədər çox öz əlində cəmləşdirməkdə maraqlıdır. Etiraf etməliyəm ki, bu anlamda Azərbaycan digər enerji sərvətləri olan ölkələr kimi davranır. Enerji sərvəti olan ölkələr daha çox ondan belə istifadə edirlər – beynəlxalq legitimlik almaq üçün iqtisadi sədd çəkirlər, beynəlxalq tədbirlərə ev sahibliyi edirlər, sanki bir Avropa ölkəsi görüntüsü yaradırlar. Bu, doğru deyil, ancaq enerji ölkənin iqtisadiyyatını və dünyada rolunu dəyişə bilər. Azərbaycanın timsalında da bunu görürük.

- Ancaq İlham Əliyevin hələlik üçüncü dəfə prezidentliyə namizədliyini elan etməyib. Yerli müşahidəçilər bunu onun hələlik beynəlxalq dəstək almamasına bağlayırlar. Necə düşünürsünüz, belə bir təminat olacaqmı?

- Bu regionda digər enerji sərvətli, varlı ölkələrin liderlərini götürək. Türkmənistan, Qazaxıstanda Nazarbayev, Rusiyada Putin. Beynəlxalq ictimaiyyət adətən neft-qaz sərvəti olan ölkələrin liderlərini qəbul edir. Əvvəllər belə olub. Məncə, Prezident Əliyevin qərarı nə olsa, onlar onu qəbul edəcəklər.

- Freedom House hər il təməl insan haqları hesabatlarını hazırlayır. Hakimiyyəti islahatlara çağırır, bu çağırışlar digər beynəlxalq qurumlar, supergüclər vasitəsilə də edilir. Bu hesabatların səmərəsi, işinizin nəticəsi nədir?

– Azərbaycanda hər hansı Avropa ölkəsi yaxud ABŞ-la müqayisədə elə də böyük səmərə görmürük. Çünki enerji sərvəti olan ölkələr, xüsusilə də Avropa üçün Rusiyaya alternativ enerji mənbəyi olan ölkələrə xüsusi münasibət var. Lider öz xalqını qırğına vermirsə, bu ölkələrin siyasətində demokratiyanın olmamasına bəhanə tapılır. Məncə, Azərbaycan bu ikili standartdan qazanır. Məsələn, Yaxın Şərqdə Səudiyyə Ərəbistanı kimi. Ancaq deməzdim ki, bizim işimiz nəticəsizdir. Azərbaycandan kənarda çox az adam bu ölkəyə dair qiymətləndirməmizə şübhəylə yanaşır. Tapıntılarımız digər insan haqları, mətbuat azadlığı, demokratik qurumların dəyərləndirmələri ilə üst-üstə düşür. Tək deyilik və işimizi ABŞ-ın, Avropa Birliyindən asılı olmayaraq görürük. Demokratik standartların, insan haqları pozuntularını işıqlandırır, hər bir ölkədə baş verənləri dünya ictimaiyyətinin diqqətinə çatdırırıq.
XS
SM
MD
LG