Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:36

Orta məktəb dərsliyi: Haçalı baxışlar


Foto: Arxiv
Foto: Arxiv
-
Prezidentin 19 aprel 2012-ci il tarixli fərmanı əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəb dərsliklərinin monitorinqini aparır. Monitorinq nəticəsində 1-ci sinfin «Azərbaycan dili» və «Riyaziyyat», 3-cü sinfin «Azərbaycan dili», «Riyaziyyat» və «Həyat bilgisi» dərsliklərində qüsurlar aşkarlanıb.

TQDK rəsmisi qüsurları ciddi sayır. Dərslik müəllifləri ilin-günün bu vaxtı dərsliklərin yenidən çap edilməsi qədər ciddi qüsurların olmadığını deyir.

«TƏHSİL NAZİRLİYİ MONİTORİNQİN NƏTİCƏLƏRİNİ NƏZƏRƏ ALACAQLARINI DEYİB»

Belə olanda, ortaya suallar çıxır: Dərsliklər tədrisdən çıxarılacaqmı? Təhsil Nazirliyinin TQDK-nın rəyini nəzərə almamaq səlahiyyəti varmı? Dərslikləri kimlər dəyərləndirir? Monitorinq qrupunda kimlər var və dərsliklər doğrudanmı yararsızdır?

TQDK mətbuat xidmətinin əməkdaşı Elnur Nağızadə monitorinqin başa çatdığını və Təhsil Nazirliyinin monitorinqin nəticələrini gələcəkdə nəzərə alacağına ümid edir:

«1-ci və 3-cü sinif dərslikləri ilə bağlı nəticələr saytımızda var. Müzakirələr zamanı Təhsil Nazirliyi bizə monitorinqin nəticələrini gələcəkdə nəzərə alacaqlarını deyib. Ümid edirik ki, bu, həqiqətən də belə olacaq».

MONİTORİNQDƏ «RAYON MÜƏLLİMLƏRİNİN DƏ FİKİRLƏRİ NƏZƏRƏ ALINIB»

E.Nağızadə monitorinq qrupunun üzvlərinin obyektiv seçildiyini deyir:
Elnur Nağızadə
Elnur Nağızadə
«Monitorinqə onlarca-yüzlərcə müstəqil ekspert, müəllim qatılıb. Videobağlantılardan yararlanmaqla ölkənin digər şəhər və rayonlarındakı müəllimlərin fikirləri də nəzərə alınıb. Dərsliklərdə olan xətalar həm yaş qruplarına uyğunluq, həm elmi-metodik baxımdan, həm də bədii tərtibat və texniki baxımdan müxtəlif səpkilidir. Təəssüf ki, bu səhvlər haqqında danışarkən dərslik müəllifləri, adətən, texniki və daha kiçik görülən səhvləri qabardırlar».

MÜƏLLİFLƏR SƏHVLƏRİ TEXNİKİ XARAKTERLİ SAYIRLAR

Dərslik müəllifi Rafiq İsmayılov TQDK-nın aşkarladığı 120 səhvdən 18-ini qəbul etdiklərini deyir:

«Onların göstərdiyi 3-4 orfoqrafik səhv və bir neçə texniki qüsur var. Müəllim üçün vəsaitdə dərsliyə istinad olunan 2 yerdə səhifə düzgün göstərilməyib. Bir neçə mətndə 5-6 keçilməmiş hərf işlənib. Ümumiyyətlə, 120 irad tutulub, biz onlardan 18-ini qəbul edirik. Əksəriyyəti də texniki səhvdir. 10 dəqiqəyə düzələsi şeylərdir».

«QALDIRILAN SƏS-KÜY TUTULAN İRADLARA UYĞUN GƏLMİR»

R.İsmayılov səhvlərin dərhal aradan qaldırılmasının mümkün olmadığını deyir:
Əlövsət Osmanlı
Əlövsət Osmanlı
«Çünki dərsliklər dörd ildənbir nəşr olunur. Düzü, bu səhvlərin əksəriyyətini bizim həmmüəlliflər görmüşdü. Deyə bilərəm ki, qaldırılan səs-küy tutulan iradlara uyğun gəlmir. Həddən artıq yuxarıdan səslənir. İradlar o dərəcədə qorxunc deyil, çünki bu iradlar dərsliyin məzmununa, metodikasına xələl gətirmir».

«TƏHSİL NAZİRLİYİ BU MONİTORİNQİ GÖZLƏMİRDİ»

Təhsil eksperti Əlövsət Osmanlının fikrincə, dünyanın ən gericil dövlətlərində də bizim dərsliklərdəki sayda səhvə yol verilmir:

«Dərslikləri yazanların əksəriyyəti elmdən, metodikadan uzaq insanlardır. Ümumi seminarlarda iştirakçıların suallarına belə cavab verə bilmirlər. Özü yazdığı kitabla bağlı suala cavab vermək üçün bir neçə gün möhlət istəyən insanlardır onlar. Qaldı monitorinq məsələsinə, indiyədək dərsliklərin monitorinqini Təhsil Nazirliyi özü həyata keçirirdi. Soruşun görək, niyə bu səhvləri tuta bilmirdilər? İndiyədək orada böyük bir cəzasızlıq vardı. İstədiklərini edirdilər, axı. Heç kim də bunun hesabını soruşmurdu onlardan. Onlar ölkə başçısının dərsliklərin monitorinqini hansısa başqa bir təşkilata verəcəyini gözləmirdilər».

«BUNDAN SONRA... DÖVLƏT PROQRAMI OLACAQ»

Fəxrəddin Veysəlli
Fəxrəddin Veysəlli
Filologiya elmləri doktoru, dilçi professor Fəxrəddin Veysəlli dərslik hazırlanarkən onların fikirlərini öyrənmədiklərini deyir:

«Bundan sonra dərsliklərin hazırlanması ilə bağlı dövlət proqramı olacaq. Proses vahid mərkəzdən idarə olunacaq. Yanlışlar-doğrular müəyyənləşdiriləcək. İndiyədək o dərslikləri bizə verməyiblər ki, səhvini-düzünü deyək. Belə özbaşınalıq olmaz. Bu dərsliklər bir mərkəzdən keçməlidir, bir mərkəz onlara rəy verməlidir».

BƏS ORTA MƏKTƏB MÜƏLLİMİ NƏ DÜŞÜNÜR?

Avropa liseyinin ibtidai sinfində dərs deyən Rəna Ağayeva da dərsliklərdə problem olması fikrini bölüşənlərdəndir:

«Riyaziyyat dərsliklərində elmi səhvlər çoxdur. Ana dili dərsliyində isə xarici ədəbiyyata çox yer ayrılması, öz ədəbiyyatımızın kənarda qalması xoşuma gəlmir. Hələ qrammatik səhvlər də çox olur. Əsasən də Azərbaycan dili dərsliklərində. Bütün bunlar uşaqları çaşdırır».
XS
SM
MD
LG