Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:59

Könül Həsənqulu. Qarabasma


Könül Həsənqulu
Könül Həsənqulu
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Könül Həsənqulu


18 AVQUST və QARA GÜNƏŞ

Federiko Qarsia Lorka üçün

Ayaqlarından budağa bağlandılar sərçələr o səhər!
Üzlərini doğan günəşə tutub
Azacıq ümidlənirdilər
Yerlərindəcə vurnuxur-vurnuxur
Qəhərin boğduğu səslərlə ciyildəşir-ciyildəşirdilər
Hiss edirdilər yaxın on beş saniyənin faciəsini
Kövrək sübh nəğmələri sinələrində
Tir-tir titrəyirdilər.

Günəşin görünməyən tərəfindəsə hüzur vardı
Günəş
Bizə görünməyən tərəfində batmaqdaydı
Ordakı ölkələrdə şər qarışırdı
Orda silahlar əlləri tanımırdı
Orda yadelli sərçələr
Hüzur içində mürgüləyirdilər

Nika da yatırdı günəşin batan tərəfində
Sinəsi buğda dolu qızıl zəmidə
Saçları sünbüllərin üstə
Areslə qol-boyun
Hüzur içində

Günəşin doğan tərəfində isə
Hər şey tam başqaydı
Burda qarğalar da çəkilmişdi göy üzünə
Sükutda bir atəş qorxusu vardı

...

İlk güllə sınaq üçün havaya açıldı
Silah köhnə silah idi
Silah hələ də yararlıydı
Silah
Şairləri yaxşı tanıyırdı
Alnından
Sinəsindən
Dizlərindən
Və əllərindən
Ən çox əllərindən alınırdı onların həyatı
Silah onların
Bircə kürəyinə yol tapmamışdı.

...

Atəş açıldıqca
Açdılar onlar da
Çilli qanadlarını darlığa

Sonra
Budaqdan yıxılıb ayaqlarından asıldılar havaya
Avqustun yandırdığı səkini boyadılar qırmızıya
Şüarlar yazdılar öz kölgələrinə axan qanlarıyla

Sinələrində parça-parça oldu söylənməmiş neçə nəğmələr
O günorta solçuları
Şairlər qarışıq güllələdilər...


QARABASMA

Vincent Van Gogh`a ithaf

Ağır silahlar girir hər gecə yuxuma
Yad dildə danışan əsgərlər
Atəş açırlar çarpayıma
Üstümdən qırıcı təyyarələr uçur tavanda
Hardansa üst mərtəbədən
Cəsədimə dərman səpir helikopterlər
Hayqırtıma çatlayan divarlardan
Nəhəng traktorlar girir dörd tərəfdən
Şumlayırlar meyitimi... Qarışdırırlar məni torpağa

Sonra savaş bitir.... Üstümə sular səpilir
Ağrım kəsir
Torpaq olduğum yerdən buğdalar yetişir
Və qarğalar...
Qarğalar uçuşurlar buğdaların üstündə
Bayraqlar sancılır zəmiyə boz rəngdə
Himn və folk mahnılar səslənir əcnəbi dildə...

Sonra buğdalar biçilir...
Uzaqdan burnuma çörək ətri gəlir
Yuxum bitir...
Budurmu şizofreniya?..
XS
SM
MD
LG