Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:52

NİDA-çı Məmməd niyə cəzalandı?


Məmməd Əzizov
Məmməd Əzizov
-
Mayın 29-da həbsdəki NİDA-çılara dostları yemək və kitab aparıblar. Həbsxana nəzarətçiləri başqa NİDA-çılara gətirilənləri götürsələr də, Məmməd Əzizovun bağlamasını geri qaytarıblar.

NİDA-çı Namiq Hüseynlinin dediyinə görə, nəzarətçilər bildiriblər ki, Məmməd Əzizov həbsxananın daxili rejim qaydalarını pozduğundan cəzalıdır:

«Kürdəxanı həbsxanasında saxlanan NİDA-çılara yemək və kitab aparmışdıq. Digərlərinə gətirdiklərimizi həbsxana nəzarətçiləri götürsə də, Məmmədə gətirdiklərimizi geri qaytardılar. Bildirdilər ki, o, rejim qaydalarını pozduğundan mayın 31-dək cəzalıdır, 31-də gələk. Amma konkret nə etdiyini soruşduqda cavablamadılar. Düşünürəm ki, Məmmədi MTN-i və AzTV-ni məhkəməyə verdiyinə görə cəzalandırıblar».

MƏMMƏD 5 GÜNLÜK CƏZA KAMERASINA SALINIB

«NİDA» Vətəndaş Hərəkatının üzvü Məmməd Əzizov mayın 22-də Milli Təhlükəsizlik Nazirliyini və Azərbaycan Televiziyasını məhkəməyə verib. O, məhkəmədən MTN-nin AzTV-yə istintaq materiallarını ötürməsinin qanunsuz sayılmasını, 2013-cü il martın 9-da AzTV-də yayımlanan süjetin iddiaçının təqsirsizlik prezumpsiyasının pozuntusu kimi tanınmasını, AzTV-nin «Xəbərlər» buraxılışında ondan üzr dilənməsini istəyib.

Məmmədin vəkili Fariz Namazov bu gün – mayın 30-da onunla həbsxanada görüşüb. Deyir ki, Məmməd 5 günlük cəzalandırılıb. Buna səbəb kimi onun bəzi məişət qaydalarını pozması göstərilsə də, Məmməd vəkilinə bildirib ki, həbsxanada yoxlama zamanı şəxsi dəftərcəsinə yazdığı siyasi fikirlərinə görə cəza alıb:

«Məmmədin özü ilə görüşə icazə verdilər. Məmməd bildirdi ki, dəftərсədə hakimiyyəti tənqid edən fikirlərini yazıbmış. Bu da həbsxana rəisinin xoşuna gəlməyib və onu 5 günlük cərimə kamerasına salıblar. Mayın 30-da axşam onu yenidən kameraya köçürəcəklər. Təbii ki, Məmmədin hansısa siyasi fikrilərinə görə cəzalandırılması qanunsuzdur. Buna görə də onun cəza kamerasına salınmasını hansısa məişət qaydasını pozması kimi göstəriblər».

Mehman Sadıqov
Mehman Sadıqov
MƏHBUS NƏ VAXT CƏZALANDIRILA BİLƏR?

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyir ki, məhbusun və ya təqsirləndirilən şəxsin hansı səbəbdən cəzalandırılması yalnız onların öz razılığı ilə açıqlana bilər. O ki qaldı Məmmədin hakimiyyəti tənqid edən siyasi fikirlərinə görə cəzalandırılmasına, Mehman Sadıqov bununla razılaşmır:

«Öz haqlarının bərpası üçün mübarizə aparanlara qarşı onların cərimə təcridxanalarına salınması barədə fikirlər əsassızdır. Məhkum və ya təqsirləndirilən şəxs həbsxanada saxlanma qaydalarını kobud şəkildə pozarsa, qanunvericilikdə nəzərdə tutulan tənbeh tədbirləri, izahedici işlər öz nəticəsini verməyəndə, onları digər məhbuslardan ayırıb, cərimə təcridxanasına salırlar. Yəni, öz hüquqları uğrunda məhkumun mübarizəsinə əngəl olmaq üçün ona təzyiq edilə bilməz».

Məhkumun zamanında yatıb-durmaması, müəyyənləşdirilmiş yerlərdə siqaret çəkməməsi və bənzər qaydaları vaxtaşırı pozması cəza kamerasına salınmasına səbəb ola bilər.

«MTN-Nİ VƏ AZTV-Nİ MƏHKƏMƏYƏ VERİB DEYƏ NƏZARƏTDƏDİR»

Hüquqşünas Müzəffər Baxış konkret halda Məmmədin məhz nəyə görə cəzalandırılmasının səbəblərini bilməsə də, düşünür ki, NİDA-çını mübarizədən çəkindirmək üçün də cəzalandıra bilərlər:

«Məmmədin karserə salınması üçün həqiqətən də hüquq pozuntusuna yol verib-vermədiyini müəyyənləşdirmək çox çətindir. Axı həbsxana qapalı müəssisədir. Orada monitorinq keçirmək mümkün deyil. Bir-iki nəfər həbsxana işçisi akt tərtib edib həbsxana rəisinin qərarı ilə məhkumu karserə sala bilərlər. Məhkumları mübarizədən çəkindirmək üçün belə təzyiq vasitələrindən istifadə edilməsi mümkündür.
Müzəffər Baxış
Müzəffər Baxış
Bənzər hallar əvvəllər də dəfələrlə baş verib. Sözügedən halda MTN və AzTV Məmmədin hüquqlarını pozub. Onlar bilirlər ki, Məmmədin yerli məhkəmələrə müraciətinin əsas məqsədi bu hüquq pozuntularını Avropa Məhkəməsinə çıxarmaq, Azərbaycan reallıqlarını dünyanın, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Deməli, ən azından Azərbaycanda məhkəmə hakimiyyətinin hansı vəziyyətdə olması ictimailəşəcək. Ona görə də Məmmədin bu mübarizəsinin qarşısının alınması üçün ona qarşı təzyiqlər edilə bilər».

Müzəffər Baxışın fikrincə, Məmməd Əzizovun məhz MTN və AzTV-yə qarşı məhkəmə iddiasından sonra cəza kamerasına salınması onun nəzarətdə olması ehtimalını artırır.

Həbsdə olan ruhani Tale Bağırzadə də həbsxanada cəza kamerasına salınıb. Onun vəkili o fikirdədir ki, Tale Bağırzadə Azərbaycandakı vəziyyətlə bağlı dünya ictimaiyyətinə müraciətinə görə karserə salınıb.

Məmməd Əzizov martın 7-də «Əsgər ölümünə son» aksiyasından 3 gün əvvəl həbs olunub. Sonradan AzTV-də göstərilən və MTN-ə istinadla verilən məlumatdan belə təsəvvür yaranırdı ki, onun iğtişaş və «Molotov kokteyli» hazırlamaqda əli var. NİDA-çının vəkili indi Məmməd Əzimovun yalnız qanunsuz narkotik maddə saxlamaqda suçlandırıldığını diqqətə yetirir.
XS
SM
MD
LG