Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:00

"Xoca" filmi tamaşaçını intriqada saxlaya bilir, amma düşündürmür


Emin Əsgərsoy
Emin Əsgərsoy
-

Filmlər heç də həmişə nifrət üçün çəkilmir. Yəqin bizə daima nifrət oyunlarına gəlməyimiz üçün “nifrət peyvəndi” gərəklidi.

Filmdə zabitin NATO forması geyib, “VMF”dən saat taxması primitiv tənqiddi deyə düşünürəm.



Emin Əsgərsoy "Oxu zalı"na göndərdiyi bu məqaləsi ilə Vahid Mustafayevin "Xoca" filmi ilə bağlı polemikaya qoşulur.


Emin Əsgərsoy


İNTRİQADA SAXLAYA BİLİR, AMMA DÜŞÜNDÜRMÜR...


Geniş şərhimə onunla başlamaq istəyirəm ki, filmi yalnız bir dəfə izləmişəm, müəlliflərinə isə antipatiyam var.

Onu tənqid etmək üçün, əlbəttə, dəfələrlə izləyib yeni və maraqlı olan, ilk seyrdə nəzərə çarpmayan təzadlı məqamlarla tanış olmaq olardı.

Lakin buna ehtiyac görmədim. Bir peşəkar tamaşaçı kimi.. Bəli, bəli peşəkar tamaşaçı kimi..

Əslində, film ssenari, rejissor işi, aktyor ifası, musiqi tərtibatı və s. detalları ilə həqiqətən də təzadlı görünür və ya bunu ehmalca sezmək olur desəm yanılmaram.

İlk əvvəl onu qeyd etmək istərdim ki, film Azərbaycan cəmiyyətində istənilən və ya gözlənilən effekti doğurmadı.

Lakin bu da bir gərçəkdi ki, filmin təqdimatı ölkəmizin xeyli geridə qalmış kino sənayesinə yeni təqdimat ünsürlərini gətirdi.

Əlbəttə, filmin ssenari müəllifi və rejissoru Vahid Mustafayevin ANS Şirkətlər Qrupunun prezidenti, baş prodüser Mirşahin Ağayevin isə həmin qrupun vitse-prezidenti olması filmin nüfuz dairəsinə təsir göstərməmiş deyil.

Hər halda media divləri təkcə öz ətraflarında deyil, həmçinin bir neçə ölkədə film ətrafında ajiotaj yarada bilib.

Bu, filmin keyfiyyətindən irəli gəlir, ya prodüser əməyinin nəticəsdir, əlbəttə bu, başqa mövzudur.

Lakin film ətrafında xeyli müzakirə aparılır. Bunun özü də filmin varlığına və aktuallığına zəmin yaradır.

Sıravi vətəndaşdan tutmuş kino sənayesinin müxtəlif səviyyəli xadimləri, yazıçı və müxtəlif səpkidə fəaliyyət göstərən incəsənət ustaları film haqqında öz şərhlərini bildiriblər. Yerli və ya yersiz..

Son zamanlar film haqqında "Oxu zalı"ndakı debatlar və şərhlər isə maraqlı xarakter almağa başlayıb.

"Xoca" filminin rejissoru Vahid Mustafayev Azadlıq Radiosunun "Pen klub" proqramında filmin müzakirəsi zamanı, 19 fevral
"Xoca" filminin rejissoru Vahid Mustafayev Azadlıq Radiosunun "Pen klub" proqramında filmin müzakirəsi zamanı, 19 fevral
Film üzərinə şərhi bu debatlardan yol alaraq başlamaq istədim.

Əslində, rejissor özü etiraf edir ki, ekspressionizm janrından istifadə edir. Bununla razılaşmamaq olmur.

Bu sahədə ilk işi təhvil verən rejissoru qınamaq nə qədər realdır, bax bunu deyə bilmərəm.

Müsahibəsində kinoşünas Sevda Sultanova qeyd edir ki, “məni çox təəccübləndirən nişanlısı müharibədə vuruşan gənc qızın infantil pozisiyası oldu.”

Onda əks arqument kimi qeyd etməyim yerinə düşər ki, subyektiv idealizmə əsaslanan ekspressionizm nümayəndələri sənətkarın fərdi aləminin ifadəsini obyektiv varlığın real təsvirinə qarşı qoyur.

Bu isə xarici aləmin, obrazların təhrif olunmasına, bədii forma eybəcərliyinə gətirib çıxarır.

El dilində desək, bu cür xarakter və obrazlardan cəmiyyətimiz xali deyil.

O qədər cütlüklər görmək olar ki, tərəflərdən biri yalnız özünə qayğı tələb edir, digəri isə cəmiyyətə xeyir bəxş etmək barəsində fikirləşir.

Bir-birini ailə olaraq, fərd olaraq tamamlayan o qədər cütlük var ki, siyasi baxışları və ya dünya görüşləri, əqidə və ya hadisəyə yanaşma tərzləri üst-üstə düşmür.

Film postmodernizm elementlərini də özündə əks etdirməmiş deyil.

Döyüş səhnələrinin həm qrafik baxımdan, həm aktyor ifası baxımdan zəif olması ilə razılaşmamaq olmur.

İmkanları məhdud olmayan kino heyəti daha artığını edə bilərdi.

Bunun üçün ya təcrübə çatışmayıb, ya da artıq pul xərcinə ehtiyac görülməyib.

Nəticədə “istədiyimiz”, “gözlədiyimiz” “Troya” səhnələri ərsəyə gəlməyib.

Filmdə zabitin NATO forması geyib, “VMF”dən saat taxması primitiv tənqiddi deyə düşünürəm. Mən bu barədə şərhi oxumağıma rəğmən filmdəki həmin detallara önəm vermədim.

Müxtəlif nominasiyalarda qalib olmuş filmlərdə belə bu hallara rast gəlinir və hətta məzəli proqramlarda gülüş obyekti kimi nümayiş etdirilir.

Məsələn, mən təklikdə etməyimə rəğmən, hər hansı bir satıcının yanında “yatağı bəlkə elə burda yoxlayaq?!” kimi zarafatlar etdiyimi də xatırlamıram.

Yeri gəlmişkən Şahin Xəlilin təbirincə desək “iki-uç öpüşlə” də namus qeyrət ölçmək fikrində deyiləm.

Şahin bəy, bu da hansı ölçü meyarıdırsa artıq..

Filmi tənqid edən kinoşünas Sevda Sultanova
Filmi tənqid edən kinoşünas Sevda Sultanova
Və ya asanlıqla filmin üzərindən xətt çəkib demək olmaz ki, “Bəs Rüstəm İbrahimbəyov da qeyd edib ki, filmi xaricə çıxarmaq olmaz”.

Rüstəm İbrahimbəyov çox dəyər verdiyim ziyalılar sırasında öncüllərdəndir. Ən azı mənim daha da hörmət etdiyim, fikirlərini vətəndaş cəmiyyətinin formalaşması üçün ən nümunəvi hesab etdiyim Ramiz Rövşən, Cəmil Həsənli kimi ziyalılar bu insanla eyni masanı bölüşürlər zaman zaman.

Ancaq bu da bir kriteriya deyil. Bəlkə Rüstəm İbrahimbəyov fikirləri ilə dünya kino sənayesinin 50%-ni təmsil edir?!

Bəlkə onun sözləri qanundu?!

Bəlkə onun mükafatları onun fikirlərinin çəkisinin digərlərininkinə nisbətən daha ağır olmasına zəmin yaradır?!

Xeyr, xeyr, min dəfə xeyr.

Bu heç vaxt ölçü meyarı ola bilməz. Mən də razıyam ki, film demək olar ki uğursuzdu və Xocalı faciəsini samballı əks etdirmir.

Ancaq rejissor dolayı yolla etiraf edir ki, mən ssenaridə öz fərdi aləmimin ifadəsini real Xocalı qəhrəmanının obrazı ilə qarşı-qarşıya qoymuşam. Ona görə məhz qəhrəmanımız sonda hamını xilas etmir, sağ qalmır və ən nəhayət ideal deyil.. Gözümüz, ürəyimiz realda olmayan, yalnız təsvirlərdə ara-sıra görünən ideal qəhrəmanlara vərdiş edib axı..

Bu da maraqlı yanaşmadı əslində.

Aktyor oyunu isə bu filmdə mənim üçün anormaldı.

Son illərdə çəkilmiş filmlərin səsləndirilməsinə (içi BakıFilm istehsalı qarışıq), aktyor ifasının süniliyinə, teatr ab-havasının kinoya sirayət etməsi yəgin ki, təkcə məndə yox, yüzlərlə və bəlkə də minlərlə tamaşaçıda qıcıq doğurur.

Bu filmdə isə eyni qəbildən olan qüsurlara elə də rast gəlmək olmur. Filmin nailiyyətləri aktyor heyətinin ortabab ifası ilə mütənasibdir məncə. Yəni ortalıqda nəzərəçarpan nə yaxşı, nə də pis bir mükafat hələ ki yoxdur.

Əlbəttə, filmdə “Pianoçu” və ya “Şindlerin siyahısı” filmlərindəki kimi humanizm yoxdu.

Çünki rejissor öz kasıb ideyasını belə ifadə edib: Faciə məhəbbət hadisəsinin fonunda çox qabarmasın, ancaq ermənilər bütünlükdə bir xalq olaraq “neprav” göstərilsin.

Özünü dünayada bu cür sınamaq cəhdi də deyərdim buna.

Haradasa raziyam.

"Xoca" filmindən sevgi səhnəsi, Youtube
"Xoca" filmindən sevgi səhnəsi, Youtube
Bilmirəm, bəlkə də uzun illər propaqanda qurbanı olmuşam ya nədi...

Ancaq müharibə şəraitində mən də heç vaxt inanmamışam ki, “Pianist”ə kömək edən alman zabiti simasında bir erməni zabiti tapılsın.

“Brest qəsri”ndəki səhnələrlə eyniləşdirmə isə həm tənqid oluna bilər, həm də boş verilə bilər.

Mən bu epizodların bənzətməsini, əlbəttə, bütünlüklə yox, parça-parça Youtube portalında izləmişəm.

Lakin filmə baxanda epizodlardan birində təxminən əmin idim ki, sonuncu gülləni obraz özü üçün saxlayacaq.

Yaxud insanların xilası səhnəsi də yüzlərlə müharibədə işlənmiş elementdi.

Sözümün canı ondan ibarətdir ki, döyüş elementləri dəyişmir.

Lakin rejissor daha da yaradıcı ola bilərdi və ya hətta ola bilər ki, hamının iddia etdiyi kimi ideyanı sadəcə “oğurlayıb”.

Filmdəki ölüm səhnələri həqiqətən də insan kədərini əks etdirmir.

Ekspressionizm janrında filmin daha uğurlu alınması üçün rejissor başlarına Xocalıda həqiqətən qəza gəlmiş real obrazları öz təxəyyül məhsulu ilə qarşı-qarşıya qoya bilərdi.

Hərdən filmin seyrcilərindən elə fikirlər eşidirəm ki, məsələn, “film məndə qeyrət hissi oyatmadı”, “düşmənə nifrət yox, filmə nifrət oyatdı”, “müəlliflərə hörmətim yoxdu, filmləri də bir şey deyil” və s.

Bu da kütlənin səviyyəsi..

Təəssüf ki, qeyrəti olmayan adama film qeyrət doğmur..

Amma digər tərəfdən.filmlər heç də həmişə nifrət üçün çəkilmir. Yəqin bizə daima nifrət oyunlarına gəlməyimiz üçün “nifrət peyvəndi” gərəklidi.

Xocalıda, Qarabağda olanları unudan, əlbəttə, bişərəf və nadandı, lakin insan oğlu özünü də dərk etməyi bacarmalıdı. Bu müharibə, insan qətliamı nə vaxta qədər davam edə bilər?!

Son qənaətim odur ki, film ideya olaraq qəbul edilən, nəticə olaraq isə effektsizdi. Böyük məqsədlərə xitab etmək iqtidarında deyil, ancaq dünənədək çəkilən “finti-xuruş”lardan da deyil.

Cəhdin özü isə yenilikdi, uğura köklənmiş silahdı. Məni və ətrafımı izləyərkən intriqada saxlamağı bacardımı? - Bacardı.

Bitdikdən sonra düşündürdümü? - Qətiyyən.

Bəlkə də iddia edə bilərsiniz ki, “Fəryad” filminə baxdığım zaman keçidiyim hisslərin heç bir fazini də yaşamadım.

Amma anlaşılan yanaşma olmaz. Çünki janrlar tam fəqlənir.

Bəs nə üçün düşündürmədi deyə özümə sual verdim və bu qənaətə gəldim.

Məncə özünün də dediyi kimi ön xətdə məhəbbət, arxa fonda isə müharibə ab-havasını və ya başqa cür ifadə etsək, məhəbbətin fonunda müharibəni göstərmək istəyən rejissor çox təcrübəsizdi.

Bəlkə də ideya yaradıcılığı, kreativliyi çatışmayıb. Çünki seyr edərkən mən yalnız müharibənin gedişatını diqqətdə saxladım, sevgililərin taleyi isə məni yumşaq desək heç maraqlandırmadı bəlkə də.

Bəlkə də taleləri öncədən məlum idi deyə..

Rejissor bunu da gizləməyi bacarmamışdı.

Lakin film müəlliflərinin şəxsiyyətlərinə qarşı neqativim olmasına baxmayaraq bu mənə rəvac vermir ki, tərəf olum.

Mirşahin Ağayevə isə demək istəyirəm ki, söz oyunçusu olmaq heç də film prodüseri olmaq demək deyil.

Hər hansı bir filmin mükafatı heç də həmişə tamaşaçının göz yaşları deyil.

Bu, başdan-ayağa Xocalı faciəsini əks etdirsəydi hə, siz deyən idi..

Ancaq bu dəfə siz deyən deyil.


Polemikaya qoşulmaq istəyənlər yazılarını bu ünvana yollaya bilərlər: oxuzali@azadliqradiosu.az
XS
SM
MD
LG