Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:06

Abşeron çimərlikləri: Xəzərdə azar da var


Bakıda çimərlik
Bakıda çimərlik
-
«Dənizin içi də, sahili də zir-zibildir, daşdır. Çox güman, burda xəstəliklər tüğyan edir. O biri çimərliklər pulludur. Buraya mənim kimi kasıblar gəlir».

Şıx çimərliyində günəşlənən 70 yaşlı Həmid Məmmədov deyir ki, isti olduğu üçün evdə dayana bilməyib, dənizə üz tutub. O, evinə yaxın olduğundan buraya gəldiyini söyləyir.

BU ÇİMƏRLİKLƏRDƏ ÇİMMƏK OLMAZ

Həmid Məmmədovun üz tutduğu Şıx çimərliyində çimmək qadağandır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Sumqayıt çimərliyi, Sahil qəsəbəsinin «Sahil» və Səbail rayonunun «Şıx» çimərlikləri istifadəyə yararsızdır. Sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normanı aşır.

Xəzər dənizinin sahilindəki çimərlik ərazilərində aparılan mikrobioloji təhlillərin müqayisəli nəticələri

Xəzər dənizinin sahilindəki çimərlik ərazilərində aparılan mikrobioloji təhlillərin müqayisəli nəticələri
Şıx çimərliyinə gələnlərin çoxu narazılığını gizlətmir:

- Dənizdir də... Nə olacaq, gəlib çimirik...

- O biri çimərliklər pulludur, bura pulsuz. Bir nəfər azı 4 manatdır. 5 nəfərlik ailəyəm, o boyda pulu haradan verək? Camaatın o qədər pulu var ki?

- Burda dincəlməyə dəyməz...
Şıx çimərliyi
Şıx çimərliyi

- Elə hər yerdə, ən azı, mazuta batacaqsan... Guya o birilər yaxşıdır ki?

ÇİRKAB SULARI TƏMİZLƏNMƏDƏN DƏNİZƏ AXIDILIR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi şad xəbər verib. Bildirilir ki, kanalizasiya şəbəkəsi olmayan Bilgəh və Buzovnada, Mərdəkan və Pirşağıda, Nardaranın sahil zolaqlarında və «Amburan» çimərliyi ərazisində, eləcə də Novxanı və Coratın sahilboyu ərazilərində modul tipli 17 təmizləyici qurğu quraşdırılıb. O da bildirilir ki, bu qurğuların hamısı beynəlxalq standartlara cavab verir. Məlumata görə, sözügedən ərazilərdə çirklənmə dərəcəsi normanı aşmır. Ancaq belə qurğuların quraşdırılmadığı yerlər də var. Məsələn, Səbail rayonun Şıx və Qaradağ rayonun Sahil çimərlikləri ərazisi mikrobioloji baxımdan bu il də çirkli sayılır:

«Üstəlik, sadalanan yerlərdə aramsız və böyük həcmlə axıdılan çirkab suları norma və standartlara uyğun təmizlənmir və zərərsizləşdirilmədən dənizə axıdılır».

Şıx çimərliyi
Şıx çimərliyi
DİZENTERİYA, VƏBA, QARIN YATALAĞI...

Həkim-infeksionist Mehdi Mehdiyevin dediyinə görə, bağırsaq çöpləri normanı aşan sularda çimmək mədə-bağırsaq xəstəliklərinə yol açır:

«Həmin ərazilərdə çimənlərin, hamısında olmasa da, xəstəliyə meylli insanlarda müxtəlif bağırsaq infeksiyaları, o cümlədən dizenteriya, vəba salmanilyoz, qarın yatalağı, virus hepatitləri yaranır. Ona görə də yayda bağırsaq infeksiyaları sayca çoxalır. Su tibbi baxımdan yoxlanılır və deyilirsə ki, çimmək olmaz, demək, olmaz. Bizim vətəndaşlar belə xəbərdarlıqlara çox soyuq yanaşırlar. Bənzər durum xüsusən uşaqlar və immun sistemi zəif olan adamlar üçün çox təhlükəlidir».

Abşeron çimərliklərində mövsüm iyunun 1-də açılıb və oktyabrın ortalarınadək davam edəcək.
XS
SM
MD
LG