Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:36

Moskva ilə Kiyev arasında şokolad çəkişməsi


Arxiv foto
Arxiv foto
.

Zülfüqar Rüfətoğlu tərcümə etdi


İyulun 29-da Rusiyanın baş səhiyyə müfəttişi Gennady Onishchenko elan edib ki, Ukraynanın şirniyyat şirkəti olan “Roshen”-dən şokolad və digər məhsulların idxalı qadağan edilir.

Rusiyanın “İnterfax” xəbər agentliyinə müsahibəsində Onishchenko deyib ki, ölkənin ərzaq istehlakı nəzarətçisi “Rospotrebnadzor” südlü şokolad məmulatlarında karsinogen benzoprinin yüksək faizdə mövcudluğu da daxil olmaqla, “Roshen” məhsullarında “sistematik pozuntular” qeydə alıb.

“Roshen” bu iddiaları qətiyyətlə rədd edib və bildirib ki, o, istər Ukraynanın, istərsə də Rusiaynın səhiyyə qaydalarına riayət edir və 15 illik xidməti ərzində nə Rusiyadan, nə də başqa idxalçılardan şikayət almayıb.

“Roshen” – “Elegance Extra-Dark” plitə şokoladları, “Milk Drop” karamelləri və “Crazy Bee” jeleli konfetləri də daxil olmaqla, onlarca şirniyyat məmulatı istehsal edir. Şirkət bildirib ki, iddia edilən pozuntular barədə Rusiyadan rəsmi xəbərdarlıq hələ ki gəlməyib.

Bu hadisə ötən həftəsonu Ukraynada bu regionda Xristianlığın qəbulunun 1025-ci ildönümü təntənə ilə qeyd edildikdən dərhal sonra baş verib. Kreml bu yubileyə Rusiya-Ukrayna birlyinin olub-qalan simvolu kimi baxırdı.

“Şokolad müharibəsi”

Bunun əvəzində Onishchenko-nun bütün iyul ərzində götür-qoy etdiyi qadağanı açıqlaması göstərir ki, iki qonşu arasındakı ənənəvi umu-küsü bərpa olunmaqdadır.
Bəziləri belə yozurlar ki, “şokolad müharibəsi” Ukraynanın Rusiyadan gətririlən avtomobillərə xüsusi gömrük rüsumu qoyulması barədə qərarına Moskvanın cavabıdır.

Kiyev həmçinin xarici avtomobillərin təkrar emalı məsələsində Rusiya ilə mübahisəsini Dünya Ticarət Təşkilatı müstəvisinə keçirib.

Ukraynanın bu hərəkətlərindən qəzəblənən Rusiya iyulun əvvəllərində Ukraynadan idxal olunan kömür, şokolad və şüşəyə yeni gömrük rüsumları qoyub.

Lakin “Kommersant-Ukrayna” qəzetinin biznes üzrə redaktoru Anton Onufrienko Rusiyanın “Dozhd TV” kanalına müsahibəsində deyib ki, çox az ekspert son mübahisənin tam şirniyyat qadağanı ilə nəticələnəcəyinə inanır.

“Adamlar bilirlər kİ, narazılıq avtomobil idxalı rüsumları və təkrar emal vergisi ilə bağlıdır, - deyir Onufrienko, - hətta Ukrayna nazirliyi də bilir ki, hadisələr dialoqa və qarşılıqlı anlaşmaya doğru gedir. Əgər avtomobil vergisi qaldırılsa, “Roshen”in də heç bir problemi olmayacaq”.

Ukrayna baş nazirinin birinci müavini Serhiy Arbuzov şokolad məsələsinə şərh verərkən deyib ki, iki ölkə “ticarət müharibəsində” deyil və rəsmilər problemlərə baxacaq və birgə bəyanatlar verəcəklər.

Xalqın can sağlığı, yoxsa iqtisadi şantaj?

Rusiya siyasi disputlar zamanı qonşularına təzyiq göstərmək üçün ərzaq təhlükəsizliyi məsələsini qaldırmağı adət edib.

Son illərdə elə həmin bu Onishchenko Moldova və Gürcüstan şərablarına, Belarus şəkərinə və Ukrayna pendirinə qadağan qoyub.

Moskva bu qadağanların hamısını ictimaiyyətin sağlamığı mülahizələri ilə izah edib. Lakin qadağanlar Rusiyanın həmin bu qonşuları ilə münasibərtlərinin incik vaxtlarına “təsadüf” edib.

Moskva 2012-ci ildə qoyulmuş pendir idxalı qadağanından Ukraynanı qaz məsələlərində, ticarət əlaqalərində yola gətirmək və Kiyevin Avropaya inteqrasiya niyyətini əngəlləmək üçün iqtisadi şantaj alətinə çevirib.

Pravoslav yubiley təntənələrinin kuluarlarında görüşən Putin və Yanukovich-in müzakirə etdikləri də məhz bu üç məsələ olub.

Onishchenko-nun son qadağan elanı göstərir ki, Vladimir Putin Kiyev görüşündə istədiyinə nail ola bilməyib.

Ukraynanın keçmiş xarici işlər naziri Volodymyr Ohryzko deyir ki, “Rospotrebnadzor”un “son tapıntısı” təsadüf deyil.

AzadlıqRadiosunun Ukrayna xidmətinə müsahibəsində Ohryzko deyib ki, qarşıdan gələn aylarda belə insidentlərin sayı artacaq, çünki Ukraynanın Avropa İttifaqının bu noyabrda Vlnüsdə keçirləcək sammitində Brüssellə Assosiasiya Sazişini imzalamaq niyyəti Moskvanın qıcığına səbəb olub.

“Mənim nəzərimcə, Onishchenkonun elanları heç vaxt təsadüfən səslənmir, - deyib keçmiş nazir, - “Roshen”dən sonra növbə boru kəmərlərinə çatacaq. Borulardan sonra pendir gələcək, pendirdıən sonra daha nə isə olacaq. Bu eyni bir xəttin davamıdır. Mən narahatam ki, iş bunlarla da bitməyəcək. Vilnüs sammiti yaxınlaşdıqca Ukraynada belə “qeyri-standart” situasiyaların sayı artacaq”.

“Roshen” öz məhsullarını 9 keçmiş sovet respublikasına, həmçinin ABŞ, Kanada, Almaniya və İsrailə ixrac edir. Rusiyada satış artan xətlə inkişaf edir və “Roshen”in 2012-ci il üçün bu ölkədəki gəlirləri 175 faiz artaraq 1,3 milyard rubla çatıb.

Şirkətin sahibi, “şokolad kralı” Petro Poroshenko Narıncı İnqilab zamanı keçmiş president Viktor Yushchenko-nun yaxın müttəfiqi olub. Onun Yanukovich və Rusiya ilə münasibətləri isə həmişə sərinliyi ilə seçilib.

Soyadının orta hissəsini şirkətinin adına çevirmiş Poroshenko Ukraynanın ən nüfuzlu fiqurlarındandır və bəziləri onu Kiyev meri və hətta ölkə prezidenti vəzifəsində görürlər.
O, AzadlıqRadisounun bu hadisə ilə bağlı sualını şərh etməkdən imtina edib. Yalnız bunu söyləyib ki, “belə işlərin siyasətlə qarışmasına yol verməmək hökumətin vəzifəsidir”.
XS
SM
MD
LG