Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:47

Xaricdə təhsilin üstünlükləri


Günay Fərzəliyeva
Günay Fərzəliyeva
-
Azərbaycandan olan tələbələr xaricdə necə oxuya bilərlər? Hansı proqramlarla əcnəbi ölkələrdə təhsil almaq mümkündür?

ABŞ-Azərbaycan Təhsil Mərkəzinin işçisi, «Yes Club»un adminlərindən olan Günay Fərzəliyeva deyir ki, xaricdə magistratura təhsilinə imkan daha çoxdur:

«Bakalavr üçün də proqramlar var. Həm dövlət proqramı, həm də universitetlərin öz xətləri ilə getmək olar. Amma dünya üzrə baxanda, bakalavr təhsili almağa getmək çox çətindir, axı proqramlar azdır, rəqabət var. Magistr üçün imkan çoxdur, özəlliklə təqaüd spesifik olanda».

ƏN ÇOX TÜRKİYƏYƏ GEDİRLƏR

Telebe.az saytının yaradıcısı Mürsəl Əliyevin fikrincə, xaricdə təhsil imkanları çoxdur:

«Hazırda xaricdə təhsil proqramlarının ən kütləvisi Türkiyə burslarıdır. İndi də elan olunub, istənilən kəs müraciət edə bilər. Təyyarə biletindən tutmuş, yaşayış xərcinədək hər şeyi ödəyirlər. Bu sistemi də özləri yoxlayırlar. Bu təqaüd proqramı birbaşa Türkiyə Baş Nazirliyinin proqramıdır».

Oley.az saytının yaradıcısı Rasim Acalov başqa proqramların da olduğunu deyir:

Rasim Acalov
Rasim Acalov
«Türkiyə proqramları ilə yanaşı, Litva və Latviyanın beynəlxalq tələbələr üçün təqaüd proqramları var. Hazırda oley.az-da 80-ə yaxın təqaüd proqramına rast gələrsən. Sadəcə, çalışmaq lazımdır ki, ortalama bal yaxşı olsun, bir də TOEFL, ya da IELTS balları olsun. Yalnız attestatla qəbul edən universitetlər də var. Üstəlik, xaricdə təhsil bir üstünlükdür. Tələbələr xaricdə təhsil ab-havasını görərlər. Ondan sonra gəlib Azərbaycanda layihələr hazırlaya, inkişafa töhfə verə bilərlər».

NÖVBƏTİ 5 İLDƏ

Günay Fərzəliyevanın fikrincə, növbəti 5 ildə xaricdə təhsil artıq kriteriya olacaq:

«Azərbaycanda xarici şirkətlər, təşkilatlar çoxalır. Çalışırlar ki, onların mədəniyyətini, təhsilini görmüş adamlarla işləsinlər. Xaricdə təhsil alanlar daha asan iş tapırlar. Xaricə gedib gələn tələbələrlə burda oxuyanlar arasında çox fərq var. Azərbaycanda təhsil almaq olar, amma xaricdə təhsilin də olmalıdır. Bu, gələcəkdə daha normal işdə çalışmaqdan ötrü çox vacibdir».

Mürsəl Əliyev Azərbaycanla digər dövlətlərin təhsil səviyyələrini müqayisə edir:

«Rüşvət və təhsilin keyfiyyəti ən böyük problemlərdir. Mən Türkiyənin bir sıra universitetlərinə baş çəkdim, onların təhsilinin keyfiyyətini, təhsil mexanizmini görəndən sonra peşman oldum ki, 5 ilimi Bakı Dövlət Universitetində keçirmişəm.
Mürsəl Əliyev
Mürsəl Əliyev
Onlarla bizim aramızda yerlə göy qədər fərq var. Düşünürsən ki, 650 bal toplayıb burda oxumaqdansa, gedib Hacettepe Universitetində oxuya bilərəm. Bir də infrastruktur məsələsi var. Kampus sistemi yoxdur burda, tələbə dərsdən sonra çıxıb ya internet kluba, ya da çayxanaya gedir».

«DİPLOM HƏDƏF OLMAMALIDIR»

Bəs xaricdə təhsil almaq üçün hansı keyfiyyətlərin olmalıdır? Günay Fərzəliyevanın fikrincə, məktəbdə, universitetdə fəallıq göstərməlisən. Axı xarici universitetlər daha çox aktivliyə, əlavə fəaliyyətlərə fikir verirlər.

Mürsəl Əliyev də aktivliyi vurğulayır, amma onun fikrincə, həm də məqsəd dəqiq olmalıdır. Tələbə bilməlidir ki, hansı universitet, hansı ixtisas ürəyincədir.

Rasim Acalov düşünür ki, universitetə daxil olmaq bir vasitədir, əsas məqsəd təhsil almaqdır. Hədəf də diplom yox, biliyini səmərəli istifadə etməkdir. Şəxsi inkişafdan başlamaq lazımdır:

«Kimsə yüksək bal toplaya bilər, amma cəmiyyət üçün yararlı olmalıdır. Hər bir gənc potensialından istifadə etməli, birinci kursdan təlimlərə qatılmalı, dilini inkişaf etdirməli, proqramlara qatılmalıdır. Təhsil almaq yetərli deyil, xaricdə təhsil də ala bilərsən, amma ətrafına təhsilinlə kömək edə bilmirsənsə, demək, yararsızsan».

Verilişi tam olaraq burdan dinlə:


XS
SM
MD
LG