Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:25

Kreditlə sovrulan mülklər


Foto: Arxiv
Foto: Arxiv
-
«Qaynar xətt»ə müraciət edən Ceyranbatan sakini Elvin Kərimov ailəsi ilə küçədə qalacaqlarından narahatdır. Deyir, bir qonşusu onların mənzilini bankda girov qoyaraq pul götürüb. Krediti ödəmədiyinə görə «Rabitəbank» məhkəmə yolu ilə onların yaşadığı mənzili hərraca çıxarıb. Deyir, evə müştəri çıxsa, həmin gündən ailə küçədə gecələməli olacaq:

«2008-ci ildə Şərif Muxtarov «Rabitəbank»dan bizim evi girov qoymaqla 30 min manat kredit götürüb. Mən həmin evdə qeydiyyatda olsam da, evin bankda girov olmasından bu yaxınlarda xəbər tutmuşam. Ev girov qoyularkən mənim razılığım alınmayıb. Həmin ünvanda qeydiyyatda olduğum isə sənədlərdə gizlədilib. Bir də xəbər tutmuşuq ki, bank bizi məhkəməyə verib».

«Rabitəbank»ın nümayəndəsi Famil Abdullayev bildirir ki, Şərif Muxtarovla bankın Sumqayıt filialı arasında kredit və ipoteka müqavilələri bağlanarkən qanun pozuntusuna yol verilməyib. Sevinc Kərimova özü notarial qaydada təsdiq olunmuş müqavilə bağlayıb. Qeydiyyatda olan əri Elman Kərimovun və qızı Turanə Kərimovanın evin ipoteka ilə yüklü edilməsi barədə razılıq ərizələrini də banka Sevinc Kərimova özü təqdim edib. Oğlu Elvin Kərimovun evdə qeydiyyatda olmasını isə sənədlərdə gizlədib. Beləliklə də, Şərif Muxtarov Kərimovlara məxsus mənzili girov qoymaqla 36 ay müddətinə qaytarmaq şərtilə 30000 manat kredit götürüb. Ancaq elə ilk vaxtlardan müqavilənin şərtlərini pozduğuna görə 2008-ci ilsə bank Şərif Muxtarovu və Sevinc Kərimovanı məhkəməyə verərək mənzilin hərraca çıxarılmasını tələb edib. Məhkəmə iddianı təmin edib.

BANK SƏNƏDLƏRİNDƏKİ İMZALAR KİMİNDİR?

Elvin Kərimovun anası Sevinc Kərimova isə deyir ki, sonradan həm «Rabitəbank»a, həm də qonşusu Şərif Muxtarova qarşı ipoteka müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiası təmin olunmayıb. Onun dediyinə görə, qonşusu Şərif Muxtarov banklarla əlaqəsi olduğunu, istənilən vaxt evi girov qoymaqla pul götürə biləcəyini bildirib. O da sənəd toplayaraq Şərif Muxtarova verib. Qısa müddətdən sonra Şərif Muxtarov ona deyib ki, kredit məsələsi alınmır. Ancaq sənədləri ona qaytarmayıb. Bir müddətdən sonra ona məlum olub ki, Şərif Muxtarov özü onların sənədi ilə 30000 manat kredit götürüb və qaytarmayıb. Sevinc Kərimova Ceyranbatan icra nümayəndəliyindən yaşayış qeydiyyatında olanlarla bağlı arayışın da Şərif Muxtarov tərəfindən alındığını bildirib. Bank sənədlərindəki imza da ona məxsus deyil.

Ceyranbatan icra nümayəndəliyinin əməkdaşı Rüstəm Cahangirov bildirib ki, Yeni Məhəllədə yerləşən 31 saylı evdə daimi qeydiyyatda olanlar barədə arayış ev kitabına əsasən tərtib olunub. Sevinc Kərimova arayış almaq üçün şəxsən özü müraciət edib. Arayış alarkən hərbi xidmətdə olan oğlu Elvin Kərimovun həmin evdə qeydiyyatda olduğunu onlara bildirməyib.

YENƏ MƏHKƏMƏ OLACAQ

Kərimovlar Şərif Muxtarovla bağlı Abşeron rayon polis şöbəsinə şikayət ərizəsi yazıblar. Ancaq polis cinayət işi başlamayıb. «Qaynar xətt»ə bildirilib ki, cinayət işinə başlanmamasına səbəb şikayətin mülki xarakterli olmasıdır.

Abşeron rayon Məhkəməsindən «Qaynar xətt»ə bildiriblər ki, Şərif Muxtarova bu iddialarla bağlı keçirilən məhkəmələrdə tərəf kimi iştirak etməsi üçün bildirişlər göndərilsə də, heç bir məhkəmə iclasına gəlməyib.

Hüquqşünas Namizəd Səfərov bildirir ki, mənzil ipoteka ilə yüklənərkən mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş bütün ailə üzvlərinin rəsmi razılığı olmalıdır.

Elvin Kərimov isə Ali Məhkəməyə kasasiya şikayəti verib və ümidlərini bu məhkəməyə bağlayıb.
XS
SM
MD
LG