Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:02

"Mirzə Cəlillə Axundov sifarişlə yazıblar. Axundov mason idi" (Debat)


Rüstəm Kamal və Qan Turalı
Rüstəm Kamal və Qan Turalı
-

Qan Turalı: "Həmid, dirilmə adı ilə camaatın doqquz yaşlı qızını..."

Həmid Herisçi: “Doqquz yaşlı qızları nəinki mollalar, eyni zamanda materialistlər də zorlayıblar”

Rüstəm Kamal: "Mirzə Şəfi Vazeh, Abbasqulu Ağa Bakıxanov mənasız şairlərdir".


Azadlıq Radiosunun “Pen klub” proqramında “Ədəbi oğurluqla ədəbi təsirlənmənin sərhədi hardan keçir?” debatına tənqidçi Rüstəm Kamal, yazıçılar Həmid HersiçiQan Turalı, Müəllif Hüquqları agentliyinin şöbə müdiri Xudayat Həsənli qoşulublar.

DINLƏ


Rüstəm Kamal:

- Təsirlənmə ilə plagiatın sərhədi həm var, həm də yoxdur. Klassik ədəbiyyata nəzər yetirsək, biz necə deyə bilərik ki, Füzuli “Leyli Məcnun”u Nizamidən oğurlayıb, yoxsa təsirlənib? Hələ demirəm ki, Nizaminin, Nəsiminin adı ilə şeir yazanlar olub. Bunu etno-mədəni hadisə kimi hara, necə aid edək? Azərbaycan ədəbiyyatında oğurluq faktının dərki on yeddinci əsrdən başlayıb. Sadiq bəy Əfşar ad çəkmədən yazır ki, bu gün filan şair qırmızı-qırmızı, utanmadan mənim şeirimi öz şeiri kimi oxudu. Orta əsrlərdə “Qurani-Kərim”dən, “Bibliya”dan götürülmə süjetlər var idi. Biz bunu oğurluq kimi qələmə verə bilmərik. Nizami “Xəmsə”ni “Beş kitab”dan götürüb. Yəni “Xəmsə”nin modeli Nizaminin kəşfi deyil, hind modelindən mənimsəmədir. O ki qaldı, Mirzə Cəlilin “Ölülər” əsərinin oğurluq olmağına, bu məsələ ilə razı deyiləm. Bir İran hekayə ustası var – Sadiq Hidayət, Çexovdan o qədər mənimsəmələri var, amma bir İranlı demir ki, Sadiq Hidayət oğurluq edib. Moris Meterlinkdən ən çox təsirlənən Aleksandr Blok olub. Blokşünaslardan kimsə demir ki, bu, oğurluqdur. Yaxud Puşkinin poemalarından və lirik şeirlərindən başqa yerdə qalan bütün əsərlərinin süjetləri hamısı başdan ayağa mənimsəmədir.


“Mirzə Cəlillə Axundov yad qüvvələrin sifarişi ilə yazıblar”


Həmid Herisçi söhbətə telefon xətti ilə qoşulur:

- Hər ədəbiyyatın bir başlanğıc nöqtəsi var. Azərbaycan ədəbiyyatının başlanğıc nöqtəsi Nizami və Xaqaninin yaradıcılığıdır. Çünki onlar orijinaldır, hind mədəniyyətindən təsirlənmə deyil. Məsələn, “İsgəndərnamə”nin “Şərəfnamə” hissəsi Aristotel, “İqbalnamə” isə Platonizm fəlsəfəsi üzərində qurulub. Xaqani “Töhfətül-İraqeyn” əsəri ilə şərqdə ilk realizm ədəbiyyatının əsasını qoydu. Bu iki klassikdən başlayan minillik Azərbaycan ədəbiyyatı ki var, burda həm realizm, həm epizm, sufilik öz əksini tapıb, bu ədəbiyyat mistik, magik ədəbiyyatdır. XIX əsrdən başlayaraq bizim ədəbiyyatda qısaqapanma oldu və Axundovun, Mirzə Cəlilin yaradıcılığına yeni mövzular gəldi. Bu, Azərbaycan ədəbiyyatının öz daxili dinamikasından, inkişaf yolundan yaranıb, yoxsa tamam yad təsirlərlə? Məsələn, “Hacı qara” bütünlüklə Molyerin məşhur “Xəsis” əsərindən götürülüb. Cəlil Məmmədquluzadənin həm jurnalistika, həm də ədəbi yaradıcılığında rus jurnallarından həddən artıq çox iqtibaslar var. Cəlilin yaradıcılığından yüzlərlə monoqrafiyalar yazılıb, bəzi adamlar Cəlilin üstündə özlərinə kariyera yaradıblar, doktor, professor olublar, amma onun yaradıcılığındakı bu məqamlara fikir verməyiblər. Bu məsələni qaldırmaqda məqsədim odur ki, min illik Azərbaycan ədəbiyyatına XIX əsrdə yad təsirlər yol tapıb. Bəzi adamlar bizim ədəbiyyatımızın Nizami və Xaqanidən yox, Cəlillə Axundovdan başladığını deyirlər. XIX əsr, onun ateizmi bizim üçün nədənsə çox böyük dövr kimi göstərilir. Mistika yaradıcılığın ana nüvəsidir, Cəlillə Axundovun isə mistika ilə çox ciddi mübarizələri olub. Məncə, onlar yad qüvvələrin sifarişi ilə bunu ediblər. Biz alimlərə yem verdik, oturub düşünsünlər. (ardı aşağıda)

Həmid Herisçi
Həmid Herisçi


“Həmid Herisçinin iki romanı var – “Əli və Nino” və “Dəli kür”... Bu adlar hər şeyi deyir”


Qan Turalı:

- Moris Meterlinkin “Müqəddəs Antoninin möcüzəsi” əsəri ilə Mirzə Cəlilin “Ölülər” əsəri arasında fərq böyükdür və plagiat iddiası yanlışdır. Ölü diriltmək məsələsidirsə, bu, Həzrəti İsanın möcüzələrindən biridir və Avropa ədəbiyyatında geniş yayılıb. O ki qaldı sifariş məsələsi, bunu Allaha tapşırıram, Allah özü bilər. (Gülür) Havadan danışmaq lazım deyil, nəyəsə iddia edirsənsə, bunun real əsası olmalıdır. Həmid yəqin sifariş, yad qüvvələr deyəndə ateizmi körükləyən yad qüvvələrdən, masonlardan danışır. “Ölülər” tamaşaya qoyulandan sonra bizim bir neçə klassikimizin, məsələn, Nəriman Nərimanovun, Sultan Məcid Qənizadənin, Hüseyn Cavidin, Nəcəf bəy Vəzirovun, Üzeyir Hacıbəyovun rəyləri çap olunub. Seyid Hüseyn yazırdı ki, “Səfillər” fransız ədəbiyyatı üçün nə idisə, “Ölülər” Azərbaycan ədəbiyyatı üçün həmin dəyərə malik əsərdir. Biz təəssüf ki, Mirzə Cəlili daha çox ictimai-sosial tərəfdən təhlil edirik, nəinki estetik tərəfdən. Mirzə Cəlil Azərbaycan nəsrinin atası adlandırılmağa son dərəcə layiq yazıçıdır. Bu yaxınlarda iranlı bir müəllif də Cəlil Məmmədquluzadəni mason adlandırmışdı. Havadan, əsası olmadan danışmaq lazım deyil. Həmid Herisçinin iki romanı var – “Əli və Nino” və “Dəli kür”... Bu adlar hər şeyi deyir. Sən kimə deyirsən?

Müəllif Hüquqları agentliyinin şöbə müdiri Xudayat Həsənli söhbətə qoşulur:

- Bu, çox aktual mövzudur. Ədəbi-bədii əsərlərin qorunması haqqında beynəlxalq konvensiya var. Şərtə görə, bu konvensiyaya qoşulan dövlət öz ərazisində digər üzvlərin müəlliflik hüquqlarını qorumalıdır. Müəllif Hüquqları agentliyinə plagiatla bağlı müraciətlər hər il daxil olur. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda plagiat faktları geniş yayılmışdır. Bu faktlar əsasən elmi əsərlər, dərsliklərlə bağlıdır. Bu dərsliklərin böyük əksəriyyəti ilə bağlı Milli Elmlər Akademiyasına, Mədəniyyət və Turizm Nazirliyinə müraciət göndərilmişdir. Ən maraqlı fakt ondan ibarətdir ki, plagiat dərsliklərə akademiklər, professorlar, elm sahəsinin ən tanınmış şəxsləri rəy verir. Və bununla da plagiatçılığı demək olar ki, qanuniləşdirirlər. Baş vermə vaxtından asılı olmayaraq, fakt aşkarlanıbsa, deməli plagiatdır. İstər on il, əlli il əvvəl baş versin. Plagiat əsərin istifadəsi, onun təkrar nəşri, hər hansı bir formada bundan bəhrələnmək müəllif hüqlarının beynəlxalq qanunvericiliyinə ziddir. (ardı aşağıda)

Proqramın aparıcısı Cavid Zeynallı
Proqramın aparıcısı Cavid Zeynallı


“Doqquz yaşlı qızları nəinki mollalar, eyni zamanda materialistlər də zorlayıblar”


Rüstəm Kamal:

- Həmid Herisçi belə mifləri tez-tez ortalığa atır və deyim ki, bunları dartışmaq maraqlıdır. Ancaq bunu deməliyəm: başa düşmürəm ki, ədəbiyyatda min illik milli ənənə nə deməkdir, o hardan başlayır, niyə filankəsdən başlamalıdır? Nizaminin və Xaqaninin yaratdığı nəzm tarixidir, poeziya tarixi deyil. Ümumiyyətlə, dini-mistik əsərlərin poeziyaya dəxli yoxdur. Məsələn, mənim fikrimcə, Yunis Əmrənin poeziyaya dəxli yoxdur, onun yaradıcılığı daha çox nəzm hadisəsidir. İnanmıram ki, nə Yunis Əmrə, nə də Şah İsmayıl Xətai özlərini şair kimi görsünlər. Əgər plagiat demək olarsa, Qoqol Dantenin “İlahi komediya”sının mövzusunu götürüb “Ölü canlar”ı yazıb. Sorokin “Çovğun” əsərində Puşkindən, Dostoyevskidən parça-parça süjet xodları, keçidlər götürüb, öz sitilini yaradıb. Özü də mükəmməl sitilisdir. İndi bunu qrafomaniya hesab edək, yoxsa postmodernizm hadisəsidir? Ümumiyyətlə, ölülər motivi XX əsrdə Azərbaycan ədəbiyyatının bətnində, cövhərində idi. Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, Abdulla Şaiqin “Məktub yetişmədi” və s... Ölülər və dəlilər motivi Azərbaycan xalqının yaşamından, psixoloji durumundan gələn motiv idi.

Həmid Herisçi:

- Böyük bədii əsərlər həmişə dini təsəvvür üzərində yaranır. Məsələn, Qorkinin “Ana” əsərində hamı ateizm axtarır, əslində isə, Müqəddəs Məryəmin başqa dekonstruksiyasıdır. Bizim müəlliflər dinlə düz gəlməyiblər, ona görə də felyetonlar, komediyalar, lətifələr yazıblar. Çünki məhz bu janrlarda məhz ateizm at oynada bilər. Nə üçün biz öz ədəbiyyatımızı XIX əsrdən başlamalıyıq? Və nə üçün XII əsrdən başlamaq istəmirik?

Qan Turalı:

- Həmid bəylə orda razılaşıram ki, bəzən ziyanlı fikirlər səslənir: bizim ədəbiyyat XIX əsrdən başlayır. Çox təəssüf ki, bunu bizim dostlarımızın arasında deyənlər də var. Qaldı ki, yad təsirlərə, Mirzə Cəlil “Xatirat”ımda yazırdı: Molla Nəsrəddini zəmanə özü yaratdı. Həmid deyir, o dövrdə qırılma olub, mistik mövzularda əsərlər yazılmayıb. Bəs Hüseyn Cavid? Öz əsərlərində mistik mövzulara kifayət qədər geniş yer vermişdi.

Həmid Herisçi:

- Özünə bir sual ver ki, nəyə görə “Füyuzat”, “Şəlalə” jurnallarının ənənələrini bu cəmiyyət dartışmadı?

Qan Tural:

- Həmid, “Şəlalə” jurnalı niyə bağlanmışdı? Çünki alan yox idi, mürtəce xətt götürmüşdü. Sən bir neçə dəfə bu fikirləri səsləndirmisən. Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, “Şəlalə”nin baş redaktoru Səbri Mürsəlzadənin ədəbiyyata nə aidiyyəti var? Bu adamlar bədii əsər yazmayıblar.

Həmid Herisçi:

- Xalq həmişə dirilmə tərəfdarı olub. Cəlillər, Axundovlar həmişə deyirdilər ki, bu dünyada dirilmə olmayacaq, ye-iç, kef çək!

Qan Turalı:

Həmid, dirilmə adı ilə camaatın doqquz yaşlı qızını... (gülür)

Həmid Hersiçi:

Bir dəqiqə, doqquz yaşlı qızları nəinki mollalar, eyni zamanda liberallar, kommunistlər, kapitalistlər, materialistlər də zorlayıblar. Bunu bir-iki yazıq mollanın adına yazmaq lazım deyil. Ona siğə-zad söhbəti ilə gülmək lazım deyil. Bu, sifarişli söhbətlərdir.

Rüstəm Kamal:

- Əvvəla, 19-cu əsr Azərbaycan ədəbiyyatının ən mənasız dövrüdür. Baxın, Mirzə Şəfi Vazeh, Abbasqulu Ağa Bakıxanov mənasız şairlərdir. İran ədəbi ənənələrinin son aqoniyasıdır. Bunu adı ilə demək lazımdır. Bəzən, Qasım bəy Zakirin satiralarından danışırıq. 19-cu əsrdə bir dənə aparıcı janr olub, o da həcvlərdir. Qasım bəy Zakir birdən-birə heç kimə lazım olmayan, mənasız təmsil yazıb və bu gün də heç kimə lazım deyil. Azərbaycan ədəbiyyatını üç zümrənin nümayəndələri yaradıb: dərvişlər, polkovniklər və komsomolçular... Mirzə Fətəli Axundov özü İran millətçisi olub. “Kəmalüddövlə məktubları ”nda Firdovsidən yetmiş sitat varsa, onun əlliyə yaxını millətçilik sitatlarıdır. Azərbaycan ədəbiyyatında iki nəfər Sasani dövrünün nostaljisini yaşayıblar: Axundov və Xaqani...

"Molla Nəsrəddin" jurnalından karikatura
"Molla Nəsrəddin" jurnalından karikatura
“Mirzə Fətəli Axundov mason lojasının üzvü olub”


Cavid Zeynallı:

- Həmid bəy, siz yad təsirlərdən danışanda, Qan Turalı dedi, yəqin masonluğu nəzərdə tutursuz. Belədirmi?

Həmid Herisçi:

- Axundovun bir çox məktubları Mirzə Melkum xanın Londondakı arxivində gizli saxlanılır, açıqlanmır. Məktublar açıqlansa, məsələ aydınlaşar...

- Rüstəm Kamal:

- Mason lojası İranda olub. Mirzə Melkum xan da həmin lojanın üzvü olub.

Həmid Herisçi:

- Mirzə Fətəli Axundov mason lojasının üzvü olub.

Rüstəm Kamal:

- Üzvü olmağı haqqında məlumat yoxdur, amma onun nizamnaməsi ilə tanış olub. Bunu məktublarında yazıb.

PROQRAMI İZLƏ
XS
SM
MD
LG