Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:53

İlham Əliyev: «Azərbaycan ordusu dünyada ən güclü ordulardan biridir»


Bakıda Silahlı Qüvvələrin paradı
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Bakıda Silahlı Qüvvələrin paradı

-

PARADDA NÜMAYİŞ OLUNAN TEXNİKA

APA xəbər verir ki, paradda Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan «Gürzə» patrul maşını, «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri keçid edib. Xüsusi təyinatlı qüvvələrin istifadəsində yer alan, pulemyot və tank əleyhinə idarə olunan raket kompleksləri ilə silahlandırılmış «Gürzə» maşını ilk dəfə paradda nümayiş olunub.

Bundan başqa, hərbi keçiddə «Cobra», «Land Rover Defender», ZPT, «Storm Sufa» tipli zirehli və zirehsiz hərbi maşınlar, «Orbiter-2M» və «Aerostar» tipli pilotsuz uçuş aparatları, nəqliyyat vasitələri üzərində Azərbaycan müəssisələrində istehsal edilmiş 82 mm çaplı minaatan da nümayiş etdirilib.

Paradda «Toçka-U» operativ taktiki raketləri, müxtəlif çaplı yedəkdə daşınan haubitsalar, 120 mm çaplı İsrail istehsalı olan «Cardom» avtomatik minaatanı, 120 mm çaprı TR-122 «Sakarya», 300 mm çaplı 9K58 «Smerç», İsrail istehsalı olan 120 və 160 mm çaplı reaktiv atəş sistemləri, «Qvozdika», «Pion», «Msta-S» özüyeriyən haubitsaları, TOS-1A «Solntsepyok» reaktiv alovsaçanı, modernləşdirilmiş T-72 «Aslan», silahlanmaya yeni daxil olmuş «T-90 C» tankları, «BMP-2» və «BMP-3» tipli piyadaların döyüş maşınları tribuna önündən keçib.

Parada Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarına məxsus modernləşdirilmiş S-125 «Peçora», «Strela-10», S-200, S-300 «Favorit» zenit raket kompleksləri ilə yanaşı silahlanmaya yeni daxil olmuş «Buk-MB» zenit-raket kompleksi də qatılıb.

Hərbi Hava Qüvvələrinin MiQ-29, Su-25, L-39 döyüş və təlim təyyarələri, Mi-24 və Mi-8/17 helikopterləri, DSX-nın Mi-35M, FHN-in Ka-32 və Mi-8 helikopterləri də hərbi keçiddə iştirak edib.

Parad təyyarələrin Azərbaycan bayrağının rənglərini simvolizə edən tüstü buraxaraq uçuş etməsi ilə yekunlaşıb.



İLHAM ƏLİYEV: «AZƏRBAYCAN ORDUSU İNDİYƏDƏK BÖLGƏDƏ, HƏTTA DÜNYADA ƏN GÜCLÜ ORDULARDAN BİRİDİR»

«Ötən il Azərbaycanın hərbi büdcəsi 3,6 milyard idi, bu ilki büdcə 3,7 milyard dollara çatıb. Son illərdə 100-ə yaxın helikopter, onlarla döyüş təyyarəsi, ən müasir tank və artilleriya qurğuları alınıb və bu davam edir. Növbəti illərdə hərbi büdcəmizi artırmaqda davam edəcəyik. Güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər».

Bu sözləri iyunun 26-da Silahlı Qüvvələr Günü ilə bağlı keçirilən hərbi paradda çıxış edən prezident İlham Əliyev deyib. Prezident bildirib ki, Azərbaycan bölgədə sabitləşdirici ölkədir və sabitliyi qorumaq üçün hələ ki siyasi yollara üstünlük veririk.

XANKƏNDİNDƏ, ŞUŞADA AZƏRBAYCAN BAYRAĞI DALĞALANACAQ

İlham Əliyev
İlham Əliyev
​Ali baş komandan qeyd edib ki, Azərbaycan nəinki regionda, dünyada mühüm tərəfdaşa çevrilib. Eyni zamanda Azərbaycanda daxili sabitlik mövcuddur:

«Azərbaycanda hökumətlə xalq arasında birlik var. Bu sabitlik xalq tərəfindən dəstəklənir. Azərbaycan inkişaf edir. Bu ilin 5 ayında qeyri-neft sektoru 5 faiz artıb, yoxsulluq, işsizlik aradan qaldırılır. Mən göstəriş vermişəm ki, bir dənə də təmir olunmamış hərbi hissə qalmasın, vəsait ayrılıb və artıq bu sahədə işlər davam edir. Bizim güclü siyasi iradəmiz var. Həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Biz indi iri layihələri icra edirik. Azərbaycan ordusu indiyədək bölgədə, hətta dünyada ən güclü ordulardan biridir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır. Mən ali baş komandan kimi ordu quruculuğuna dəstəyimi verəcəm».

Bu gün Dağlıq Qarabağ problemindən başqa heç bir problemin qalmadığını deyən prezident Xankəndində, Şuşada Azərbaycan bayrağının dalğalanacağını əlavə edib.

İlham Əliyev nitqini «Eşq olsun Azərbaycan Ordusuna», «Yaşasın Azərbaycan» sözləri ilə bitirib.

10:00 - BAKIDA HƏRBİ PARAD BAŞLAYIB

Paradda prezident İlham Əliyev, Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələri, xarici diplomatlar, millət vəkilləri, dövlət və hökumət rəsmiləri iştirak edir.

Hazırda prezident çıxış edir.

09:00 - SİLAHLI QÜVVƏLƏRİN YARANMASININ 95-Cİ İLİ

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 95 il keçir.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası ilk dəfə olaraq 1918-ci il iyunun 26-da Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul edib. Beləliklə, Azərbaycanda ilk əlahiddə korpus yaradılıb.

Müstəqillik əldə edildikdən sonra 1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edib. Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən isə 26 iyun – Silahlı Qüvvələr Günü elan edilib.

Rəsmi məlumata görə, hazırda Azərbaycanın dünyanın 50-ə yaxın ölkəsi ilə hərbi sahədə əlaqələri mövcuddur.

HƏRBİ PARAD

Bu günlə bağlı Azadlıq meydanında keçiriləcək hərbi parada 5 mindən çox şəxsi heyət, 100-dən çox təyyarə və vertolyot çıxarılacaq.

Müdafiə Nazirliyi bildirib ki, müasir silahların nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 40-a yaxın gəmi və kater cəlb olunacaq.

Paradda prezident İlham Əliyevin də iştirakı gözlənilir.

Azərbaycanın müstəqilliyi dövründə ilk hərbi parad sabiq prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə 1992-ci il oktyabrın 9-da keçirilib.
XS
SM
MD
LG