Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:59

Cənub rayonlarının «qısaömürlü» müəssisələri...


Lənkəran Tikiş Fabriki
Lənkəran Tikiş Fabriki
-
Ölkə prezidenti hər dəfə cənub bölgəsinə səfər edərkən yeni obyektlərin açılışında iştirak edir, lentləri kəsir. Hər rayonda ən azı 5-6 obyekt açılır. Lakin bu obyektlərin bir çoxlarının sonrakı fəaliyyəti ürəkaçan olmur. Məsələn, prezident Lənkəranda tikiş fabrikin açılışında, Astarada mini su elektrik stansiyasının bünövrəsinin qoyulmasında iştirak etmişdi.

«FABRİK İŞLƏMİR, BURDA HEÇ KİMİ GÖRMƏMİŞİK»

Lənkəran Tikiş Fabriki açılışdan sonra 5-6 ay işlədi. Fabrikdə sakitlikdir. Yoldan keçənlərdən fabrikin fəaliyyəti ilə bağlı suallara birmənalı cavab aldıq:

«Fabrik işləmir, burda heç kimi görməmişik».

Yaxınlıqda duran taksi sürücüsü isə bizə bildirdi ki, fabrikdən anbar kimi istifadə olunur.

Fabrikin darvazası da bağlı idi. Bizə bildirdilər ki, buranının gözətçisi yaxınlıqda yaşayır. Lakin gözətçini də görə bilmədik.

Mütəxəssislər deyirlər ki, sovet dönəmində Lənkəranda 40-a yaxın sənaye obyekti olub. Bu sənaye obyektləri əsasən kənd təsərrüfatı məhsulları istehsal edib. İndi bunların çox az bir hissəsi minimum məhsul istehsal etməklə işləyir.

AVADANLIQLAR OLDUĞU KİMİ QALIR

Astarada da prezidentin mini su elektrik stansiyasının təməlqoyma mərasimində iştirakından iki ilə yaxın vaxt keçib. Stansiyada heç bir iş görülməyib. Stansiyanın inşası Astara İstisu kəndin ərazisində nəzərdə tutulub. Astaraçayın kənarında yığılmış avadanlıqlar olduğu kimi qalır. Əvvəllər burada gözətçi də olurdu. Bu dəfə gözətçini də görmədik.

Astarada iki konserv və balıq zavodlarının açılışında isə prezident iştirak etməsə də, bu obyektlərin də lentlərini kəsənlər olub. Lakin bu obyektlər də işləmir.

«PREZİDENTƏ DEMİŞDİLƏR Kİ, BURDA 200 ADAM İŞLƏYƏCƏK»

Yadigar Sadıqov
Yadigar Sadıqov
Lənkəranda fəaliyyət göstərən Cənub Araşdırmalar Mərkəzinin rəhbəri Yadigar Sadıqovun deməsinə görə, obyektlərin bağlanması narahatçılıq doğurur:

«Tikiş fabriki 2007-ci ildən fəaliyyət göstərir. Lənkəran rayon statistika idarəsinin məlumatına görə, 2007-ci ilin birinci yarısında 171 min, 2007 ci ildə bütövlükdə 535 min manatlıq məhsul istehsal edib. 2008-ci ilin statistik göstəricilərində isə Lənkəranda tikiş məmulatlarının istehsalı haqqında heç bir məlumat yoxdur. Bu o deməkdir ki, həmin tikiş fabriki işləmir. O zaman yadımdadır, onun açılışında İlham Əliyev iştirak edirdi. Prezidentə məlumat verdilər ki, burda 200 adam işlə təmin olunacaq».

«İQTİSADİ MARAQLAR NƏZƏRƏ ALINMAYIB»

İqtisadçı Vidadi Mirzəyev deyir ki, lenti kəsilmiş sənaye obyektlərinin bir müddət keçəndən sonra bağlanması gözləniləndir. Onun dediyinə görə, rayonlarda tikiş fabriklərini açmaq səhv bir addımdır. O buna xammalın olmamasını əsas gətirir.
Vidadi Mirzəyev
Vidadi Mirzəyev
Vidadi Mirzəyev deyir ki, hətta ən iri şəhərlərdə belə yüngül sənaye lazımı dərəcədə gəlirlə işləyə bilmir. Bu obyektlərin çoxları bağlanır. Onun fikrincə, dünyada yüngül sənaye sahəsində böhran hələ səngiməyib. Vidadi Mirzəyev deyir ki, obyektlərin açılışında daha çox siyasi çalar var, burda iqtisadi maraqlar nəzərə alınmayıb.

Aqronom Yusif Əliyev isə deyir ki, vaxtilə Astara və Masallı rayonlarının hər birində 4, Lənkəran rayonunda 5 çay fabriki olub. İndi Astarada 2, Lənkəranda 1 çay fabriki işləyir. İldə bölgədə 300-400 ton yaşıl çay yarpağı yığılır. Təkcə bir çay fabriki ildə 7 min tona yaxın yaşıl çay yarpağı emal edə bilər.

Yusif Əliyevin fikrincə, bundan sonra nə qədər çay fabriki tiksələr də, nəticəsi bir olacaq - xammala görə fabriklər işləməyəcək. Yusif Əliyev deyir ki, çay sahələri genişlənməlidir. Əldə edilən məhsula uyğun fabrik tikilməlidir.
İlham Əliyev mini su elektrik stansiyasının təməlqoyma mərasimində - 15 aprel 2011
İlham Əliyev mini su elektrik stansiyasının təməlqoyma mərasimində - 15 aprel 2011

«ÇOX VAXTI BU ZAVODLAR MƏSULUNU SATA BİLMİRLƏR»

Aqronomun qənaətincə, bağlanmış konserv zavodlarını da eyni tale gözləyir. O deyir ki, bu zavodlar əsasən tomat pastası hazırlayır. Çox vaxtı bu zavodlar məsulunu sata bilmirlər. Nəticədə ağır iqtisadi vəziyyətə düşürlər, zavod dayanır.

«ÇOX GÜMAN Kİ, İŞLƏYƏCƏK»

Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayev isə deyir ki, rayondakı tikiş fabrik şəxsi mülkiyyətdir, orda yenidənqurma işləri gedir:

«O, sahibkardır. Ola bilər, orda yenidənqurma işləri aparırlar. Arada gəlmişdilər. Çox güman ki, işləyəcək. Gəlib ölçüb biçirlər. Hər zamanın öz tələbi var. İstəyirlər ki, yenilik yaratsınlar. İnşallah, olmalıdır. Bir arada işlədi, məktəbli forması, sonra qadın geyimləri buraxdı .İndi bilmirəm».

Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov da su elektrik stansiyasının inşa edilməsinə başlayacaqlarını deyir:

«Tikiləcək. Onun anbar hissəsi yoxdur, orda evlər getməlidir. O ərazi böyük olmalıdır. Orada su anbarı olmalıdır. Bir ara arxeoloji işlər apardılar. Onu indi tam müəyyənləşdirməyiblər ki, bərkitmə işlərini necə etsinlər».
XS
SM
MD
LG