Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:06

Rasim Qaraca. Bizim xəyal gücümüz


Rasim Qaraca
Rasim Qaraca
-

Uşaq yaşlarında övladına bir ulduz bağışlayan ata-ana artıq həyatının ən önəmli görəvini yerinə yetirmiş sayılır.


Rasim Qaraca


BİZİM XƏYAL GÜCÜMÜZ


İnsanın ən böyük qazancı nədir bilirsinizmi?

Bəs, insanın ən böyük uğursuzluğu?

Birinci suala indi cavab verirəm, ikinciyə ən sonda.

İnsanın ən böyük qazancı onun xəyal gücünün olmasıdır. Biz Kosmik Təfəkkürün bir parçasıyıq, insana sonsuzadək düşünmək, xəyal qurmaq imkanı verilib, fantaziyalarımızın qarşısını alacaq heç bir hədd və hüdud olmamaqdadır. Lakin çeşidli səbəblər üzündən insan bu yeganə, mislisiz sərvətdən özünü məhrum edir.

Fantaziyalar ürətən sənət adamları bu qeyri-adi bacarıqlarına görə hörmətə layiqdir, onların əsərləri də buna görə qiymətləndirilir - kim daha çox xəyal qura bilir və ya bilər. Biz xəyal gücümüzü qanadlandıran əsərləri əbədi olaraq yaddaşımıza yazırıq, xəyal gücümüzü alovlandıran qaynaqları durmadan soraqlayırıq və axtarıb tapırıq.

Elm və texnikanın fantastik oyuncaqları bizi yaşamağa həvəsləndirir, romanlar, filmlər, rəsm əsərləri həyatımızı mənalandırır. Şairlər buna görə özəl insanlardır: sözlərin kiçicik kombinasiyası ilə bizim xəyal dünyamızda böyük dalğalanmalar yaratmağı bacarırlar. Avtoritar hakimiyyətlər xəyal motoru güclü olan insanların susmasında maraqlıdır, buna görə şairlər, sənət adamları satın alınır. Xəyal gücü olmayan insanları idarə etmək çox asandır.

Riçard Baxın "Meraklılar" adlı romanında dağ gəlinciklərinin həyatından bəhs olunur. əsərdə belə bir səhnə var: müəllim dağ gəlinciyi öz şagirdlərini - balaca dağ gəlinciklərini yanına salıb bir təpənin üstünə qalxırlar və göyüzündəki ulduzları seyretməyə başlayırlar. "Kainatda milyonlarca ulduz var və bu ulduzlardan biri sizindir. Tamamən sizin. Onu görən kimi tanıyacaqsınız. Həyatın qarşınıza çıxardığı imtahanlarda və çətin günlərinizdə o ulduz hər zaman sizinlə olacaq."

Uşaq yaşlarında övladına bir ulduz bağışlayan ata-ana artıq həyatının ən önəmli görəvini yerinə yetirmiş sayılır. Yəqin bütün bunlara görədir, uşaq yazarları bizim ən çox sevdiyimiz yazarlardır və qəlbimizin ən dərinliklərində onlara sayqıyla yer veririrk, böyük yaşlarda oxuduqlarımızı tezliklə unuda bilirik. Bizim xəyal quşumuzu qanadlandırdıqları üçün onlara olan minnətdarlığımız sonsuzdur.
Bəlkə də buna görə insan öz uşaqlıq ideallarına sadiq qalmalıdır, nəyin bahasına olursa olsun onu qorumalı, ötəri şeylərə qurban verməməlidir.

Ancaq həyatda biz bunun əksini görürük. İnsanlar özlərinin kiçik maraqları üçün, yeganə misilsiz sərvətləri olan xəyal güclərindən vaz keçirlər. Özəlliklə idarəçilik aparatları, firma və ya dövlət olsun, öz təbəələrinin xəyal gücünü mümkün qədər buxovlamağa çalışır.

Müxtəlif dinlər, idealogiyalar insanın xəyal gücünü əlindən almaq üçün birər vasitələrdir. İnsanlıq keçmişin "olmaz" işarətləri ilə dolu olan qaranlıq labirintindən bizim bu günlərədək milyonlarca qurbanlar verərək gəlib çıxmışdır. Hər şey yalnız bir şeyin naminə edilmişdir: İnsan xəyallarının qarşısında heç bir sədd olmamalıdır. Azadlıq məqsəd deyil, vasitədir: Azadlıq insanın öz xəyalları ilə baş-başa qalacağı bir dünyadır. Buna görə qiymətlidir. Buna görə çətinliklə əldə ediləndir.

İkinci suala cavab vermək istəyirəm. İnsanın ən böyük uğursuzluğu - öz xəyal gücünü satmasındadır. İstər pula, istər şöhrətə, istərsə rifaha. Öz uşaqlığına xəyanət edən insan ən rəzil insandır.

Qaynar.info
XS
SM
MD
LG