Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:32

İsmayıllı olaylarında yeni ittiham səslənib


İsmayıllıda aksiya - 25 yanvar 2013
İsmayıllıda aksiya - 25 yanvar 2013
-
İsmayıllı olaylarına tutulanların yaxınları onların azadlığa çıxacağını gözləyir. «Bu gün çıxar» və ya «Sabah çıxar» vədlərini eşidərkən, həbsdə olanlara yeni ittiham irəli sürülüb.

Yeni ittiham barədə məlumatı AzadlıqRadiosuna vəkil Nizami Abbasov çatdırıb. Onun dediyinə görə, əvvəlkilərdən də ağır maddələrdən söhbət gedir:

«Onlara kütləvi iğtişaşla bağlı ittiham verilib. Hamı bu işdə yüngülləşmə gözləyirdi. Ancaq birdən-birə məsələnin bu müstəviyə çıxarılması və bütün şəxslərə ağır ittiham irəli sürülməsi tamamilə başqa, həm də neqativ niyyətlərdən xəbər verir. İşdə ağırlaşma istiqaməti yaxşı hal deyil. Günahsız insanın həbsdə olması «ədalət-ədalət» deyənlərə qarşı inamsızlıq yaradır, həm də nifrət doğurur».

«BİLSƏYDİM GÜNAHI VAR, ARDINCA GETMƏZDİM»

İttiham olunanlardan biri, Anar Həsənovun atası Rasim Həsənov deyir ki, nigarançılıqdan özünə yer tapa bilmir. Kimə və nə üçün şikayət edəcəyini də bilmir:

«Onun günahı olsa, dalınca bir addım atmaram. Nə günahı var? Kimlərsə söyüş söyüb, bu da onları ayırıb. Heç nədən tutublar. Nə edəsən, kimə deyəsən?».

76 yaşlı İsmayıllı sakini Heybət Balayev deyir ki, elə ilk günündən İsmayıllıda baş verənləri izləyir. Deyir ki, bu yeni ittiham söhbəti rayonun başqa sakinlərini də, onu da heyrətləndirib:
İntiqam Əliyev
İntiqam Əliyev
«Nə ediblər ki, onlara ağır ittiham verirlər? Ola bilər, səhv ediblər, kimisə döyüblər, amma kütləvi iğtişaş nə deməkdir? Məncə, o deməkdir ki, İsmayıllının gözünü qorxudurlar, bütün Azərbaycanı dəhşətə salmaq istəyirlər. Dövlətdən incimək olmaz, dövlətin qanunu var. Ancaq gərək dövlət bu işləri qanun çərçivəsində araşdırsın. Biz başqa şey görürük. Görürük ki, pulu olmayanlar cəza çəkir. Camaatın hamısı tutulanların buraxılmasını, onların işinə qanun çərçivəsində baxılmasını istəyir».

«GÖZ QORXUTMAQ, XOF YARATMAQ»

İsmayıllı hadisələrinin monitorinqi ilə məşğul olan Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev deyir ki, regionlarda fəallıq hakimiyyəti narahat edir. Onun fikrincə, əlavə ittiham məsələsi fəallığın qarşısını almaq üçündür:

«Hakimiyyət cəmiyyətdə xof yaradır. Repressiya aparatını əməlli-başlı işə salıb. İsmayıllıda həbs olunanların hüquqları elə ilk vaxtlardan kobud şəkildə pozulur. Həmin şəxslər heç bir əsası olmadan uzun müddət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Onlara qarşı pis rəftarla bağlı məlumatlar da vardı. Əlavə ittihamın elan edilməsi ilk növbədə cəmiyyətdə qorxu, xof hissi yaratmaqdır».

Yandırılan «Çıraq» oteli
Yandırılan «Çıraq» oteli
Bir müddət əvvəl mediada İsmayıllı olaylarına qatılmış «Çıraq» otelinin inzibatçısı Emil Şəmdinov və tanışı Elməddin Məmmədovun istintaqdan yayındırılacağına dair məlumatlar dolaşırdı. Vəkil Nizami Abbasov deyir ki, istintaqda onlara hər hansı xüsusi münasibət yoxdur. Onlar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham olunurlar.

İsmayıllıda yaşayan vəkil Nəvaid Abbasov deyir ki, hadisələr baş verərkən camaat olub-bitənlərə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlunun da qatıldığını söyləyirdi:

«O vaxt Füzuli Ələkbərovun oğlu ilə bağlı ziddiyyətli fikirlər vardı. Əhalinin əksəriyyəti deyirdi ki, oğlu orda olub, ancaq sonra bu istintaq tərəfindən təsdiqini tapmadı. Qəsdən gizlətdilər, yoxsa həqiqətən də olmayıb, deməyə çətinlik çəkirəm».

İsmayıllı hadisələrinə görə hazırda 18 nəfər həbsdədir. Mayın sonunda onlar haqqında ikinci dəfə seçilən iki aylıq həbs-qətimkan tədbiri də sona çatır.
XS
SM
MD
LG