Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:12

«Rüstəm İbrahimbəyova nə deyəcəklər?»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
Artıq tam yeni ampluada – Milli Şura sədri və müxalifətin prezidentliyə vahid namizədi kimi tanınan kinodramaturq Rüstəm İbrahimbəyovun adı medianın gündəmindən düşmür. Bakıya qayıtsa, həbsə atılacağını, iki ölkə vətəndaşı olmasının prezidentliyə namizədliyinin qeydə alınmasında əngəl törədəcəyini yazır və başqa bənzər iddialar irəli sürürlər.

AZƏRBAYCAN QANUNLARI NƏ DEYİR?

Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd ola bilməyəcəyini deyənlər ölkə Konstitusiyasının 100-cü – «Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər» maddəsini əsas gətirirlər.

Sözügedən maddədə qeyd olunur ki, «yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər».

Elə bunu nəzərə alan Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina etmək üçün bu ölkənin müvafiq qurumlarına yazılı müraciət edib.

YAP-IN ŞƏRHİ

YAP İcra katibinin müavini Siyavuş Novruzov Lent.az-a müsahibəsində Rüstəm İbrahimbəyovun bu məsələdə gec davrandığını söyləyir:

«Rüstəm İbrahimbəyov indi deyir ki, Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət edib. Amma əslində vətəndaşlıqdan çıxma proseduru 6-7 ay ərzində baş verir.
Siyavuş Novruzov
Siyavuş Novruzov
Çünki Rüstəm İbrahimbəyov müxtəlif instansiyalara müraciət etməli, həmin instansiyalar buna baxmalıdır. Son anda da Rusiya prezidenti onu vətəndaşlıqdan məhrum edə bilər».

Siyavuş Novruzov məsələnin təkcə müddətlə bağlı olmadığını da deyir. O, Rüstəm İbrahimbəyovun Rusiya dövləti qarşısında siyasi, maliyyə və digər öhdəliklərə görə məsuliyyət daşıdığını da vurğulayır. Hakim partiya təmsilçisinin fikrincə, İbrahimbəyov bu məsələləri çözməkdən ötrü ən azı Rusiyanın 23-25 strukturuna üz tutmalıdır. Siyavuş Novruzov problemin bununla da bitmədiyini qeyd edir:

«Konstitusiyada 10 il Azərbaycan ərazisində daimi yaşamaqdan söhbət gedir. Rüstəm İbrahimbəyov Azərbaycan ərazisində 10 il daimi yaşamayıb. Özü də etiraf edir ki, Rusiyanın hansısa universitetində professordur, orada çalışır. Professor kimi çalışır və universitetdə əməkhaqqı alırsa, o, Azərbaycanda necə daimi yaşaya bilir? Həm də Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı varsa, Azərbaycanda 10 il daimi yaşaya bilməz, çünki digər ölkə qarşısında da öhdəliyi var».

RUSİYA QANUNVERİCİLİYİ NƏ DEYİR?

«Miqrasiya Mərkəzi» İctimai Birliyinin rəhbəri Əlövsət Əliyevə görə, «Rusiya Federasiyası vətəndaşlığı haqqında» qanunun 35-ci maddəsinə əsasən, vətəndaşlıqdan çıxma ilə bağlı müraciətlərə bir il ərzində baxılır. Birlik rəhbəri Rusiya qanunvericiliyində bu məsələdə yalnız uşaqlarla bağlı müəyyən istisnalara yol verildiyini bildirir.
Əlövsət Əliyev
Əlövsət Əliyev
Amma eyni zamanda belə halların Rüstəm İbrahimbəyovla bağlı tətbiq oluna biləcəyini də mümkün sayır. Onun fikrincə, bu, həm Rüstəm İbrahimbəyovun öz imtinasını necə əsaslandırmasından, həm də Rusiya prezidentinin verəcəyi qərardan asılıdır:

«Rusiya qanunvericiliyində müstəsna hal uşaqlarla bağlıdır. Amma Rusiya tərəfi Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan imtinasını onun prezident seçkilərində iştirakına bağlasa və bu halı müstəsna hal kimi dəyərləndirsə, qərarını qısa müddətdə verə bilər. Rusiyada il ərzində 4-5 dəfə vətəndaşlığa qəbul və imtina ilə bağlı sərəncamlar imzalanır, amma son hədd 1 ilə qədərdir».

Bu məsələ müzakirə olunduğu bir vaxtda, hüquq-mühafizə orqanlarına istinadən, Azərbaycana qayıdacağı halda Rüstəm İbrahimbəyovun barəsində vergi cinayətləri ilə bağlı cinayət işi açılacağı və onun həbs ediləcəyi barədə məlumatlar yayılmaqdadır. Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov istintaq sirri saydığından bu məsələyə şərh vermək istəmədi.

«RÜSTƏM İBRAHİMBƏYOVA NƏ DEYƏCƏKLƏR?»

Politoloq Zərdüşt Əlizadə Rusiya vətəndaşlığından imtina edəndən sonra Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmamasına əsas görmür:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

«Rüstəm İbrahimbəyova nə deyəcəklər? Azərbaycanda onun hansı biznesi var ki? Bunlar hamısı boş söhbətlərdir. Hakimiyyət xaricdən yox, daha çox xalqdan qorxur. Xalqı irəli aparacaq bir lider yox idi. İndi Rüstəm İbrahimbəyov peyda olub deyə, ondan qorxurlar. İlqar Məmmədovdan da qorxduqları üçün onu həbs etdilər. Rüstəm İbrahimbəyovu qeydiyyata almasalar, onda seçkilərin əhəmiyyəti itir və onun qeydə alınmaması hakimiyyət oğurluğu olacaq».

«KİMSƏ AZƏRBAYCANDAN ÇIXIRSA... O, AZƏRBAYCAN VƏTƏNDAŞI DEYİL?»

Zərdüşt Əlizadə Rüstəm İbrahimbəyovun Azərbaycanda 10 il boyunca daimi yaşamaması barədə səslənən fikirləri də tutarlı saymır:

«Mən son illərdə neçə dəfə, özü də aylarca Rüstəm İbrahimbəyovla əməkdaşlıq etmişəm. Kimsə Azərbaycandan çıxırsa, bu o deməkdir ki, o, Azərbaycan vətəndaşı deyil? Bunlar hamısı boş-boş şeylərdir».

Almaniyada səfərdə olan Milli Şurasının vahid namizədi Rüstəm İbrahimbəyov iyulun 31-də Tbilisi-Bakı reysiylə Bakıya gələcəyini bildirib.

Azərbaycana qayıdacağı halda həbs olunacağı barədə xəbərə gəlincə, o deyib ki, bununla onu qorxutmaq istəyirlər.
XS
SM
MD
LG