Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:26

Zeynəb Xanlarova: «Məni bu işə qarışdırmayın»


Zeynəb Xanlarova
Zeynəb Xanlarova
-
«Yeganə istəyim odur ki, Tale adlı adamı mənim adımdan istifadə edərək həbsdə saxlamasınlar, vəssalam. Mən bu işi təsdiqləyə bilmərəm. Mən Allahdan qorxan adamam. Çünki bilmirəm bu işi kim eləyib». Xalq artisti, deputat Zeynəb Xanlarova «Yeni Müsavat»a belə deyib.

«BİR DƏNƏ ŞÜŞƏDİR ATIBLAR HƏYƏTƏ, NƏ OLSUN?»

Zeynəb Xanlarova onun bağ gözətçisinin «102» xidmətinə zəng etməsi haqda Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovun dediklərinə də aydınlıq gətirib: «Mənim gözətçim zəng eləyib. Sonra mənə zəng edib ki, Zeynəb xanım, belə bir şey olub. Yalnız ondan sonra mən nazirə zəng elədim ki, gözətçim belə bir söz dedi. Narahatçılığımı bildirdim ki, bəs, bu, nə olan məsələdir. Nazir dedi nigaran qalmayın, kim bunu edibsə, həbs edəcəyik».

Xalq artisti bildirdi ki, o, Tale adlı şəxsdən şikayətçi olmayıb:

«Nardaranlılar ömrü boyu mənə hörmət edib, onlardan heç vaxt hörmətsizlik görməmişəm. Bu adamın adının hallandırılmasından sonra nazirin köməkçisi ilə danışdım ki, bəs, bu, nə məsələdir. Dedim xahiş edirəm nə edirsinizsə-edin, amma tanımadığım adamla mənim adımı yanaşı çəkməyin, məni bu işə qarışdırmayın. Kim eləyibsə, təbii ki, cəzasını almalıdır. Amma axı mən deyə bilmərəm bunu kim edib. Bir dənə şüşədir atıblar həyətə, nə olsun? Elə qonşunun da bağına atıblar. Sadəcə mitinq vaxtı belə bir şey olub. Bizim bağın da qabağı açıqdır, ora-bura atıblar, atdıqlarından biri də bizə düşüb. Mən gedib baxdım, bağda heç nə yoxdur. Bunlar məsələləri şişirdib dağ başına qoyublar».

ZEYNƏB XANLAROVA İMTİNA ETSƏ DƏ, ƏLİ HƏSƏNOV DANIŞDI

Zeynəb Xanlarova son günlər mətbuatın onun haqqında yazdıqlarına münasibət bildirməkdən imtina edib.

Əli Həsənov
Əli Həsənov
Ancaq Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənov xalq artisti haqda iqtidaryönlü mətbuatda gedən yazılara münasibət bildirib. O, APA-ya deyib:

«Zeynəb xanım Azərbaycan mədəniyyətinin çox görkəmli nümayəndələrindən biridir. Neçə illərdir xalqımızı ölkə daxilində və xaricdə tərənnüm edir, SSRİ-nin, sovet və müstəqil Azərbaycanın ən yüksək fəxri adlarını, orden və medallarını daşıyır. O, həm də tanınmış ictimai xadimdir, Azərbaycan parlamentində öz seçicilərini təmsil edir».

ƏLİ HƏSƏNOV: «ZEYNƏB XANIM BÜTÜN DÖVRLƏRDƏ ÖLKƏ RƏHBƏRLİYİ İLƏ YAXIN TƏMASA MALİK OLUB»

Əli Həsənov həmçinin müxalifət qəzetlərinin bu mövzuda yazdıqlarına da münasibət bildirib:

«Zeynəb xanım həmişə dövlətə və dövlətçiliyə xidmət göstərib, bütün dövrlərdə ölkə rəhbərləri ilə yaxın təmasa malik olub, hakimiyyətlə birbaşa bağlığı ilə tanınıb. Hələ indiyə qədər Zeynəb xanımı öz tərəfinə çəkmək, müəyyən siyasi məqsədlər naminə istifadə etmək heç bir müxalifət partiyasına və yaxud müxalifətçiyə nəsib olmayıb. Bugünkü müxalifət də təpədən-dırnağa qədər öz dövlətinə və millətinə bağlı olan bu insanı, nə qədər çalışsa belə, hakimiyyətə, ölkə başçısına qarşı qoya bilməyəcək».

«O BƏZƏN BƏYANAT VƏ AÇIQLAMALARINI EMOSİONAL FORMADA SƏSLƏNDİRİR»

Şöbə müdiri Zeynəb Xanlarovanın Azərbaycan mədəniyyət xəzinəsinin incilərindən biri olduğunu söyləyib: «O, mahir sənətkardır, lakin yetkin siyasətçi deyil. O, bəzən bəyanat və açıqlamalarını emosional formada səsləndirir, onları ütülü formaya salaraq cəmiyyətə təqdim etmir. «Kaspi» qəzeti də, əlbəttə, nə qədər iqtidaryönlü olursa-olsun, bəlli bir jurnalist kollektivinin çalışdığı müstəqil mətbuat orqanıdır. Hər bir media vasitəsi kimi, «Kaspi»nin də öz dəst-xətti, fərqli üslubu var, burada çalışanlar ölkədə baş verən hadisələrlə bağlı məxsusi mövqeyə malikdirlər. Onlar da Zeynəb Xanlarovanı daim öz yanlarında, düşündükləri, təsəvvür etdikləri kimi görmək istəyirlər. Burada qeyri-adi bir şey yoxdur. Lakin hakimiyyət olaraq biz Zeynəb Xanlarovanı daim dövlətin, dövlətçiliyin və xalqın tərəfində görürük. Zeynəb xanımı Əkrəm Naibov, Rüstəm İbrahimbəyov kimilərinin sırasında görmək istəyənlər yanılırlar.

Taleh Bağırzadə
Taleh Bağırzadə
O ki qaldı Zeynəb xanımın Daxili İşlər Nazirliyinin açıqlamasına münasibətinə, qeyd etməliyəm ki, daxili işlər orqanlarının başlıca vəzifələrindən biri ölkədə sabitliyi, ictimai asayişi, vətəndaşların mülkiyyətini, əmlakını qorumaq, habelə bu işə xələl gətirən insanları müəyyənləşdirərək məsuliyyətə cəlb etməkdir. Zeynəb xanımın reaksiyasına Daxili İşlər Nazirliyi münasibət bildirib və bu məsələni artıq bitmiş hesab etmək olar».
İqtidaryönlü «Kaspi» qəzeti xalq artisti haqda yazıb: «Sovet hökumətinə xidmətlərinə görə qəhrəman olmuş adamların bu gün də ictimai rəylə məharətlə oynamalarına adam valeh olmaya bilmir. Görünür, Allah bu adamlara istedadın bütün növlərindən verib. İctimai rəylə oynamaq siyasətçilərin, necə deyərlər, məşğuliyyətidir, amma heç kim səhnədə atılıb-düşən politoloq təsəvvür etmir. Müqayisə aparmağımız qüsurlu olsa da, köhnə fikri xatırlatmağımız yerinə düşər: artistlik yaxşı şeydi, amma həyatda yox, səhnədə...».

Bu ilin aprelində ilahiyyatçı Taleh Bağırzadə və onun sürücüsü həbs olunub. Onların üstündən narkotik və silah tapıldığı bildirilir. Daha sonra hüquq-mühafizə orqanları bildiriblər ki, Taleh Bağırzadənin öyrətdiyi adamlar onun həbsinə etiraz olaraq, Zeynəb Xanlarovanın bağ evini və Bakı şəhər İcra Hakimiyyətini yandırmaq istəyiblər. İlahiyyatçının vəkili bu ittihamların saxta və qurama olduğunu, Taleh Bağırzadənin çıxışlarına görə saxlandığını söyləyir.
XS
SM
MD
LG