Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:54

Xədicə İsmayıl: «Zatən ictimai işlərlə məşğuluq»


Xədicə İsmayıl
Xədicə İsmayıl
-
Məhkəmə qərarı ilə 220 saat ictimai işə cəlb ediləcək tanınmış jurnalist AzadlıqRadiosunun suallarını cavablayır.

– Xədicə, Binəqədi məhkəməsi iyunun 10-da sənin 220 saatlıq ictimai işə cəlb olunmağınla bağlı qərar çıxardı. Qərarı necə qarşıladın?

– Qərar gözlənilən idi. Bundan əvvəl Tural Abbaslı və Ülvi Həsənli haqqında oxşar qərarlar çıxarılmışdı. Bilirdim ki, belə bir cəza növü seçilə bilər. İcra məmurları da bu cəzadan məni xəbərdar etmişdilər. Odur ki, gözlənilməz deyildi. Amma mən sərbəst toplaşma hüququmun absurd məhkəmə qərarları ilə məhdudlaşdırılması ilə razılaşmadığım üçün vətəndaş itaətsizliyi göstərirəm. Məhkəmənin haqqımda yanvarın 26-da çıxardığı qərara tabe olmuram. Bunun səbəblərini əvvəl də göstərmişdim, məhkəmədə də bir daha bəyan etdim.

– Məhkəmə qərarında bu 220 saat ictimai işin nədən ibarət olduğu açıqlanır?

– Bunu izah etmədilər. Məsləhətləşdiyimiz hüquqşünaslar deyirlər ki, burada qanun boşluğu var. Nazirlər Kabinetinə o işlərin siyahısını hazırlamaq tapşırılıb, amma bu, hələ baş verməyib. Hər halda bu qanun boşluğu şəraitində qərarın icrasını təmin etmək yenə də Məhkəmə Qərarlarının İcrası Şöbəsinin öhdəsinə düşəcək. Bilmirəm bunu nə formada edəcəklər. Məhkəmə qərarında bu barədə heç nə yazılmayıb.

Bütün hallarda mən apellyasiya şikayəti verəcəyəm və bu məhkəmə qərarlarından Avropa Məhkəməsinə şikayət edəcəyəm. Amma şikayət qəbul edilənədək burada onun icra tədbirləri ilə üzləşmək lazım gələ bilər. Hər halda, seçiləcək tədbirlər nə olacaqsa, onlardan Azərbaycanda toplaşma azadlığının olmadığı, insan haqlarının pozulması ilə bağlı daha çox sayda adamı məlumatlandırmaq üçün istifadə etməyə çalışacağam.

– Digər instansiyalar Binəqədi məhkəməsinin qərarını qüvvədə saxlasa necə davranacaqsan?

– Mən qərarın icrasından qorxmuram. İctimai işlər cəzası faciə deyil. Zatən ictimai işlərlə məşğuluq. Zatən ölkəni pisliklərdən təmizləmək həm peşə etibarilə, həm vətəndaş olaraq istədiyim vəzifədir. Təmizlə deyirlər, təmizləyək də...

Araşdırmaçı-jurnalist, AzadlıqRadiosunda «İşdən sonra» verilişinin aparıcısı Xədicə İsmayıl 2013-cü yanvarın 26-da İsmayıllı hadisələrinə ilə bağlı «Sahil» bağında keçirilən dinc aksiyaya qatılıb. Elə həmin gün məhkəmə onun 400 manat cərimə ödəməsi barədə qərar çıxarıb.
XS
SM
MD
LG