Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:43

İnternetdə qara yaxanlar cəzalanacaqlar


-
İndən belə elektron mediada təhqir və böhtan yazanlar məsuliyyətə cəlb olunacaq.

Mayın 14-də Milli Məclis Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci maddələrinə (təhqir) dəyişiklikləri qəbul edib.

Dəyişiklərin təşəbbüskarı Baş Prokurorluqdur.

Yeniliyə əsasən, internet informasiya ehtiyatında böhtan yaymağa görə 4 cür cəza müəyyənləşdirilib: 100-500 manat cərimə və ya 240 saatadək ictimai işlər, yaxud 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə.

İnternetdə şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldanlara (təhqir) da eyni cəzalar tətbiq ediləcək. Yeganə fərq cərimənin minimum və maksimum məbləğlərinin daha da çoxalması – 300 manatdan 1000 manatadək olmasıdır.

İNZİBATİ HƏBS MÜDDƏTİ 15 GÜNDƏN 3 AYA QALDIRILDI

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib. Məcəllənin 38.1-ci maddəsinə edilən dəyişiklikdə inzibati həbs müddətinin 15 sutkadan 3 ayadək uzadılması nəzərdə tutulub.

Deputat Əli Hüseynli bunu «mütərəqqi dəyişiklik» adlandırıb:

«Bizim model Avropa ilə müqayisədə daha humanistdir».

Qüdrət Həsənquliyev Cinayət Məcəlləsindən təhqir və böhtan maddələrinin çıxarılmasını təklif edib.

«...BİZ DƏ OLAQ 11-Cİ».

Ziyafət Əsgərov deputatın bu təklifini etirazla qarşılayıb:

«Araşdırın görək, Avropa İttifaqının neçə ölkəsində diffamasiya haqqında qanun qəbul edilib.
Ziyafət Əsgərov
Ziyafət Əsgərov
Diffamasiya haqqında qanunun qəbulu Avropa Şurası qarşısında götürdüyümüz öhdəlik deyil. Onlar təklif edir. O dövlətlərin 10-u bunu qəbul etsin, biz də olaq 11-ci».

Spikerin müavini onu da vurğulayıb ki, Azərbaycan Avropa Şurasına üzv olsa da, yerli cəmiyyət hələ də bu dəyişikliyə hazır deyil:

«Avropa Şurasının üzvüyük. Bizdə təhqirə məruz qalma namus məsələsidir. Günün birinci yarısında İqbal Ağazadə dedi ki, bir-iki uşaq təhqirə məruz qalıb. Onların cəzaçəkmə müəssisəsindəki müxtəlif şəkilləri yayılıb. Çox da düz elədi. Baxaq görək, edilən təhqirlə cəza bir birini bağlayırmı? Əlbəttə, uyğun gəlmir. Bu qanunu sırımaq istəyənlər bizə nümunə göstərsinlər».

«SOSİAL ŞƏBƏKƏLƏR VASİTƏSİLƏ ADAMLARI KÜÇƏLƏRƏ ÇIXARIRLAR...»

Deputat Fəzail Ağamalı da qanunvericiliyə böhtan və təhqirlə bağlı dəyişiklikləri dəstəkləyib:

«Xaricdən sosial şəbəkələr vasitəsilə adamları küçələrə çıxarırlar. Amma görün, o adamları sosial şəbəkələr vasitəsi ilə geri çağırmaq olurmu? Hesab edirəm ki, bu dəyişiklik vaxtında olan dəyişiklikdir».

«MAŞIN QƏZASINDAN DA ADAM ÖLÜR, SÖZ QƏZASINDAN DA»

Zahid Oruc diffamasiya haqqında qanuna toxundu:
Zahid Oruc
Zahid Oruc
«Maşın qəzası ilə söz qəzasının heç bir fərqi yoxdur. Maşın qəzasından da adam ölür, söz qəzasından da. Mən də «Facebook»da fəalam, orada yazıram. Kimsə orada yazırsa, niyə təhqirə keçməlidir? İran dini liderinin «Facebook»da öz hesabı var. O, dünya dindarları ilə bu şəbəkə üzərindən müzakirə aparır. Bundan başqa, prezident İlham Əliyevin də «Facebook» səhifəsi var. Avropa cəmiyyəti Culian Assanca qarşı niyə belə davranır? O da jurnalist idi, başına yığdığı jurnalist həmkarları ilə bəzi hesabların kodunu qırmaqla xeyli məlumatları yaydı. İndi onun ayağına hara getdiyini göstərən qurğu bağlanıb. Avropa cəmiyyəti Assanca qarşı niyə belə davranır? Mən «Facebook»da gördüyüm təhqirlər heç Azərbaycanın leksikonunda rast gəlinməyən sözlərdir».

««FACEBOOK»DAN İSTİFADƏ EDƏNLƏRİ, HAMINI MƏDƏNİYYƏTƏ DƏVƏT EDƏN DƏYİŞİKLİKDİR»

Spiker Oqtay Əsədov deputatların diqqətini məsələnin etik tərəfinə yönəldib:

«Heç bir deputat çıxışında toxunmadı ki, bu, xəbərdaredici dəyişiklikdir, insanları tərbiyəyə dəvət edən qanundur. Bu, «Facebook»dan istifadə edənləri, hamını mədəniyyətə dəvət edən dəyişiklikdir».

Hər iki məsələ səsvermədən sonra qəbul edildi.
XS
SM
MD
LG