Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:39

İsmayıllının daha bir sakini saxlandı


İsmayıllı, 25 yanvar 2013
İsmayıllı, 25 yanvar 2013
-
Fevralın 2-də həbs olunan Qəmbər Ağamalıyevin qardaşı Heydər Ağamalıyev qardaşının Bakıda həbs olunduğunu deyir:

«Qardaşım Bakıdakı qohumumuzgildə yemək yediyi yerdə gəlib aparıblar. Birinci qardaşımdan fərqli olaraq, ona qarşı zorakılıq olmayıb. İndi o, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir. Bundan əvvəl həbs edilən qardaşı isə artıq Kürdəxanıdakı təcridxanaya köçürüblər».

H.Ağamalıyev deyir ki, onlar aksiyanın qarşısının alınmasında, etirazçılarla söhbət aparılmasında hüquq-mühafizə orqanlarının əməkdaşlarına yardım ediblər:

«Hətta camaat bizə deyirdi ki, siz də onlara satıldınız. Biz riskə gedib adamların qarşısına çıxdıq. Məni, həbsdə olan qardaşım Səftəri general Cavanşir Məmmədov çağırdı, orda bəzi rayonların polis rəisləri də var idi. Dedi, siz qardaşlara təşəkkür edirəm ki, bizə belə yardım etdiniz. Mən özümü gözyaşardıcı qazın içinə atmışdım, o hadisələrdən sonra 4 gün özümə gələ bilmirdim, yorğan-döşəkdə yatırdım».

H.Ağamalıyev qardaşlarının həbs olunmasında icra başçısını və onun nazir qardaşını Füzuli Ələkbərov günahlandırır:

«Onlar məsələni siyasiləşdirib özlərinin hakimiyyətini qorumaq istəyirlər. Bir də, aksiya zamanı saxlanılanların boynuna heç bir şey qoya bilmirlər. Görürlər bir şey çıxmayacaq o adamlardan, indi videogörüntülərə baxıb hər gün rayonda kimisə həbs edirlər. Bundan başqa, aksiyada iştirak edənləri bir-bir çağırıb dəymiş ziyan adı altında banka 300 manatdan tutmuş 2 min manata qədər pul ödədirlər».

İsmayıllı rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Valeh Salehov AzadlıqRadiosuna «heç bir şey bilmirəm» deyib telefonu qapadı.

Rayon polis idarəsinin rəis müavini Şöhrət Cəfərov da məsələlərdən xəbərsiz olduqlarını bildirdi.

SAXLANANLARIN SAYI 14-Ə ÇATDI

Fevralın 2-də İsmayıllıda daha bir nəfər saxlanılıb.

Bu barədə AzadlıqRadiosuna «Azadlıq» qəzetinin bölgə müxbiri Elçin İsmayıllı məlumat verib. Onun dediyinə görə, həmin şəxs rayon sakini Qəmbər Ağamalıyevdir:

«Daha əvvəl onun qardaşı Səftər Ağamalıyev həbs edilib. Halbuki İsmayıllı hadisələri zamanı icra başçısının evinin yandırılmasının qarşısını Səftər Ağamalıyev alıb. DİN-in rayona ezam olunan nümayəndəsi Cavanşir Məmmədov buna görə bizim yanımızda Səftər Ağamalıyevə təşəkkürünü də bildirib. Dedi yaxşı ki, sən camaatın qarşısını aldın. Sonradan Ağamalıyev qardaşlarının həbs olunması başadüşülən deyil».

Qəmbər Ağamalıyevin tutulması təsdiqlənərsə, bununla saxlananların sayı 14 nəfərə çatacaq.

Onlardan ikisi – «Çıraq» otelinin müdiri və həmin oteldə qonaq qalan Bakı sakinidir. Hər iki şəxs xuliqanlıqda suçlanır. İttihamlara əsasən, onlar yanvarın 23-də axşam saatlarında içkili vəziyyətdə İsmayıllıda avtomobil qəzası törədib, sakinləri təhqir edib və taksi sürücüsünü döyüblər. Bundan sonra sakinlər «Çıraq» otelini və icra başçısına məxsus yardımçı binanı yandırıblar.

Digər həbs olunanlar Cinayət Məcəlləsinin «özgənin əmlakını qəsdən məhvetmə, zədələmə» və «hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə»də suçlanır. Ayrı-ayrı qaynaqlar azı 100 nəfərin tutulduğunu bildirir. Rəsmi qurumlar səslənən rəqəmləri yalanlayır.
XS
SM
MD
LG