Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:18

İmişlinin Xoşçobanlı kəndində məktəb təmiri narazılıq yaratdı


Bir qrup kənd sakini məktəbin həyətinə yığışaraq narazılıqlarını bildiriblər
Bir qrup kənd sakini məktəbin həyətinə yığışaraq narazılıqlarını bildiriblər
-
Fevralın 26-da İmişli rayonunun Xoşçobanlı kəndinin bir qrup sakini İlqar Əhmədov adına orta məktəbin həyətinə yığışaraq narazılıqlarını bildiriblər. Onlar sözügedən təhsil müəssisəsində aparılan təmir-tikinti işlərindən şikayətləniblər.

TƏMİRDƏN ÇIXAN BİNA SÖKÜLÜB

Kənd sakinlərindən Hüseyn Həsənov bildirdi ki, 2011-ci ildə məktəbin iki tədris binasının əsaslı təmiri üçün büdcədən 33.2 min manat ayrılıb:

«Amma binalardan birinin dam örtüyünün dəyişdirilməsi və kiçik kosmetik işlərlə bu vəsait göyə sovruldu. Halbuki cəmi 160 şagird oxuyan bir məktəb üçün elə bu pulla yeni bina tikmək olardı. Növbəti il isə «təmirdən çıxan» binaların biri söküldü. Bizə deyildi ki, burada müasir üslublu, hər cür texniki vəsait və avadanlıqlarla təchiz olunan yeni bina tikiləcək. Məktəbin kənarları abadlaşdırılacaq, açıq və qapalı yerlərdə idman qurğuları quraşdırılacaq. Bu məqsədlə 861 min manat vəsait ayrılmışdı. Amma bunların heç biri olmadı».

«BURA MƏKTƏBDƏN ÇOX, MAL TÖVLƏSİNƏ OXŞAYIR»

Məktəb üçün ayrılmış ərazi olduqca genişdir. Amma gözə nə bir ağac dəyir, nə də futbol qapısı. Bir neçə avtomobil təkəri yerə basdırılıb. Məktəbin müəllimi Tərmilə Hacıyeva deyir ki, bura təhsil müəssisəsindən çox, maldarlıq təsərrüfatına bənzəyir:

«Biz nə qədər maraqlansaq da, təmir-tikinti işlərinin layihəsi üzə çıxarılmadı, podratçı təşkilatın adını belə öyrənə
Tikintidə mənşəyi bilinməyən sementdən istifadə edilib
Tikintidə mənşəyi bilinməyən sementdən istifadə edilib
bilmədik».

Məktəbin istifadəsində olan ərazinin kənarlarına dəmir tor çəkilib. Məktəb direktorunun təsərrüfat işləri üzrə müavini Vüqar Bağırov deyir ki, əvvəlki torlar bundan qalın və etibarlı idi, indikilər qısa müddətdə sıradan çıxacaq:

«İşə başlayan vaxtlar məktəbin həyətinə qalın armaturlar, bəzəkli metal lövhələr tökmüşdülər. Onu bircə günün içində yoxa çıxarıb, bu nazik künclükləri və simdən toxunmuş torları aldılar, yöndəmsiz halda ətrafı çəpərlədilər. Bundan əvvəlkiləri, habelə sökülən binaların şiferlərini, taxta materialları neylədilər, bilən yoxdur? Yeni tikdikləri binanın özülü etibarsızdır, çökək yerləri eləcə şoran torpaqla doldurublar, yer bərkidilməyib. Tikintidə mənşəyi bilinməyən sementdən istifadə edilib. Təzə elektrik transformatorunun alınıb quraşdırılması üçün 17 min manat silinib, halbuki bu, elə əvvəlkidir. Hətta ayaqyolu binası belə primitiv üsulla tikilib - kişi və qadın üçün nəzərdə tutulan otaqların qapıları yanaşıdır».

Təzə elektrik transformatorunun alınıb quraşdırılması üçün 17 min manat silinib
Təzə elektrik transformatorunun alınıb quraşdırılması üçün 17 min manat silinib
RƏSMİLƏR DƏ NARAZIDIR

Səslənən iradları məktəbin direktor əvəzi Əlizamin Əhmədov da təsdiqlədi. Direktor əvəzinin bildirdiyinə görə, kənd sakinlərinin və pedaqoji kollektivin şikayətindən sonra İmişli rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin nümayəndələri gəlib məktəbə baxıblar. Əlizamin Əhmədov deyir ki, bina hələ istifadəyə verilməyib, amma plastik qapılardan biri artıq sıradan çıxıb, onu öz pullarıyla düzəldiblər.

İmişli rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin müdiri Səlim Məhərrəmov da bu problemdən xəbərdar olduğunu dedi:

«Mən həmin əraziyə təhkim olunduğumdan, bu yaxınlarda Xoşçobanlı kənd məktəbindəki təmir-tikinti işləri ilə yerində maraqlanmışam. Həqiqətən də bəzi işlər qaydasında deyil. Bu barədə cənab başçıya məruzə edəcəyəm».

Məktəbin nə giriş qapısı önündə, nə də həyətdə təmir-tikinti barədə məlumat lövhəsi var.

Yeni dərs ili başlanmazdan əvvəl bəzi KİV-lərdə Xoşçobanlı kənd tam orta məktəbi üçün 2 yeni korpusun inşa edilərək, pedaqoji kollektivin və şagirdlərin ixtiyarına verilməsi barədə məlumatlar getmişdi. Halbuki həmin korpuslardan biri hələ də hazır deyil.
XS
SM
MD
LG