Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:09

Məxfi məktub London-Gaddafi sövdələşməsini faş etdi


Arxiv foto: Britaniyanın keçmiş Baş naziri Tony Blair.
Arxiv foto: Britaniyanın keçmiş Baş naziri Tony Blair.

Lockerbie təyyarə partlayışını törətməkdə şübhəli bilinən Abdelbaset al-Megrahi Liviya və Britaniya arasında silah satışına dair əldə olunmuş gizli sövdələşmənin nəticəsi olaraq həbsdən azad edilib.

Yenicə açıqlanmış gizli diplomatik yazışmadan aydın olur ki, al-Megrahi-nin azad edilməsi üçün Liviya Britaniyadan 400 milyon funt sterlinqlik silah almağa boyun olub.
Britaniyanın Tripolidəki səfirinin göndərdiyi emaildə deyilir ki, məhbusun buraxılması barədə saziş Liviya hava hücumundan müdafiə sistemlərini almaq barədə vədini yerinə yetirdikdən sonra imzalanacaq.

Mətbuat yazır ki, yenicə açıqlanmış bu məlumatlar o vaxt hakimiyyətdə olmuş Leyborist partiyası üçün əsl rüsvayçılıq olacaq.

Leyboristlər Abdelbaset al-Megrahi-nin həbsxanadan azad edilməsinin arxasında heç bir ticarət sövdələşməsinin dayanmadığında həmişə israr ediblər.

Britaniyanın polkovnik Muammar Gaddafi rejimi ilə münasibətləri barədə hesabatdan ibarət email 2008-ci ilin 8 iyununda bu ölkədəki səfir lord Vincent Fean tərəfindən o vaxt baş nazir vəzifəsindən təzəcə getmiş Tony Blair-in şəxsi ofisinə göndərilib.

Tony Blair Birləşmiş Krallığın baş naziri vəzifəsini tərk edəndən dərhal sonra Yaxın Şərq üzrə beynəlxalq kvartetin xüsusi elçisi vəzifəsinə təyin edilib. Bu kvartet BMT, Avropa İttifaqı, ABŞ və Rusiyadan ibarətdir.

BLAİR DİKTATORUN TƏYYARƏSİNDƏ

Cənab Blair həmin il iyunun 10-da Gaddafi ilə görüşmək üçün diktatorun verdiyi təyyarə ilə Tripoliyə uçub.

Ümumiyyətlə isə, Blair baş nazirlikdən gedəndən sonra Liviyaya ən azı 6 səfər edib.
Britaniyanın Liviyadakı o vaxtkı səfirinin 1300 sözlük hesabatı göstərir ki, Gaddafi-nin qarşısına kifayət qədər böyük şərtlər qoyulub.

Bu şərtlərdən birinə görə polkovnik Liviyanın 80 milyard funt sterlinqlik dövlət fondundan investisiyaları yalnız Britaniya bankları vastitəsi ilə həyata keçirməli idi.
Bu emaildən bəlli olur ki, London ABŞ prezidenti George Bush-un Liviyanın Amerikadakı mülkiyyətini dondurmasından narazı olub.

Megrahi-nin 2009-cu ilin avqustunda həbsxanadan azad edilməsi Britaniya cəmiyyətinin, ən çoxu da Lockerbie partlayışı qurbanlarının qohumlarının hiddətinə səbəb olmuşdu.

O zaman hakimiyyətdə olan Leyborist hökuməti israr edirdi ki, 1988-ci ildə Şotlandiyanın Lockerbie kəndi üzərində London-Nyu York reysi ilə uçan təyyarənin partladılması nəticəsində həlak olmuş 270 nəfərin qətlinə görə məhkum edilmiş Megrahi, xərçəng xəstəsi olduğu üçün humanist mülahizələrlə azad edilib.

Liviya Megrahi-nin azad edilməsinə çox çalışırdı və vəzifəsini tərk etməzdən az öncə Tony Blair Muammar Gaddafi ilə görüşmək üçün təcili qaydada Sirt şəhərinə uçmuşdu.

Səfir lord Vincent-in sözü gedən elektron hesabatından məlum olur ki, həmin görüşdə Liviyanın baş naziri al-Baghdadi Liviyanın Britaniyanın MBDA şirkətindən raketdən müdafiə sistemləri alacağını vəd edən razılaşmaya qol çəkib.

Əvəzində, Britaniya və Liviya arasında məhbusların transferinə dair anlaşma memorandumu da imzalanıb ki, Megrahi-nin azad edilməsinə yolu məhz bu saziş açıb.

Lakin Megrahi-ni azad etmək üçün bütün hüquqi maneələr aradan qalxmamışdı. Beləki, cinayət Şotlandiyada törədilmişdi və Megrahi də Şotlandiya həbsxanasında idi.

Britaniyanın o vaxtkı ədliyyə naziri Jack Straw hələ 2007-ci ildə Şotlandiyalı həmkarını inandırmağa çalışırdı ki, məhbusların transferi barədə saziş Megrahi-yə şamil edilməyəcək.

Jack Straw bunu da əlavə etmişdi ki, Megrahi üçün Liviyadan xüsusi rica təqdim edilsə də, bu məsələdə son sözü Şotlandiya nazirləri deyəcəklər.

KƏFƏNİ YIRTAN MEGRAHİ

Lakin bir il sonra artıq maliyyə böhranının astanasında olan Britaniya Liviya ilə işbirliyinə, daha doğruisu Liviya milyardlarının investisyasını əldə etməyə can atırdı.
Səfir Vincent-in məktubundan belə bəlli olur ki, cənab Blair Liviya ilə danışıqlarda vasitəçi kimi tanınıb.

O yazır ki, Liviyanın MBDA ilə 400 milyon funt sterlinqlik kontraktı imzaladığı təqdirdə Btitaniyada 2 min yeni iş yeri açmaq mümkün olacaq.

Səfir bildirir ki, sövdələşmənin baş tutmasına Liviyanın hakim çevrəsində Rusiyadan silah almağa meylli olan düşərgə mane olur.

Diplomat təsəlli üçün yazır ki, “Saif (Gaddafi-nin böyük oğlu) söz verib”.

Liviya və Britaniya arasında Məhbusların Transferi barədə Razılaşma (MTR) 2008-ci ilin noyabrında imzalanıb.

Megrahi-yə prostat xərçəngi diaqnozu 2009-cu ilin avqustunda qoyulub.

O vaxt Megrahi-nin bu dünyada iki ay vaxtının qaldığı elan edilsə də, o, dünyasını 2012-ci ildə dəyişib.

Mətbuat vurğulayır ki, Megrahi humanizm mülahizləri ilə həbsxanadan azad edilib, ölkəsinə göndərilsə də, Liviya raketdən müdafiə sistemlərinin alışı barədə müqaviləni heç vaxt imzalmayıb.

Mətbuatdakı sensayilaı açılqlamalara cavab olaraq MBDA şirkəti bildirib ki, “şirkət istisnasız olaraq hökumət tərəfindən verilmiş lisenziya çərçivəsində fəaliyyət göstərir və onun Liviya ilə əlaqələri Avropa İttifaqı tərəfindən o vaxt məqbul hesab edilən miqyasda sırf kommersiya xarakteri daşıyıb”.

Britaniya mətbuatı, təyyarənin partlayışı nəticəsində həlak olanların qohumları məxfi emailin mətnini İnformasiya Azadlığı Qanununa müvafiq qaydada sorğu verməklə əldə ediblər.

Qardaşı Peter-i Lockerbie terror aktında itirmiş Pam Dix deyib ki, bu emaildən hökumətin kommersiya sövdələşməsi ilə məhbus transferi arasında parallel apardığı aydın sezilir.

ŞOTLANDİYA ƏLAHƏZRƏTİN DEYİLSƏ, BƏS KİMİNDİR?

O vaxtkı leyborist ədliyyə naziri, Liviya ilə MTR sazişi üzrə danışıqları aparmış Jack Straw hökumətin hərəkətini müdafiə edərək deyib ki, Megrahi-yə görə heç bir sövdələşmə olmayıb və bu məsələ həmişə Şotlandiya hökumətinin ixtiyarında olub.
Lakin açıqlanmış məxfi emaildə səfir Vincent Tony Blair-i xəbərdar edir ki, Megrahi-nin azad olunmaq üçün verdiyi appelyasiyaya baxılması sonuncu mərhələdədir və Blair onun öz ölkəsinə qaytarılması barədə bütün tələbləri rədd etməlidir.

Emaildə bildirilirdi ki, “polkovnik G bu məsələni qaldıra bilər, çünki Saif dəfələrlər qaldırıb”.

Daha sonra qeyd olunur ki, MTR artıq qüvvədədir və tək Megrahi-ni həmin sazişin şərtlərindən çıxarmaq qanunsuz olardı.

Tony Blair-in hazırkı sözçüsü öz bossunu müdafiə edərək deyib ki, əksinə, məxfi emaildən silah satışı sazişi ilə məhbus transferi arasında paralleli Britaniyanın yox, Liviya hökumətinin apardığı görünür.

Onun sözlərinə görə, Megrahi-nin transferinin əlahəzrətin hökumətinə deyil, Şotlandiya icra hakimiyyətinə bağlı bir məsələ olduğu Liviyaya açıq bildirlib.
Doğrudan da sonunda Megrahi yerli Şotlandiya hökumətinin qərarı ilə Liviyaya transfer edilib və Tripoli limanında Saif Gaddafi tərəfindən atəş-fəşanlıqla qarşılanıb.

İndi Britaniyanın sosial şəbəklərində istifadəçilərin tez-tez verdiyi bir sual var: Şotlandiya əlahəzrətin deyilsə, bəs kimindir?
XS
SM
MD
LG