Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:51

Küçə qadınının dialektikası (Seçmə şeirlərdən)


Alyoşa (Ayaz Şirin)
Alyoşa (Ayaz Şirin)
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib. Bütün əsərlər müəllifi göstərilmədən Münsifə göndərilib. Seçmə şeir və hekayələri bu gündən dərc etməyə başlayırıq.


Alyoşa (Ayaz Şirin)


7. (küçə qadınının dialektikası - 1)

Başına gələn bütün işlərdə günahkar
Ayaqlarının arası
Həyatın oradan keçir
Bitməyən qatar kimi kişilər
Kişilər düşməyən yolçu
Hər gecə zülmətində
dəmir reyslər üstündə Afroditaya qədər səyahət

Nə qədər qalın geyinsən də
Bağlasan da hər yerini
Çılpaqsan bu şəhərdə
Yemək, hamam, tualet, ayna qarşısı 2 saat
2 saat özünə çatar bəlkə
12 saat küçədə
8 saat yuxuda
Kişilərin müstəmləkəçiliyində
Sənə toxunar gözlər
Oxşayar dəlicə
Nə gözlərini nə saçını
Nə sevgi var barmaq uclarında
Ayaqlarının arasından keçər XXI əsr homoerictus kimi
əlində nizə
alnından tər damcıları düşər qəpik-qəpik
ət qoxusu verərək
qurd kimi qarnını eşərək

növbəti görüş təkrarı filmin
ssenaristlər malikanələrində
rejissorlar konfranslarda
ən yaxşı köməkçi aktyorların canı cəhənnəmə
Ayaqlarının arasından çapar XXI əsr cəngavərlər kimi
at belində
Ayaqlarının arasında patriarxal imperiya
Eyfelin məşəli
Kişilər gəldiyi yerə od vuraraq
Sönərlər
Dodaqlarının arasında bir sigaret
İş saatı sərbəst
Ölüləri güllələmək üçün
Atış, heç kimin görmədiyi yerlərdə sərbəst.

Kiminsə qadını ola bilərdin
40 il
Bir neçə bədənin anası
20 il
Sənə xəyanət edən sevgilini öldürə bilərdin
“Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində
qəsdən adam öldürmə” maddəsindən...
Bu da 3 il

Bir kişini sevə bildiyin üçün
Bütün sevilən kişilərlə yatdın
Bir kişinin qadını ola bilmədiyin üçün 40 il
Bütün kişilərin olursan 40 dəqiqə

Ayaqlarının arasında sevgi məzarlığı
Spermlər tökər fizioloji m......lər
Başına gələn bütün işlərdə günahkar
Qarşına çıxan bütün insanlardı
Sevə bilməyənlərdi sənə gələnlər
Unuda bilməyənlər səni axtaranlar
İntihar edə bilməyənlərdi səndən ayrıldıqdan sonra
Hara gedəcəyini bilməyənlər
Bütün evdar qadınların yataq işi sənə düşür
Bütün tərk edilən adamları kiritmək

Ayaqlarının arasından sərvət toplayar XXI əsr
Bədənində piy qatları
alnından tər damcıları düşər qəpik-qəpik
ət qoxusu verərək
qurd kimi qarnını eşərək

...


8.

Bakı!
Sabahın xeyir!
İt səsləri yatır
Oyanır saat beşdə aclar
Lampalar günəşdən öncə doğulur
Sabahın xeyir!
saat altıda yoxsullar oyanır
Çoxalır lampalar
Oyanır saat yeddidə
Uzaq marşrutlu işçilər və xidmətçilər
Bakı!
Oyanır saat səkkizdə ağyaxalılar
Doqquzun yarısı qarınqulular
Beş milyon insan
burcunur
Sabahın xeyir,
Bakı!!!


9.

- Sən gəldin dirildim elə bil
- Məni çox da diri zənn etmə
İçimdə bir-iki ölü
Üç-dörd ağır yaralı ilə
Həmxana qalıram
Bəzən buna görə qoxuram
XVIII əsr qala qoxusu
Malikanə qoxusu XIX əsrdən
Ac ölü qoxusu II Dünya müharibəsində
Varoşların
--Sən gəldin dirildim elə bil
Nə vaxt öldürüldüyümü bilmirəm
Neçə dəfə də
Biri Fələstində hava hücumunda
Bir abortda
Ana bətni ilə zibil qabı arasında
Deyəsən biri də siyasi məhbus adı altında
Qan qusaraq alatoran otaqda
Sən məni dirildirsən
Mənim də ağır yaralılarım var içimdə
Barmaqları reaksiya verir elə bil həyata
Məni sonra öldürə bilərsən
Ağır yaralı olmaq istəmirəm palatada
Amma indi arxanca düşüb gəlməkdən qorxmuram
Evinəcən
Ayaqyalın gələ biləcəyim qədər ancaq izləyərəm
Səni
- Səni diriltməkdən qorxuram
Sən qoxumaqdan qorxuram


10.

əgər bilsəm ki bir neçə dəqiqə sonra mütləq öləcəyəm
intihar edərəm
yəqin
bəlkə də elə buna görə bir neçə dəqiqə sonra ölərəm
bəlkə


11. (Nazım Hikmətə)

məni yaşadığıma inandıran adam
bütün mövcudluğunu yığıb aparmışdır
xəlvətcə
hər yeri axtarılmış
şahid qismində dindirilmiş əşyalar
lazım olmayan bir şey söyləmişdirlər:
“Dünyanı dəyişdirməli”

“uşaqlar da şəkər yeyə bilməli”

təəssüratlar yorur
təəssüflər ürək bulandırır
kələpçə və divar iktidarı
bədəninin hər yerini gilyotinə çevirərək
yuxusuna girənləri real dünyaya göndərir

həyatıma girən bir neçə insanı qusa bilərəm
boğazımı yırtaraq
məni ən yaxın dənizin sahilinə aparsalar
böyüklüyü qarşısında kiriyə bilərəm
sahili özündən dərin olan bir dəniz tapın
xahiş edirəm
gəmi dəyməmiş bir dəniz
balığı ovlanmamış bir sahil
bəlkə orda kiriyəm

mənə şeir oxuyan adamı
on il həbs etdilər bir dəfə
bir dəfə qaz sobasında yandırdılar
daha çox insan öldürmək üçün dindirmə otağında
dırnaqlarını sökdülər
bir dəfə onu tapmaq üçün
Xirosimaya
Bəşəriyyətin min illik nailiyyətini göndərdilər


12.

Çox da gözəl deyilsən
bilirsən bunu böyük ehtimal
sevə bilmirəm səni
üzümə vurma
amma ehtiyacım var sənə
yanımda ol gündə ən az bir saat
gül
uşaq səsi ilə danış
mən yuxuya getdim bəlkə
bir az sakit olsan
təmizliyinə inanıram
yuxuma da girərsən

tək adamlar gərək yuxarı mərtəbələrdə yaşamasın
ya da özünü atacaq bir yeri olmasın yüksəkdəki evlərin
bunu bilməz memarlar
təkliyin istifadə qaydalarına dair bir şeylər yazılmalı
tək yaşayan bütün adamlar qırmızı lent bağlamalı

təklik mədəyə zərərlidi
mətbəxdə təhlükəlidi
hamamda kədərlidi çılpaqlığı
bir otaqlı evdə
bir adamlıq bədən

ehtiyacım var sənə
yanımda ol gündə ən az bir saat
gül
uşaq səsi ilə danış
bu bir bədənlik adam darıxmasın
XS
SM
MD
LG