Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:27

Etibar Cəbrayıl: «Bu mənzili almağı haqq etmişəm» [Video]


Jurnalistlər üçün tikilən bina
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Jurnalistlər üçün tikilən bina

-
Duzlu-məzəli yazıları ilə seçilən köşə yazarı Etibar Cəbrayıl 16 ildir kirayələrdə yaşayır. Dörd nəfərlik ailə ikiotaqlı darısqal mənzilə sığınıb. Dediyinə görə, aldığının yarısı kirayəpuluna gedir:

«Kirayədə yaşayanların hamısı eyni kökdədir. Axı evdən başqa qaz, su, işıq da lazımdır. Bunları hesablayanda maaşımın tən yarıdan çoxu evə, kommunal xərclərə gedir. Uşaqların məktəbi, gündəlik yeməyin, nəqliyyat, telefon xərcləri, üstəlik də xeyir-şər var...».

Etibar Cəbrayılın dediyinə görə, real götürəndə, onun bu şərtlərdə ev alması mümkün deyil. Ancaq o, tezcə ümidini itirənlərdən olmadığını da deyir:

«İndi şans yaranıb, prezident sərəncamı ilə jurnalistlərə ev verilməlidir. Amma bölgünü jurnalist qurumları aparacaqlarsa... Bu qurumlara o qədər qeyri-peşəkar gətiriblər ki, seçim də o cür aparılsa, orda mənə ev veriləcəyini düşünmürəm. Ancaq deyirlər ki, mənzilləri jurnalistlərə verəcəklər, o baxımdan mən də jurnalistəm və hesab edirəm bu mənzili almağı haqq etmişəm».

Əli Həsənov
Əli Həsənov
ƏLİ HƏSƏNOV SÖZ VERDİ

Mayın 2-də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib ki, subyektiv mülahizələrlə bir nəfər də ev almayacaq:

«Mənzillər şəffaf şəkildə cənab prezident tərəfindən Azərbaycan mediasında xidməti, haqqı və ehtiyacı olanlara paylanacaq. Bu üç prinsip nəzərə alınacaq. Xidməti olanların sayı mini keçəcəksə, biz xidməti olanların içərisindən haqqı olanları arayacağıq. Onların da sayı min nəfəri keçəcəksə, ehtiyacı olanları araşdıracağıq. Yəni, üç meyarı cəmləşdirib, bu mənzilləri jurnalistlərə paylayacağıq».

MEHMAN ƏLİYEV: «ELƏ ŞƏRAİT YARADILMALIYDI Kİ, JURNALİST ÖZÜ ÖZÜNƏ EV ALA BİLSİN»

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bu seçim qaydalarına münasibət bildirmədən birbaşa faktın özünü şərh edir:

«Bu, normal deyil və əslində, jurnalistləri satın almaq deməkdir. İkincisi, orda neçə ev var? Bu gün bizdə azı 1000 jurnalist belə problemlə üz-üzədir. Onların problemini kim həll edəcək? Bəyəm bütün jurnalistlərə ev tikilməlidir? Bir də, jurnalistin müəllimdən, həkimdən fərqi nədir ki, ona ayrıca ev verilsin? Azərbaycanda elə iqtisadi, siyasi durum yaranmalıydı ki, jurnalist qazandığı pulla özünə ev ala bilsin. Bu şərait yoxdur. Həmin mənzillərin verilməsinə də rüşvət kimi baxıram».

Əli Həsənovun fikrincə, media işçilərinə mənzil verilməsi jurnalistlərin asılılığını azaltmaq məqsədi daşıyır.

İlham Əliyev və Nursultan Nazarbayev
İlham Əliyev və Nursultan Nazarbayev
«ƏLİYEVLƏ NAZARBAYEV ƏMİNDİRLƏR Kİ...»

Prezident Administrasiyası rəsmisi həmin tədbirdə bir sual da səsləndirib:

«Hansı hökumət başçısı istəyər ki, onun ölkəsində jurnalist təqib olunsun, problem yaşansın?».

Ancaq iş ondadır ki, Ümumdünya Mətbuatı Azadlığı Günündə beynəlxalq qurumlar Azərbaycanda medianın durumuna görə hakimiyyəti və onun başçısını daha çox tənqidə tutublar. Məsələn, «Sərhədsiz Reportyorlar» «İnformasiya azadlığının yırtıcıları» adlandırılan 39 nəfərlik siyahıya prezident İlham Əliyevin də adını salıb.
«Sərhədsiz Reportyorlar» dünya ictimaiyyətini iqtisadi və geosiyasi maraqların arxasında gizlənməməyə çağırıb. Təşkilata görə, məhz zəngin təbii sərvətlərinə görə, İlham Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev əmindirlər ki, heç kim onlara bir söz deməyəcək.

Azərbaycan prezidenti artıq 8-ci ildir ki, bu siyahıya düşür.

«Freedom House» qeyri-hökumət təşkilatının mayın 1-də açıqladığı hesabatda deyilir: «Azərbaycanda media azad deyil».

Hesabatda Azərbaycanda jurnalistlərə qarşı zorakılıqların artdığı və azad informasiyaya çatımı əngəlləmək üçün qanunvericiliyə dəyişikliklərin vəziyyəti pisləşdirdiyi göstərilir.
Mehman Əliyev
Mehman Əliyev

«ƏLBƏTTƏ, MƏN JURNALİSTLƏRİ QINAMIRAM»

Bu tənqidləri haqlı sayan Mehman Əliyev deyir:

«Bu gün ən böyük problem odur ki, Azərbaycan mediasının böyük bölümü hakimiyyətin nəzarətinə keçib, media kimi funksiyasını və missiyasını yerinə yetirə bilmir. Bu media obyektiv, balanslı informasiya yaymaq gücündə deyil. Durum, bax, budur. Bunun da günahkarı hakimiyyətdir. Dövlət siyasətinin nəticəsində Azərbaycan jurnalistikası bu günə düşüb. İnzibati aparatın, güc strukturlarının, həbs, zorakılıq və şantajın, o biri tərəfdən pulun qabağında durmaq çətindir. Əlbəttə, mən bu halda jurnalistləri qınamıram».

SON STATİSTİKA

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu da mayın 3-də hesabat açıqlayıb. Qurumun rəhbəri Emin Hüseynov:

«2012-ci ildə 8 jurnalist və 2 hüquq müdafiəçisi həbsdəydi. 2013-cü ildə 2 jurnalistin cəzası şərti cəzayla əvəzlənsə də, əksinə, daha bir jurnalist – Tofiq Yaqublu həbs olunub. 2012-ci ildə 200-dən artıq jurnalistə qarşı irili-xırdalı təzyiq qeydə alınıb. Bu ilin əvvəlindəsə 50 belə hal müşahidə edilib».

Ümumdünya Mətbuat Azadlığı Günü 1993-cü ildən qeyd olunur.
XS
SM
MD
LG