Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:06

Rasim Qaraca. Yeni şeirlər


Rasim Qaraca
Rasim Qaraca
-

Rasim Qaraca


İyunda yazılanlar


*
Bu uşaqlar hardan bilsinlər
yaxınlarda savaş başlanacaq,
“Sizlərə tuşlanıb yer üzündəki bütün mərmilər”
desən
yenə güləcəklər,
öz karton evciklərində gizlənəcəklər.

Onlara “Savaş başlanır” desən,
gözlərini qıyacaqlar günəşə,
“Nə olar, bir dondurma al” deyəcəklər...

*

Ayrılığa bir heykəl olmalı bu şəhərdə,
havada uçan bir əl...

*
Uşaq vaxtı ilan ağzından qurtardığım
bütün qurbağalar
böyüyüb sevgilim oldular...

*

Maşınların şüşəsini yuyan
pencəyinin qolları çırmalı
o balaca oğlanı
siz bir də üsyanlar başlayanda görün...

Yerdən daş götürüb
şüşələri qıranda
maşınları yandıranda
hayqıranda görün...

Hər kəsin qapaz vurub
əkəninə söydüyü
o balaca oğlanı
siz bir də əlində alov
"haydı arxamca" deyib
bağıranda görün...

*

Dəmir yoluyla addımlayırıq,
qatarın fitini eşidib sən sağa, mənsə sola ayrılırıq.

Mazut daşıyan bir yük qatarı deyildi sanki
zaman özü idi aramızdan axan.

Qatar keçib getdi və baxdım ki
sən artıq yoxsan...

*

Yonca tarlasında
beşqulaq yonca axtararkən
sevgi bir yalandır demişdin,
yanağında çillər
gözlərində günəş və
köynəyinin yaxasında
pioner nişanı…

*

Alacalanmış gözlərlə baxacağıq biri birimizə
tor görünəcək dünya –
mənə də elə bu lazımdı
dünyanı bulandırıb
səni tutmaq...

*

Yanlış qatara minib səninlə
yanlış şəhərlərə getmək...

*
Soyunur
soyunmanın bütün hikmətlərini bilən
bir qadın

*

Heç bir şey söyləmədən
çəkilib getməyi öyrənir insan
yaşa dolduqca...
Nifrət etmədən qopmağı,
yox olmanın səssizliyini...

*

Ağlını başından çıxart onun
bir az günaha batır,
qolunu sal boynuna
çəkib yatağa yatır...

Təmiz qalmasın bu qədər
şeytanlar ovlamasın,
pozitiv bir mutluluq
bağışla, qoy yaşasın...
XS
SM
MD
LG