Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:22

Zəlzələ zonasında ziyan çəkən abidələr varmı?


-
«Zəlzələ zonasında qədim tikililərin tikinti texnologiyası yüksək səviyyədə və keyfiyyətli olduğundan 6-7 ballıq zəlzələlər zamanı tam dağılan abidə müşahidə edilməsə də, vəziyyət ürəkaçan deyil»

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına «Tarix-Mədəni və Təbii İrsi Qoruma Komitəsi»nin əlaqələndiricisi Aytəkin İmranova söyləyib.

HESABATI PRİNCE KLAUSS FONDU İSTƏYİB

Zaqatalada zəlzələ zamanı uçmuş məscid
Zaqatalada zəlzələ zamanı uçmuş məscid
Onun sözlərinə görə, Niderlandın Prince Klaus Fund-u şəbəkənin təsisçisi olan «İslam, Demokratiya və İnsan Haqları Mərkəzi»nə müraciət edərək 2012-ci ildə zəlzələ zonalarında (Zaqatala, Balakən, Şəki, Qax və s rayonlarda) abidələrə dəyən ziyan barədə məlumat istəyib.

Fond müxtəlif ölkələrdə təbii fəlakətlərdən və başqa münaqişələrdən ziyan çəkən tarixi- mədəni abidələrin monitorinqini aparır və hesabatlar hazırlayır.

Aytəkin İmranovanın bildirdiyinə görə, «Tarix-mədəni və təbii irsi qoruma Komitəsi» 2012-ci ilin sonu - 2013-cü ilin əvvəlində əraziyə səyahətlər edib və monitorinq aparıb: «Yerli sakinlərlə, muzey direktorları ilə, yerli bərpa qurumlarının mütəxəssisləri, Şəkidə icra hakimiyyətinin memarlıq-tikinti şöbəsinin əməkdaşları və şəhərin baş memarı ilə görüşlər keçirdik».

DAĞLARDA VƏ QƏDİM QALALARDA UÇMALAR BAŞ VERİB

Komitənin əlaqələndiricisi ərazidə böyük sayda abidələr cəmləşdiyindən, ölkədə mövcud olan tarix-memarlıq qoruqlarının ikisinin bu ərazidə (Şəki və Zaqatala) yerləşdiyindən, abidələrin ancaq az bir qisminin real vəziyyəti ilə tanış olmaq imkanlarının olduğunu deyir: «Maraqlıdır ki, şifahi məlumatlara görə, ancaq dağlarda və mağara tipli qədim qalalarda uçmalar baş verib. Şəki şəhərində qala divarlarının da müxtəlif hissələri dağılıb, qədim binalarda daha çox müşahidə olunan müxtəlif ölçülü çatlar, fundamentin laxlaması nəticəsində döşəmə və divarların çökməsi baş verib. Bu səbəbdən əksər abidələrdə və tarixi yaşayış binalarında tavan və dam örtüyü ziyan çəkib, hətta çöküb, bəzən yaranan deşiklərdən qar və yağış binaların içinə hopub. Ancaq fasad deyil, həmçinin daxili görünüş də korlanıb. Əsas görünən zədələr qapı və pəncərə çərçivələri ətrafında çatlar və laxlamış daşların tökülməsi, dam və döşəmə örtüyünün divarlardan aralanması , çökməsi və əyilməsi formasında özünü büruzə verir».

TƏCİLİ ÖZÜL MÖHKƏMLƏNDİRİLMƏLİ, DAM ÖRTÜKLƏRİ DƏYİŞDİRİLMƏLİDİR!

Aytəkin İmranova tam dağılmasa da, davamlı zəlzələlər nəticəsində binaların özülünün ciddi laxladığını görüb: «Yaranmış çatlar və dam örtüyünün uçmaları həmin abidələri mümkün olan növbəti təbii və texniki vibrasiyaya dözümsüz edir və uçma təhlükəsi yaradır. Ona görə də, təcili abidələrin özülü və divarlar möhkəmləndirilməli, dam örtükləri dəyişdirilməlidir».

ABİDƏLƏR İLLƏRLƏ ƏSL BƏRPADAN MƏHRUM OLUBLAR...

Tarixi- memarlıq abidələrinin mühafizəsi və bərpasına ayrılan vəsaitin illər boyu artan büdcəyə heç də mütənasib olmadığını söyləyən Aytəkin xanım bu abidələrin illər boyu əsl bərpadan məhrum olduqlarını bildirir:

«Onların üzərində ancaq bəzi kosmetik təmir işləri aparılıb. Həm yerli icra hakimiyyəti, həm bərpa emalatxanaları, həm mütəxəssislər, ekspert və vətəndaş cəmiyyəti bu istiqamətdə imkan çərçivəsində fəaliyyət göstərməyə maraqlıdırlar. Ancaq bərpa işlərinə böyük vəsait tələb olunduğundan və bu iş mərkəzləşmiş qaydada aparılmalı olduğundan, bu məsələdə birbaşa hökumətin dəstəyi və yardımına ehtiyac var».

MƏSCİD TƏHSİL ŞÖBƏSİNİN BALANSINDADIR

Komitənin əlaqələndiricisi illər boyu bəzi abidələrin təyinatı üzrə istifadə olunmadığına da diqqət çəkdi: «Məsələn Şəkidə qeydiyyata XIX əsrin abidəsi kimi alınan, amma bəzi məlumatlara görə tarixi XVI əsrə qədər uzanan məscid uşaq bağçası kimi yerli təhsil şöbəsinin balansındadır... Uzun illərdir baxımsızlıqdan və bərpa olunmadığından nə bağça kimi, nə də məscid kimi fəaliyyət göstərir və acınacaqlı vəziyyətdədir...Yerli icma hətta öz fiziki qüvvəsinin bərpa işlərinə cəlb olunmasına və məscidin öz tikilmə məqsədi üzrə istifadəsi yönündə arzularını səsləndirdi».

TAM HESABAT İCTİMAİYYƏTƏ TƏQDİM OLUNACAQ

Komitənin əlaqələndiricisinin fikrincə, ərazi tarixi abidələrin mövcudluğu baxımından çox zəngindir və böyük turizm potensialı var: «Bu istiqamətdə işlərin davamlı izlənməsi «Tarix-Mədəni və Təbii İrsi Qoruma Komitəsi» tərəfindən nəzərdə tutulub və hesabat tam hazır olanda ictimaiyyətə təqdim ediləcək».
XS
SM
MD
LG