Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:37

İran Azərbaycan vətəndaşlarına düyü, un, şəkər satışını qadağan edib...


-

Astara gömrüyünün önündə yenə basırıqdır. İrana gedənlərin sayı gün ərzində 1000-1200 nəfərə çatır. Bir çoxları bunu Novruz bayramı ilə əlaqələndirir. Digərləri isə İran realının aşağı düşməsi ilə izah edir. Astara gömrüyünün önünə baş çəkdik. Burada mağazalar İrandan gətirilən mallarla doludur. Ərzaq, sənaye malları, məişət avadanlıqları müştərilərini gözləyir. Satıcılar deyir ki, bayram sovqatlarına ehtiyac artıb. İrandan piyada yolla qayıdanlar satış üçün gətirdikləri malları yerindəcə mağazalara verirlər. Astara gömrüyünün giriş qapısının önündə isə İrana getmək istəyənlər toplaşıb.

DƏMİR BARMAQLIQLAR ARASINDA SƏFƏR...

İrana getmək istəyənləri növbə ilə hər iki tərəfi dəmir barmaqlıqlarla qaynaq edilmiş keçidə buraxırlar. Adamlar burdan da gömrüyün ərazisinə daxil olur. Növbədə yaşlı adamlar, cavanlar və uşaqlar da gözə dəyir. Əksəriyyəti qadınlardır. Onlardan İrana nə üçün getdiklərini soruşuruq:

«BAYRAM QABAĞIDIR, GEDİRƏM ÖZÜM ÜÇÜN ƏRZAQ ALMAĞA»

«Bayram qabağıdır, gedirəm özüm üçün ərzaq almağa. Burda bahadır, ona görə gedirəm ordan almağa. Elə şey yoxdur ki, orda ucuz olmasın. Burda iki dəfə bahadır. Bayram qabağıdır, bazara girmək olmur, hər şey od qiymətinədir».

Növbəyə durmuş, bizi diqqətlə dinləyən başqa birisi söhbətə qoşulur:

İrandan gətirilən ərzaqlar
İrandan gətirilən ərzaqlar
«Bahaçılıqdan əlavə, bir nəfər qoca arvad evdə pensiya alır. Hamısı işsizdir. Bu pensiya ilə bütün ailə dolana bilər?. İş yeri yoxdur. Tutalım işi olmayan daş qaldırsın, xəstələnəndə gərək acından ölsün? Orda fərq ondadır ki, evə heç olmasa bir kilo nə isə ala bilərəm ki, uşaqlar acından ölməsin. Sənin evinə getsəm desəm mənə 5 manat ver, sən deyərsən ki, sənə nə üçün pul verim?. Qardaş da elə, bacı da elə, qalırsan avara. Camaat nə üçün düşüb çöllərə?. Saat 7-dən qalmışıq burda açılsın, gedək evimizə 1 kilo qənd, nə bilim başqa şey alaq. Hələ bayram süfrəsinə imkanımız yoxdur. Hələlik yaşamaq üçün, evimiz üçün ərzaq almaq istəyirik».

Məlum olur ki, növbəyə duranlar təkcə yerli sakinlər deyil. Onların bəziləri İrana müalicə məqsədi ilə, digərləri isə yaxın adamlarına baş çəkmək üçün gedirlər:

«AZƏRBAYCANIN BÜTÜN YERLƏRİNDƏN GƏLİRLƏR»

«Hər yerdən gəlirlər. Azərbaycanın bütün yerlərindən gəlirlər. Gürcüstandan, başqa yerdən, hər yerdən».

Növbəyə nəzarət edən gözətçi deyir ki, İrana gedənlərin sayı gündən-günə artır. Buna baxmayaraq günorta saatlarına qədər giriş qapısının önü boşalır. Günortadan sonra İrana növbəsiz keçmək olur. Günün ikinci yarısında isə İrana gedən yerli sakinlərin əksəriyyəti geri qayıdır. Bu baxımdan da keçid məntəqəsinin önü gün ərzində dolur-boşalır. Onun dediyinə görə, Novruz bayramına qədər bu hal davam edəcək.

İRAN AZƏRBAYCAN VƏTƏNDAŞLARINA DÜYÜ, UN, ŞƏKƏR SATIŞINI QADAĞAN EDİB...

Fayıq Cəfərzadə
Fayıq Cəfərzadə
Gedənlərin demələrinə görə, İran tərəfi zəruri ərzaq məsullarının sərhəddən çıxarılmasına qadağa qoyub. İran Astarasında düyü, un, şəkər satışı ilə məşğul olan mağazalar bağlanıb. Buna səbəb Azərbaycandan gələnlərə adı çəkilən ərzaqların satılmamsı olub.

İran realının dollar və manata nisbətən ucuzlaşması davam edir. Ötən həftə İran Astarasının qara bazarında 1 ABŞ dolları 42-45 min İran realına satılıb.

Sərhədyanı ticarətlə məşğul olan Fayıq Cəfərzadə deyir ki, bayram ərəfəsində bu təbiidir. Onun bildirdiyinə görə, elə məhsullar var ki, Azərbaycanda istehsal olunmur. Lakin İranda var. O, hesab edir ki, İran realının da ucuzlaşması Azərbaycan vətəndaşlarına az pulla çoxlu mal almağa imkan verir.

«İRANDA ƏRZAQ MALLARI QAT-QAT UCUZDUR»

«İranda ərzaq malları bizimkindən qat-qat ucuzdur. Vətəndaşlar ora öz evinin təminatını ödəmək üçün gedirlər. Ucuz mal almaq üçün».

Astara gömrük keçid məntəqəsi
Astara gömrük keçid məntəqəsi
İş adamının sözlərinə görə, Azərbaycanda qiymətlərin yüksək olmasının başlıca səbəbi idxal məhsullarına monopoliyanın olmasıdır. Dediyinə görə, İrandan gətirilən məsullara görə rüsum haqqından əlavə, heç yerdə qeyd olunmayan pul alınır. Bu pul alınmasa qiymətlər arasında fərq qısa müddətdə aradan qalxar.

Ancaq Azərbaycan gömrüyündə rüsumdan əlavə rüşvət hallarının mövcudluğu ilə bağlı deyilənləri təkzib edirlər.

«AZƏRBAYCANDA OLDUĞU QƏDƏR İRANDA MONOPOLİYA YOXDUR»

İqtisadçı Vidadi Mirzəyev də monopoliyadan danışır:

«Azərbaycanda olduğu qədər İranda monopoliya yoxdur. İranda toyuğun kilosu 1 manatla 2 manat arasındadır. Bizdə isə ən aşağısı 3 manatadır. Toyuq almaq üçün İrana gedirlər. Portağalın qiyməti bizdə 1 manat 20 qəpik, 2 manat arasındadır. İranda isə 80 qəpikdir. Başqa məhsulların qiymətlərində də fərq var».

Astara rayon icra hakimiyyəti başçısının müavini Xanverdi Şirinov isə qiymətlərin aşağı düşməsi üçün yarmarkaların təşkil olunacağını bildirir. Dediyinə görə, yarmarkada olan məsullar 30 faiz ucuz satılacaq.
XS
SM
MD
LG