Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:18

Rüşvət dünyanı bürüyüb


Arxiv foto
Arxiv foto
-

Transparency İnternational təşkilatı korrupsiyaya dair indiyədək keçirilmiş ictimai rəy sorğularının ən böyüyünü keçirib.

Rəy sorğusu göstərir ki, dünya boyunca hər dörd nəfərdən biri son 12 ayda kiməsə rüşvət verib.

Həmçinin bəlli olub ki, hər iki adamdan biri bu son iki ildə korrupsiya ilə bağlı vəziyyətin pisləşdiyini düşünür.

Lakin rəy sorğusunun iştirakçıları inanırlar ki, insanlar rüşvət və korrupsiyaya qarşı mübarizə apara, vəziyyəti dəyişə bilərlər.

«Qlobal Korrupsiya Barometri 2013» adlı rəy sorğusunda 107 ölkədən 114 min adam iştirak edib və ümumi nəticə budur ki, korrupsiya dünyada çox geniş yayılıb.

Rəyi soruşulanların 27 faizi bildirib ki, son 12 ay ərzində ictimai xidmətlərdən istifadə üçün rüşvət verməli olub.

Bununla belə, hər 10 nəfərdən 9-u inanır ki, korrupsiya ilə mübarizə mümkündür.

Rəyi soruşulanların üçdə iksi rüşvət verməkdən imtina etdiyini bildirib.

KORRUPSİYA İLƏ MÜBARİZƏ APARMALI OLANLARA İNANMIRLAR

«Qlobal Korrupsiya Barometri 2013» rəy sorğusu həmçinin aşkar edib ki, bir çox ölkələrdə adamlar korrupsiya ilə mübarizə aparmalı olan təsisatların özünə inanmırlar.
36 ölkədə adamlar polisin ən korrupsiyalı təsisat olduğunu düşünürlər və bu ölkələrdə adamların 53 faizi polisə rüşvət ödəməli olub.

20 ölkədə adamlar ədliyyə sisteminin ən korrupsiyalı sahə olduğunu düşünürlər və bu ölkələrdə adamların orta hesabla 30 faizi ədliyyə orqanlarına rüşvət verməli olub.

Transparency International-un loqosu
Transparency International-un loqosu
Hesabat müəllifləri inanırlar ki, «hökumətlər öz vətəndaşlarının bu hayqırtısını ciddi qəbul etməli, ona şəffaflığı və hesabatlılığı konkret hərəkətlərlə artırmaqla cavab verməlidir».

Müəlliflər diqqəti xüsusilə də Böyük 20-lər qrupuna daxil hökumətlərə çəkərək yazırlar ki, bu 20-likdən 17-də rəyi soruşulanların 59 faizi hökumətlərinin korrupsiyaya qarşı kifayət qədər ciddi mübarizə aparmadığını düşünür.

Bu hesabatda həmçinin siyasətçilərə xitab edilir. Bildirilir ki, 51 ölkədə insanlar siyasi partiyaların ən korrupsiyalı qurumlar olduğunu düşünürlər.

Bu ölkələrdə adamların 55 faizində belə təəssürat yaranıb ki, onların hökumətləri xüsusi maraqlarla idarə olunur.

Tövsiyə edilir ki, siyasətçilər korrupsiyaya qarşı mübarizədə nümunə olmalı, özlərinin və yaxınlarının mülkiyyəti və gəlirləri barədə bəyannamələri təqdim etməlidirlər.

Siyasi partiyalar və fərdi üzvlər, habelə namizədlər pul vəsaitlərini haradan və kimlərdən aldıqlarını açıqlamalıdırlar ki, maraqlar toqquşması baş verməsin.

Bu hesabata görə, insanlar korrupsiya ilə mübarizə sahəsində hökumətlərə 2008-ci ildən - böhran başlanandan bəri indi daha az etimad göstərirlər.

Hesabat hökumətlərə korrupsiya ilə mübarizə üçün güclü, müstəqil və yaxşı maliyyələşdirilən təsisatlar yaratmağı məsləhət görür.

AZƏRBAYCANIN BƏZİ RƏQƏMLƏRİ ŞÜBHƏ DOĞURUB

Transperancy İnternational-ın son rəy sorğusu strukturuna görə ənənəvi hesabatlardan fərqlənir. Burada bir neçə kiçik haşiyələri çıxmaq şərti ilə 107 ölkənin heç birinə, o cümlədən, Azərbaycana fəsil ayrılmayıb.

Burada ölkələr üçün reytinq indeksləri də yoxdur.

Bununla belə, rəy sorğusunun bölümlərinə görə və adamların cavablarına əsasən hər hansı ölkə faizlə hesablanan kateqoriyalara düşür.

Arxiv foto
Arxiv foto
Hesabatda rəy sorğusunun mühüm suallarından biri də budur: Siz özünüz şəxsən rüşvət veribsinizmi?

Burada verilmiş cavablara əsasən faizlərlə müəyyən edilmiş 7 bölüm var.

İlk bölümə sakinlərinin 5 faizindən azının şəxsən rüşvət verdiyini söyləyən ölkələr daxil edilib.

Bu qrupa korrupsiyanın ümumilikdə aşağı olması ilə fərqlənən Norveç, Belçika, Kanada, Danimarka, Finlandiya, Norveç və Yaponiya kimi ölkələr daxildir.

Maraqlıdır ki, Azərbaycanın qonşusu Gürcüstan da bu kateqoriyaya düşüb.

Birləşmiş Krallıq və Birləşmiş Ştatlar isə rəyi soruşulanların 5-dən 10 faizədək hissəsinin şəxsən rüşvət verdiyini etiraf edən qrupunda təmsil olunub.

Azərbaycanın başqa bir qonşusu Ermənistandan olan respondentlərin 19 faizədək hissəsi şəxsən rüşvət verdiyini etiraf edib.

Moldova və Türkiyə üçün bu rəqəm 20-30 faiz arasıdır.

Bu hissədə Azərbaycanın adı yoxdur. Yeri gəlmişkən, onu rüşvət reytinqinə dair cədvələ də salmayıblar.

Rusiya, Fransa, Lüksemburq kimi ölkələrin də burada adları yoxdur.

Səbəb kimi səhifənin sonunda bu ölkələrdən alınan məlumatın doğruluğuna şübhə olduğu və bu səbəbdən diaqrama daxil edilmədiyi göstərilir.

Azərbaycanda sorğunu elə Azərbaycanın SİAR – Sosial və Marketinq Araşdırmaları Mərkəzi aparıb.

Bir sıra başqa ölkələrdə sorğu Transparency İnternational tərəfindən «üzbəüz» qaydada keçirilib.

MƏMURLA GÖRÜŞMƏMƏK DAHA YAXŞIDIR

Maraqlı bölümlərdən biri də məmur-vətəndaş əlaqələrinə həsr olunub. Ehtimal edilir ki, bu əlaqələr nə qədər az olsa, əldən-ələ keçən rüşvətin də ehtimalı az olar.

Respondentlərə belə bir sual verilib: «İşinizin həll olunması üçün şəxsi əlaqələr nə dərəcədə mühümdür?».

107 ölkədən rəyi soruşulanların 7 faizi bunun heç də mühüm olmadığını söyləyib.
31 faiz bu qənaətdədir ki, şəxsi əlaqə son dərəcə mühümdür.

Hökumətlərin özləri üçün bir neçə böyük maraqları güddüyünə dair iddialara cavab olaraq yalnız 6 faiz belə maraqların olmadığına inandığını söyləyib.

36 faiz böyük əminliklə, 19 faiz isə tam əminliklə bu iddiaların gerçək olduğunu bildirib.

Rüşvət alan polis
Rüşvət alan polis
Bu cavablardan tərtib edilmiş cədvəldə əksər ölkələr, o cümlədən, Azərbaycan da yoxdur.

Hökumətlərin bir neçə böyük marağı güddüyünə inam dərəcəsini göstərən bu cədvəldə Norveç əlahiddə mövqe tutur.

Suallara cavab verən norveçlilərin yalnız beş faizi inanır ki, onların hökumətinin öz maraqları var.

Müqayisə naminə deyək ki, Türkiyə üçün bu rəqəm 49, Britaniya üçün 60, Fransa üçün 57, Almaniya üçün 55, ABŞ üçün 64-dür.

Hökumətə bu mənada ən az etimad edilən ölkələr Yunanıstan (73 %) və İsraildir (83%).

AZƏRBAYCANDA ƏN ÇOX ƏDLİYYƏNİ RÜŞVƏTXOR SAYIRLAR

Daha bir bölüm ən çox korrupsiyaya bulaşdığı güman edilən qurum və sahələrə həsr olunub.

Ən çox korrupsiyalı olduğu düşünülən siyasi partiyalar birinci yerdədir, 2-ci yerdə polis, 3-cü yerdə dövlət qulluqçuları, dördüncü yerdə parlamentlər, 5-ci yerdə ədliyyə və məhkəmələr, 6-cı yerdə biznes və şəxsi sektor, 7-ci yerdə tibb müəssisələri, 8-ci yerdə təhsil sahəsidir.

Burada ilk dəfə olaraq medianın da adı çəkilir. Media rüşvət mənasında hətta hərbidən də əvvəl gəlir.

Son iki yeri QHT-lər və dini təsisatlar bölüşür.

Lakin göründüyü kimi bu cür reytinq cədvəli orta hesab faizi ilə tərtib edilib və ölkədən-ölkəyə fərqlidir. Məhz buna görə də ölkələri qruplaşdıran daha bir cədvəl verilir. Yəni, ölkələrdə qurumlara hansı münasibətin olduğu əks etdirilir.

Arxiv foto
Arxiv foto
Məsələn, siyasi partiyaların korrupsiyası Azərbaycan üçün aktual deyil. Lakin siyasi partiyaların ən korrupsiyalaşmış qurum olduğunu düşünənlərin sayı Türkiyə daha çoxdur. Bu qrupa ümumiyyətlə, ABŞ, Britaniya, Norveç və Almaniya kimi 51 ölkə daxildir.

Polisi 36 ölkədə ən korrupsiyalı sistem hesab edirlər. Azərbaycan burada da yoxdur.

Bu qrupa Qazaxıstan, Qırğızıstan və əsasən müsəlman və Afrika ölkələri daxildir.

Azərbaycan ədliyyə və məhkəmələrin ən rüşvətxor sahə olduğuna inanılan 20 ölkənin sırasındadır. Bu qrupda Ermənistan, Moldova, Gürcüstan, Litva kimi keçmiş sovet ölkələrinin adları var.

Ermənistan, Qırğızıstan və Rusiya da dövlət qulluqçularının daha çox rüşvətxor olduqları güman edilən 7 ölkə arasındadır.

Əvəzində Azərbaycan Ermənistanla birlikdə daha dörd ölkənin daxil olduğu qrupa da aid edilib. Bu qrupda olan ölkələrdə insanlar səhiyyə sisteminin korrupsiyalaşmış olduğunu düşünürlər.

Medianın korrupsiyasına gəlincə isə, onu yalnız dörd ölkədə - Avstraliya, Misir, Yeni Zelandiya və Britaniyada bu bəlaya bulaşmış kimi görürlər.

Dini qurumlara ən az inanan Danimarkadır.

Biznesin korrupsiyalı sahə olduğuna inanan 3 ölkə arasında Norveçin də adı var.

ADAMLAR NƏYƏ QADİRDİRLƏR?

Suallardan biri də təxminən belə səslənir. Sadə insanlar rüşvət və korrupsiyanın qarşısının alınmasında nəsə edə bilərmi? Bu sualın cavabı ölkədən-ölkəyə müxtəlifdir və dövlətlər növbəti cədvəldə bu prinsiplə qruplara ayrılıb.

Ermənistan, Estoniya, Litva, Ukraynada adamların 20 faizdən 40 faizədək hissəsi hesab edir ki, sadə insanlar korrupsiya ilə mübarizəyə töhfə verə bilərlər.

Ümidli adamların daha çox, yəni 61-80 faiz olduğu ölkələrin kateqoriyasında çox sayda ölkənin, o cümlədən Azərbaycanın da adı çəkilir. Bu qrupa həmçinin Türkiyə, Britaniya, ABŞ və hətta Mozambik də daxildir.

İnsanların korrupsiya ilə mübarizəyə ən çox can atdığını əks etdirən kateqoriyada (81-100 faiz) Yunanıstan və əsasən Venesuela kimi Cənubi Amerika ölkələri var.

NORVEÇLİLƏRİN 94 FAİZİ RÜŞVƏTLƏ ŞƏXSƏN MÜBARİZƏ APARMAQ İSTƏYİR

Cədvəllərdən biri də rəyi soruşulanların neçə faizinin korrupsiya ilə şəxsən mübarizə aparmaq istədiyini əks etdirir.

Bu bölüm üzərində çox dayanmamaq da olar. Əksər ölkələrdən olanların 80-100 faizi mübarizəyə hazır olduğunu deyib. Azərbaycan üzrə bu, 81 faizdir. Korrupsiyadan daha az şikayət edən Gürcüstanda da rəyi soruşulanların 87 faizi bu bəla ilə şəxsən vuruşmağa hazırdır.

Təşəbbüsü şəxsən öz əlinə almaq həvəsində olanların faizinə görə rəyi soruşulan ölkələr arasında kəskin fərqlər var. Məsələn, banqladeşlilərin 100 faizi korrupsiya ilə mübarizəyə hazır olduğunu bildirsə də, ermənilərin yalnız 47 faizi başını bəlaya soxmaq istəmədiyini deyib.

Lakin ən paradoksal olan budur ki, korrupsiyanın demək olar olmadığı Norveç üzrə də rəyi soruşulanların 94 faizi rüşvətlə mübarizəyə günü bu gün qoşulmaq əzmində olduğunu söyləyib.

Nə ilə mübarizə sualı da vermək olar, amma bəlkə elə buna görədir ki, Norveçdə korrupsiyanın reytinqi son dərəcə aşağıdır.

Hökumət vətəndaşdan nə qədər çox qorxsa, bir o qədər yaxşıdır?
XS
SM
MD
LG