Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:58

İlqar Məmmədov azad olunacaqmı?


İlqar Məmmədov
İlqar Məmmədov
-
İyunun 13-də Avropa Parlamenti «İlqar Məmmədovun işi» adlı qətnamə qəbul edib. Avropalı deputatlar Azərbaycanda siyasilərin həbsindən, eləcə də sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasından narahatlıq bildiriblər. Onlar Bakıdan bu məsələlərin ədalətli həllini istəyiblər.

Qətnamədə prezidentliyə potensial namizəd, REAL Hərəkatının lideri İlqar Məmmədovun qeyri-şərtsiz azadlığa buraxılması tələbi qoyulub.

«TƏMƏL PROBLEMLƏRİN HƏLLİNDƏ MÜHÜM ROL»

REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin dediyinə görə, İlqar Məmmədov artıq bu qətnamədən xəbərdardır və avropalı deputatların çağırışlarına əməl ediləcəyinə ümid edir:

«Biz REAL Hərəkatı olaraq bu sənədi yüksək qiymətləndiririk. Ümid edirik ki, bu sənəd Azərbaycanın təməl problemlərinin həllində mühüm rol oynayacaq. O cümlədən ölkədəki bütün siyasi məhbusların tezliklə azadlığa çıxması məsələsi gündəmə gələcək».

İyunun 14-də «İlqar Məmmədov 43: gənclərlə müzakirə» adlı dəyirmi masa keçirilib. İlqar Məmmədovun vəkili Xalid Bağırlı müzakirədə bildirib ki, artıq İlqar Məmmədovun işi üzrə Avropa Məhkəməsi yazışmalara başlayıb. Vəkilin dediyinə görə, Azərbaycanda ilk işdir ki, onunla bağlı yazışmalara belə tez başlanıb.

İyunun 18-ə kimi Azərbaycan hökuməti İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin onlara ünvanladığı suallara da cavab verməlidir.
Faiq Qurbanov
Faiq Qurbanov

PROSEDURLARA UYĞUN OLARAQ...

Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyir ki, İlqar Məmmədov, eləcə də qətnamədə adları çəkilən şəxslər konkret əməllərə görə həbs olunublar. Bu məsələni siyasiləşdirmək gərəksizdir:

«Onların işlərinə hazırda baxılır. Biz də güman edirik ki, bu işlərə ədalətli baxılacaq və lazımi hüquqi qiymət veriləcək. Prosedurlara uyğun olaraq Avropa Parlamentinin çağırışları nəzərdən keçirilər, baxılar, məsləhət olarsa, zərurət yaranarsa, münasibət də bildirilər».

Avropalı deputatlar Avropa Komissiyasının prezidenti Jose Manuel Barraso-nu iyunun 21-sdə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bu barədə məsələ qaldırmağa çağırıblar.

ÖNƏMLİ MESAJ

Hüquqşünas İntiqam Əliyevin fikrincə, bütün bunlar Azərbaycana etdiyi qanunsuzluqlardan geri çəkilmək üçün ismarıcdır:

İntiqam Əliyev
İntiqam Əliyev
«Avropa Parlamenti, o cümlədən digər beynəlxalq təşkilatlar ümid edirdilər ki, Azərbaycan hökuməti üzərinə götürdüyü öhdəliklərə əməl edəcək, ölkədə vəziyyətin düzəlməsinə çalışacaq. Amma vaxt ötdükcə, ölkədə insan hüquqlarının vəziyyəti pisləşdikcə, siyasi motivli həbslərin sayı artdıqca başa düşdülər ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə əməl etmək istəmir. Bu da beynəlxalq təşkilatları məcbur edir ki, Azərbaycan kimi avtoritar ölkələrə münasibəti dəyişsin. Bu baxımdan sonuncu qətnamələr, planlaşdırılan görüşlər Azərbaycana qarşı bir ismarıcdır ki, «daha mən sənə inanmıram», «sənin üzərinə götürdüyün öhdəliklərlə əməl edəcəyinə ümid etmirəm, sən yalançıssan». Mesajlar bu anlamda çox önəmlidir».

ReAL Hərəkatının sədri İlqar Məmmədov bu il yanvarın 23-24-də İsmayıllıda aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir. Onunla birlikdə Müsavat Partiyasının başqanın müavini Tofiq Yaqublu də saxlanıb.

Hazırda 9 gənc (7 NİDA-çı, 1 nəfər Azad Gənclik Təşkilatının üzvü, 1 AXCP fəalı) həbsdədir.
XS
SM
MD
LG