Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:39

Azərbaycanın 15 yaşlı məktəbliləri 65 ölkə arasında 64-cü olub


Məktəblilər
Məktəblilər
-
Azərbaycanın 15 yaşlıları təhsil səviyyəsinə, həyati bacarıqlara hazırlığa görə 65 ölkə arasında axırdan ikinci yerdədir. Yəni yalnız Qırğızıstandan irəlidə.
İKİLİ STANDART?
Bu, dörd il əvvəlin statistikası və 2009-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) PİSA (The Programme for International Student Assessment- Beynəlxalq Tələbə Dəyərləndirməsi Proqramı) testinin nəticəsidir.
Son dörd ildə Azərbaycanın göstəricisinin dəyişib-dəyişməməsi bəlli deyil, çünki ölkə üç ildən bir aparılan dəyərləndirmələrin yalnız ikisinə – 2006 və 2009-cu illərin dəyərləndirmələrinə qatılıb və 2012-ci ilin testində iştirak etməyib.

Təhsil naziri Misir Mərdanov 2009-cu ilin dəyərləndirməsini «ikili standart» adlandıraraq tam obyektiv saymayıb: “İkili standartlar var. Ona görə də biz öz işimizi aparmalıyıq və bir nəticə çıxarmalıyıq. Lakin həmişə bilməliyik ki, dünyada ikili standartlar var, olub və olacaqdır».

Təhsil 1

2009-cu ilin PİSA imtahanlarında oxu üzrə Azərbaycan 362 bal toplamaqla 64-cü yerdə qərarlaşıb. Yəni 2006-ci ilin nəticəsi ilə müqayisədə 10 pillə geriləyib. Həmin il Azərbaycan 353 balla 54-cü yeri tutubmuş. 2006-cı il testinə cəmi 57 ölkə qatıldığından, elə o dövrdə də Azərbaycan lap son yerlərdə qərarlaşıb.

Azərbaycanın nisbətən yüksək nəticə göstərdiyi fənn riyaziyyat olsa da, 2006-ci illə müqayisədə burada da geriləmə var– 431 balla 45-ci yer. 2006-ci il testi daha uğurlu sonuclanıb – 33 yerlə. 2009-cu ildə təbiət elmləri üzrə sınaqların nəticəsi də açıq-aşkar geriləməni göstərir – 63-cü yer. 2006-cı ildəki nəticədən 8 pillə geriləmə baş verib.
PİSA testləri 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri sahəsində bacarıqlarını sınayır. Proqramın devizi “Yaşamaq üçün öyrənmək!”dir.

Testdən bir suala baxaq. Şimali Afrikada yerləşən Çad gölünün miladdan öncə və sonrakı dərinliyi qrafik şəklində göstərilir və tələbədən indi gölün dərinliyinin neçə metr olduğu soruşulur. Yəni bu suala cavab vermək üçün, sadəcə, qrafikə diqqətlə baxmaq yetər.

PISA TƏƏSSÜFLƏNİR
PİSA-nın Təhsil Kollegiyası direktorunun müavini Andreas Schleicher AzadlıqRadiosunun sorğusuna cavabında Azərbaycanın 2012-ci ildə PİSA-ya qatılmamasından təəssüfləndiyini bildirir:
“Azərbaycan 70-dən çox ölkə arasında bu cür davranan ikinci ölkədir və ona görə də 2012-ci ilin hesabatında onunla bağlı məlumat olmayacaq. Digər tərəfdən PİSA-da iştirakçı ölkələrin sayı artmaqdadır. Ola bilsin, Azərbaycan 2015-ci ildə yenidən dəyərləndirməyə qatılsın”.
Bəs PİSA Azərbaycana təhsil islahatlarına dair hər hansı tövsiyə veribmi? Andreas Schleicher bildirir ki, Azərbaycan üçün ayrıca tövsiyələr hazırlanmayıb: “çünki bu, hökumətlərin xahişi elə edilir”.
Təhsil Nazirliyi
Təhsil Nazirliyi
Deyəsən, Azərbaycan heç 2015-də də bu testə qatılmayacaq. Təhsil Nazirliyi ötən il PİSA-ya qatılmamasını nəticələrdə dəyişiklik gözləməməsi ilə əsaslandırıb. Belə ki, 2006 və 2009-cu illərdə həmin testə qatılan şagirdlər köhnə kurrikulumla təhsil alanlar olub. “İndi məktəblərdə yeni kurrikulum, yeni məzmun tətbiq olunur. 15 yaşlıların bu kurrikuluma çatması nəinki 2012-ci, heç 2015-ci ildə də baş verməyəcək” – Təhsil Nazirliyi təhsil sektorunun inkişafı üzrə ikinci layihənin əlaqələndirmə qrupunun direktoru Elvin Rüstəmov bunu deyir və sözlərinə belə davam edir:
“AZƏRBAYCAN TƏHSİLDƏ ÖZ MƏZMUNUNU YARADIR”
– Təhsil Nazirliyinin mövqeyi belə olub ki, nəticələrdə elə bir dəyişiklik gözləmiriksə, niyə pul xərcləyib bu testdə iştirak edək? Bir az vaxt verək, məzmun islahatları gəlsin, 15 yaşlıları da əhatə etsin, sonra qatılaq və fərqini də görək.
– Müvəqqəti də olsa, əməkdaşlıqdan geri çəkilmək nə dərəcədə düzgündür? Axı həmin cədvəl üzrə yüksək göstəriciləri olan ölkələr belə davranmır.
– Azərbaycanda çox ciddi məzmun dəyişiklikləri gedir. Azərbaycan öz məzmununu yaradır. Qoyun bu məzmun 15 yaşlılara çatsın, görək, nəticəsi nə olur... Sonra üç ildən bir qatılıb o boşluqlar üzərində işləmək olar. Nazirlik təhsildə ciddi dəyişiklik baş vermədən bu testlərdə davamlı iştirakda anlam görmür.
– Dediyiniz məzmun dəyişikliyinin mahiyyətini bir az açıqlaya bilərsiniz? Əvvəlki məzmun nə idi, indi nədir? Nəyi dəyişdirmək istəyirsiniz?
– Qısaca desək, indi ümumtəhsil məktəblərində tətbiq olunan kurrikulum daha çox nəticəyönümlü və şagirdyönümlüdür. Əvvəl yazılırdı filan əsəri keçmək lazımdır. Bilinmirdi niyə məhz o əsəri? İndi isə məzmun deyir ki, hansı əsərin keçilməsi vacib deyil, əsəri dərslik müəllifləri müəyyənləşdirsin, əsas olan şagirdin öz fikrini düzgün ifadə edə bilməsidir. Yəni son nəticə bacarıq üzərində formalaşıb, əsəri öyrənmək deyil, fikrini ifadə etmək nəticə sayılır.

PİSA nəticələrinin niyə geniş ictimai müzakirəyə çıxarılmamasına gəlincə, Elvin Rüstəmov ölkədə mövcud beyin mərkəzlərinin bu dəyərləndirməni “pis-yaxşı” müzakirə etdiyini söyləyir:

“Məqsədimiz o deyil ki, külli miqdarda pul xərcləyək, bütün müəllimləri maarifləndirək ki, PİSA-nın nəticələri belə olub. Bütün müəllimlər onu bilməyə də bilər. Əsas odur PİSA-nın nəticələrini təhsil üzrə beyin mərkəzləri təhlil etməlidir”.

Xatırladaq ki, kurrikulum təhsilin məzmunudur, PİSA dəyərləndirməsi onu deyil, 15 yaşlı uşaqların müasir həyata hazırlığını, çağdaş yaşamın tələblərini yoxlayır. Yəni PİSA kurikulum üzrə qiymətləndirmə deyil. Bu testlər şagirdlərin qazandığı bilikdən yararlanma, problemləri çözmə, təhlil, mühakimə, ünsiyyət qurmaq qabiliyyətlərini, bir sözlə “Yaşamaq üçün öyrənmək” bacarığını qiymət­lən­dirir.

UŞAQLARIN VƏRDİŞLƏRİ YOXLANACAQ

Məleykə Abbaszadə
Məleykə Abbaszadə
TQDK sədri Məleykə Abbaszadə də AzadlıqRadiosuna müsahibəsində PİSA-nın bir proqrama bağlı olmadığını vurğulayır. TQDK sədri PİSA-dan geri çəkilməyə dair hökumətin qərarını şərh etmək istəməsə də, bir məqamı vurğulayır ki, PİSA-nın məqsədi – yəni gənclərin müasir həyata hazırlıq səviyyəsi – hər bir hökumət üçün vacib məsələdir.

Məleykə Abbaszadə ötən il buraxılış imtahanlarının nəticələrinin də ürəkaçan olmadığını vurğulayır və əlavə edir ki, 5-ci siniflərdə monitorinq imtahanlarında uşaqların kompetensiyası – səriştəsi, onların nə dərəcədə yeni biliyi qavrayıb daha yeni bilik yaratmaq, aldığı biliyi tanış olmayan situasiyada tətbiq etmək bacarığı yoxlanacaq:

“Müasir dünyada informasiya bolluğu var. Gənc bu informasiya bolluğunda üzməyi bacarmalıdır. Biz ona üzməyi öyrədirik. Kompetensiya o deməkdir ki, insan informasiya bolluğunda ona lazım olan informasiyanı alıb istifadə etməyi bacarsın”.

Məleykə Abbaszadə bildirir ki, uşaqların yalnız 3-4 faizi xüsusi istedadlı olur, ancaq orta intellektual səviyyədə olanların bu bacarıqlara yiyələnməsi üçün ölkədə keyfiyyətli təhsil sistemi olmalıdır. Yəni şagirdlər biliyi əzbərləməyi yox, konkret yaşamağı və işləməyi bacarmalıdır:

Təhsil -2

Azərbaycanın qoşulduğu TIMSS (Trends in Mathematics and Science Study – riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətini qiymətləndirmə tədqiqatı) və PIRLS (Progress in International Reading Literacy Study – oxunun və qavramanın keyfiyyətini öyrənən beynəlxalq qiymətləndirmə tədqiqatı) beynəlxalq dəyərləndirmə proqramları isə şagirdləri yaşına görə deyil, kurrikuluma görə qiymətləndirir. TIMSS hər 4 ildən bir IV və VIII sinif şagirdləri arasında aparılır. PIRLS hər 5 ildən bir IV sinif şagirdləri arasında aparılır.
“Yoxsa Azərbaycanda təzadlı vəziyyət yaranıb. Ali məktəbi bitirib, əlində diplomu, əmək bazarında tələbat var, iş yerləri var, ancaq məzunların bilik səviyyəsi əmək bazarının tələbatına uyğun deyil”.

GÜZGÜNÜ VURUB SINDIRMAQ

Təhsil üzrə ekspert Əlövsət Osmanlı Azərbaycanın PİSA testlərindən geri çəkilməsini alqışlamadığını bildirir:

“Cənubi Koreyaya baxın, onlar cədvəldə ikinci yerdədir. Ancaq onlar maraqlıdırlar ki, təhsil sistemlərini yoxlayan etibarlı qurum olsun. Dəyərləndirmənin nəticəsinə uyğun olaraq əyər-əskiklərini düzəltsinlər. Bizimkilərsə güzgüyə baxıb özünü düzəltmək əvəzinə vurub güzgünü sındırır”.

Ekspert Türkiyə təcrübəsinə diqqət çəkir. Belə ki, 2010-cu ildə ana müxalifət partiyası CHP-nin başqanı Kamal Kılıcdaroğlu Təhsil Nazirliyini sərt tənqid edib və ölkənin PISA-2009-da 42-ci yeri tutmasının səbəbini soruşub. Bir müddətdən sonra Türkiyə təhsil naziri vəzifədən uzaqlaşdırılıb. Rusiyada da PİSA dəyərləndirməsinin nəticələrinin necə dartışıldığını İnternet portallarından da görmək olar.
XS
SM
MD
LG