Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:50

Şabran: «Lenin»dən «Rəsulzadə»yə qalan problemlər


Şabranda Lenindən Rəsulzadəyə qalan problemlər
Gözlə

No media source currently available

0:00 0:05:08 0:00
-
Şabranda bir küçə var – əvvəllər Lenin küçəsi olub, indi Məmməd Əmin Rəsulzadənin adını daşıyır. Bu küçəyə, buradakı evlərə yolu düşən bir də gəlmək istəməz.

…Küçədə lövbər saldığımızı ilk görən sakin Azər Orucov «Elə siftəni bizdən başla» deyincə, özümüzü köhnə hasarla dövrələnmiş uçuq-sökük bir həyətdə gördük. Azər Orucov dərdini dilləndirmişdi:

«Bu gördüyün mənim evimdir. 1995-ci ildən qəzalı vəziyyətdədir. Bir-iki titrəyişə dözməyib uçacaq. Bir dəfə anam şikayət etdi, gəlib baxdılar və 1-ci dərəcəli qəzalı ev kimi qeydə alıb getdilər. Dedilər ki, gözləyin, özümüz çağıracağıq. Sonra nə oldu, bilmədik. Bəlkə də evimizin qəzalı vəziyyətdə olmasına görə pul da sildilər, ancaq xəbərimiz olmadı. İndi də tez-tez gəlib qazı, suyu, işığı kəsirlər ki, qəzalı evdən köçək gedək».

YAŞAYIŞIMIZDAN XƏCALƏT ÇƏKİRİK

Bizi otaqlara salıb bərbad divar, tavan və döşəmələri göstərən ev sahibinin deməsinə görə, ömrünü dədə-babadan miras qalan, indi də hər gün bir az da çökən bu mənzildə keçib. Ay deməyib, il deməyib, küçədən evə axan çirkab və yağış sularıyla çarpışıb. Yağış yağınca, ərazidəki başqa evlər kimi onun da evi sulara qərq olur. Elə evin qəzalı duruma düşməsinin də səbəbi budur:

«Yaşadığım ev bu otaqdan ibarətdir. Məhəllənin bütün suları bura axıb gəlir. Burda böyümüşəm. uşaqlığım burda keçib. İndi palçığın içindəyəm. Divarların kağızları da qopub. Görün nə vəziyyətə düşüb, evin altı gedib, üstü də çökür. Gecənin bir vaxtı uçsa, bu uşaqların vəziyyəti necə olacaq? Məcbur olub sizə üz tutdum ki, bəlkə sizin vasitənizlə vəziyyətimizi görüb bir əlac qıldılar. Belə güzəran olar? Heç olmasa, dəstək versinlər şəraitimi düzəldim. Bir az material versinlər. Hər il qışı zülm çəkirik. Elə bil, xarabalıqdır. Küçəmizə, evimizə qonaq gələndə, yaşayışımızdan xəcalət çəkirik».

Müsahibim deyir, məhəlləyə çıxıb hansı qapını döysən, kimi dindirsən, hamının dərdi var. Ancaq kiminsə qapısını döyməyimizə ehtiyac qalmır. Əraziyə əlikameralı jurnalist gəldiyini eşidən sakinlər özləri küçəyə axışır.

SU, PALÇIQ, LEHMƏ...

Sülhətcə İsmayılova bizi həyətində tərəf çəkir:

«Qış gəldi, yaşamaq olmur bala... Su, palçıq, lehmə... Kim belə vəziyyətdə yaşaya bilər? Küçənin suyu həyət-bacada, ev-eşikdədir. Kimin üstünə gedək? Dərdimizi kimə deyək? Tək arvadam, gedən yerim yoxdur. Həyat yoldaşım, oğlum vəfat edib».

Sülhətcə xala kameranı həyət-bacaya tərəf çevirməyimizi istəyir. Günün lehmələri qurutmasından sonra cadar-cadar olmuş yerləri göstərir:

«Çək bala. Bax, hamısı küçədəki çirkab sularıdır. Quruyub, bu vəziyyətə düşüb. Dəfələrlə bizdən pul yığdılar ki, guya kanalizasiya xətti çəkəcəklər. Niyə qazımırlar? Kanalizasiyanı pulla qazıyırlar? Axı hökumət qazdırmalıdır».

Növbəti qəzalı ev-eşik Mülayim Nuriyevanındır:

«Aşağıda kanalizasiya vardı, o kanalizasiyanı bağlayıblar. Gəlir evimə. Zirzəmini su basıb. Görürsən? Yerinə taxta yonqarı tökmüşəm ki, içəri keçəndə ayağım lehməyə batmasın».

Küçə sakinləri deyirlər ki, evlərinin qəzalı vəziyyətə düşməsinin bir səbəbkarı da rayondakı Fövqəladə Hallar İdarəsidir. Hər dəfə yağış suları evlərə «hücum çəkəndə», sakinlər həmin idarəyə zəng vururlar ki, gəlib suları məhəllədən «sorsunlar». Ancaq hər dəfə də sakinlərin dadına günəş şüaları çatır. Fövqəladənin qurutmalı olduğu məhəlləni günəşin istisi qurudur. Buna qədər də evlərin divarları və zirzəmilər suların müəyyən hissəsini özünə hopdurmuş olur.

«TƏKİ GƏTİRİB ZİBİL QUTULARI QOYSUNLAR»

- Külək qalxan kimi, bütün zir-zibil həyətlərə, evlərə sovrulur.

- Zibilliyin üfunətindən boğuluruq.

Bu gileylənənlər Rəsulzadə küçəsinin qonşuluğundakı Zərifə Əliyeva küçəsinin sakinləridir. Deyirlər ki, bu küçədə zibil, az qala, adamın ağzına girir:

- Neçə illərdir deyirik... Zibil qutuları qoymurlar ki, zibillərimizi tökək, gəlib daşısınlar. İstədikləri kommunal xərcdirsə, ödəyərik. Təki gətirib zibil qutuları qoysunlar, zibil pulunu ödəyək. Yayda üfunətdən yaşamaq mümkün deyil. Qapılarımızı bərk-bərk bağlayırıq ki, xəstəlik tapmayaq. Zibil düz qapımızın kandarınadək gəlir. İşimiz Allaha qalıb.

- Kanalizasiya xətti yoxdur...

- Traktor keçir burdan, deyirik, kürü, bu zibilləri apar, heç vecinə də almır...

- İşləmək istəyirəm. 4 övladım var. İş yeri yoxdur...

- Pensiya ala bilmirəm....

- Yolumuz yoxdur...

- Adı var ki, qaz xətti çəkilib, ancaq odun yandırırıq, qaz yoxdur...

«PROBLEM YAXIN VAXTLARDA HƏLL OLUNACAQ»

Məhəllənin bir hissəsini bürümüş «möhtəşəm» zibillikdən keçib o tayda bizi gözləyən başqa sakinlərə yaxınlaşırıq. Daha nələrdən gileylənmirlər? İşıqsızlıqdan tutmuş, ta işsizliyədək hər şeydən... Bu giley-güzarların «müşayiəti» ilə demokratik Azərbaycanın banisi Məmmədəmin Rəsulzadə ilə görkəmli oftalmoloq Zərifə Əliyevanın adlarını daşıyan bu iki küçəni tərk edirik.

Şabran rayon İcra Hakimiyyəti problemləri çözəcəyini vəd edir. Özü də lap yaxın vaxtlarda. İcra Hakimiyyətinin Ərazi İdarəetmə ilə İş şöbəsinin müdiri İlkin Ağayev:

«Təkcə həmin küçələrdə yox, Şabranın, demək olar, əksər küçələrində abadlıq işləri aparılır. Kanalizasiya xətləri çəkilir və s. Sizə sakinlərin müraciət etdiyi küçələrə baxış keçirərik. Siz deyirsiniz, mən heç cür yadıma sala bilmirəm ki, Zərifə Əliyeva küçəsindəki zibillik hansıdır. Bu yaxınlarda baş çəkib problemi aradan qaldırarıq. Sizə şikayət edən sakinlər bizə də müraciət etsinlər».

Həmin küçələrə bir də baş çəkəcəyik. Həm də lap yaxın vaxtlarda.
XS
SM
MD
LG