Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:07

Əkrəm Əylislinin genetik kodu və «acların üsyanı»


Milli Məclis
Milli Məclis
-
Fevralın 1-də – qışın 2-ci ayında başlayan yaz sessiyası son dövr gündəmi tutan etiraz aksiyalarını deyil, yazıçı Əkrəm Əylislini hədəfə aldı. Mübahisələr doğuran «Daş yuxular» romanının müəllifi 50 dəqiqəyə yaxın tənqid atəşinə tutuldu. Onun «xalq yazıçısı» adından məhrum edilməsindən tutmuş, vətəndaşlıqdan çıxarılmasınadək müxtəlif təkliflər səsləndi.

«QƏDDAR, VƏHŞİ BİR XALQ»

Deputat Musa Quliyev bildirdi ki, Əkrəm Əylislinin «Drujba narodov» jurnalında çıxan «Daş yuxular» romanı erməni işğalına və bölücülüyə haqq qazandırmaqla yanaşı, Azərbaycan xalqını dünyaya qəddar, vəhşi bir xalq kimi tanıdır:

«Azərbaycan xalqını alçaltdığına və təhqir etdiyinə görə, dini inanc və adətləri aşağıladığına görə, bu şəxsin Azərbaycan Xalq Yazıçısı adını daşımağa haqqı yoxdur».

YAP-ın icra katibi Əli Əhmədov da deputat həmkarının fikirlərini paylaşdığını bildirdi. Üstəlik, öz əlavəsini diqqətə yetirib, Əkrəm Əylislidən «Şöhrət» ordeninin də geri alınmasını istədi.

Parlamentin spikeri və bəzi deputatlar həmin çıxışları müsbət qiymətləndirdilər.

Parlament üzvü Əhməd Vəliyev məsələyə ümumiləşdirilmiş münasibətini belə ifadə etdi:

«Birincisi, təklif edirəm ki, anti-Azərbaycan təbliğatı aparanların psixoloji durumu yoxlanılsın. İkincisi, həmin adamların genetik kodu müəyyənləşdirilsin».

Deputatın bu təklifinə bəzi həmkarları və spiker Oqtay Əsədov atmacalı sözlərlə qarşıladı.

«GETSİN ERMƏNİSTANDA HANSISA KİLSƏDƏ XİDMƏTÇİLİK ELƏSİN»

Oqtay Əsədov: (gülür) «Əhməd müəllim istəyir ki, qan laboratoriyası yaradaq». (başqa deputatlar da gülürlər).

Oqtay Əsədov
Oqtay Əsədov
Deputat Nizami Cəfərov: «Əsərin girişində bir qeyd var. Guya Əkrəm Əylisli jest edir ki, günahı bu tərəf boynuna alır, o biri tərəf də alacaq. Bu, nə əbləh məntiqdir, bilmirəm. Düşünürəm ki, Əkrəm Əylislini Azərbaycan vətəndaşlığından mərhum etmək lazımdır. Qoy getsin Ermənistanda hansısa kilsədə xidmətçilik eləsin».

Əkrəm Əylisli ilə bağlı digər deputatların çıxış istəyi Oqtay Əsədovun müqaviməti ilə qarşılandı. Spiker gündəlikdəki məsələlərin müzakirə olunmasına təkid etdi. Di gəl, məsələyə öz münasibətini bildirməkdən də qalmadı və Əkrəm Əylislinin bu əsəri 2006-cı ildə yazsa da, niyə məhz indi – seçki ilində üzə çıxardığını anlaşılmaz saydı:

«Mən bu gün səhər AzadlıqRadiosunda Əkrəm Əylislinin bütün çıxışlarına qulaq asmışam və xəcalət çəkmişəm. Mənə elə gəlir, bu barədə bəsdir, Milli Məclisin ilk iclasıdır, şərait yaratdım 45-50 dəqiqə danışdıq…».

«QOLUZORLULARI YANINDA SAXLAYAN BAZAR MÜDİRİ»

Daha sonra paytaxtda və bölgələrdə baş verən etirazlardan söz açıldı. Deputat İqbal Ağazadə, İlyas İsmayılov və Sabir Rüstəmxanlı son günlər Bakıda və İsmayıllıda keçirilən etiraz aksiyalarına münasibət bildirdilər. İqbal Ağazadə
İqbal Ağazadə
İqbal Ağazadə
hakimiyyətin olaylara adekvat yanaşmadığını dilə gətirdi:

«Hər bir cinayətin törənmə səbəbləri araşdırılmalıdır. Amma təəssüflər olsun ki, bunun heç biri araşdırılmır. Misal üçün, «Binə» hadisələrini götürək. Qoluzorluları yanında saxlayan bazar müdiri sahibkarları hədələyib. İsmayıllıda baş verən hadisələr və s. də həmçinin».

YAP icra katibinin müavini Siyavuş Novruzov bu məsələlərin qızışdırılmasında maraqlı tərəflərin olduğunu bildirdi:

«Bu insanlar hələ bolşevizm ab-havasından uzaqlaşa bilməyiblər. Başladıqları şey – üsyan, qiyam. İki nəfər bir-biri ilə savaşıbsa, nə üsyan, nə qiyam? Keçmişdə olurdu üsyan – acların üsyanı. Arı yuvasına çöp uzadan kimi, əllərinə çubuq götürüb, düşüblər arı yuvası axtarmağa».

Deputat Fəzail Ağamalı «Binə» və digər iri ticarət mərkəzlərində vergidən yayınma hallarına diqqət yönəltdi. Dedi ki, günə 20 manat pul qazanmaq imkanı olan sahibkarların qazancının vergi və icarə haqqı kimi əllərindən alınmasına son qoyulmalı, bu məsələlərə aydınlıq gətirilməlidir.
XS
SM
MD
LG