Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:49

İctimai Palatada Milli Şura müzakirəsi


İctimai Palata
İctimai Palata
-
«Milli Şura ideal deyil, amma nəzərə alınmalıdır ki, kompromislər bahasına yaradılan təşkilat bundan artıq ola bilməzdi».

«Azadlıq» qəzetinin yazdığına görə, bunu İctimai Palatanın iyunun 15-də keçirilən sessiyasında AXCP sədri Əli Kərimli deyib.

O, çoxsaylı insanların Milli Şurada təmsil olunduğunu və ona dəstək verdiyini bildirib:

«Son 20 ildə görünməmiş bir hadisə baş verib. Cəmiyyətin heç vaxt bir araya gəlməyən siyasi qüvvələri bu gün Milli Şurada təmsil olunurlar. 128 nəfərlik bir tərkib formalaşıb. Bu qədər insanın bir araya gəlməsi kifayət qədər böyük hadisədir. Milli Şuranın uğurlu olması üçün Rəsulzadə-Elçibəy davamçılarının üzərinə böyük məsuliyyət düşür».

Əli Kərimli Milli Şurada təmsil olunmayan bəzi insanların tərkiblə bağlı iradlarının anlaşılan sayıb. Amma o, bu məsələni o qədər də qabartmamağı məsləhət görüb.

«Biz kifayət qədər optimist mövqedəyik» - deyən Əli Kərimli hakimiyyətin heç vaxt indiki qədər həyəcanlı, başını itirmiş durumda olmadığını vurğulayıb.

AXCP sədri YAP-ın qurultayının vaxtından 2 ay qabaq keçirilməsini də hakimiyyətdaxili təlaşın göstəricisi kimi dəyərləndirib.

«İP-NİN VAHİD NAMİZƏDİ OLSAYDI, HEÇ MİLLİ ŞURAYA EHTİYAC QALMAZDI»

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal Milli Şuranın yaranmasını İctimai Palatanın uğuru adlandırıb. Amma onu da əlavə edib ki, İctimai Palatanın öz namizədi olsaydı, heç Milli Şuraya ehtiyac qalmazdı:

«Etiraf etməliyik ki, İP öz arasından bir nəfəri vahid namizəd seçə bilsəydi, heç Milli Şuraya ehtiyac da qalmayacaqdı».

«İCTİMAİ PALATA NAMİZƏDİNİ İRƏLİ SÜRMƏLİDİR»

Sabiq baş nazir Pənah Hüseyn isə bildirib ki, istənilən halda İctimai Palatanın prezidentliyə namizədi olmalıdır.

İP üzvü Tural Abbaslı isə Milli Şuraya dəstək verməyin lazım olduğunu bildirib.

«Milli Şura yaranıbsa, bunun təftiş olunmasını dayandırmaq lazımdır. Biz sevinməliyik ki, bu gün Milli Şurada bütün təbəqədən olan insanlar təmsil olunurlar. Biz Milli Şuraya aktiv şəkildə dəstək verməliyik», - deyə o, bildirib.
XS
SM
MD
LG