Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:30

Rusiya Ermənistanda hərbi zavodlar tikir


Ermənistan və Rusiyanın Müdafiə nazirləri Seyran Ohanyan və Sergey Shoygu mətbuat konfransında, 29.01.2013
Ermənistan və Rusiyanın Müdafiə nazirləri Seyran Ohanyan və Sergey Shoygu mətbuat konfransında, 29.01.2013
Ermənistan Müdafiə naziri Seyran Ohanyan aprelin 17-də Rusiyaya səfər edib. Görüşlə bağlı rəsmi bəyanatda deyilir ki, Ohanyan Rusiyalı həmkarı Sergey Shoygu ilə Cənubi Qafqazda təhlükəsizliyin təminatı ilə bağlı mövcud durumu, regionda sülh və sabitliyin qorunması üçün qısa və uzunmüddətli səyləri müzakirə ediblər.

Hər iki nazir Rusiya və Ermənistan arasında hərbi əməkdaşlığın artan inkişafını vurğulayıblar və əlavə ediblər ki, münasibətləri daha da inkişaf etdirmək niyyətindədirlər.

Görüşdə konkret müzakirə detalları açıqlanmır. Ancaq 3 ay əvvəl Rusiya Müdafiə naziri Shoygu hələ Yerevanda olanda bəyan etmişdi ki, növbəti 5 il üçün əməkdaşlıq planı üzərində işləyirlər.

Bəzi mənbələr budəfəki görüşdə hərbi-texniki əməkdaşlıq məsələlərinin daha geniş müzakirə edildiyini bildirirlər. Xüsusən də, söhbət Ermənistanda hərbi texnikanın istehsalı və təmiri üçün birgə zavodların tikilməsindən gedir.

Hələ o vaxt Rusiyanın yaratdığı MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının Baş katibi Nikolay Bordyuzha “Rossiyskaya qazetaya” deyib ki, söhbət tanklar, zirehli texnika, zenit kompleksləri və vertolyot silahlarının təmiri və baxımı üçün 7 təmir zavodu-servisin açılmasından gedir.

Rusiya Baş naziri Dmitri Medvedev isə Mart ayının 20-də “Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməklə bağlı” sazişi hazırlamaq üçün sərəncam imzalamışdı. Sərəncama görə, Rusiya Müdafiə nazirliyi və digər qurumlar Ermənistan tərəfinin hazırlayıb-təqdim elədiyi saziş layihəsini müzakirə edib, danışıqlara başlamalı idilər.

Rusiya mediası xəbər verir ki, bu plan çərçivəsində təmir-baxım zavodlarından əlavə Ermənistan tərəfinin yeni silahlar alması da gündəmdədir. Bu dəfə söhbət nəqliyyat və təlim üçün təyyarələr, pilotsuz uçan aparatlar və döyüş vertolyotlarından gedir.

Ümumilikdə son 2 ildə Rusiyanın güzəştli qiymətlərlə Ermənistana 1 milyard dollarlıq silah və hərbi sursat verdiyi qeyd olunur. Ermənistan öz ərazilərində Rusiya hərbi bazaları saxladığından Moskvadan güzəştli qiymətlərlə silah-sursat əldə edə bilir. Bu bazalar ən son müqaviləyə görə, azından 2044-cü ilə qədər Ermənistanda olacaq.
XS
SM
MD
LG