Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:12

"Siz allaxa inanursunuz?.."


Azad Qaradərəli
Azad Qaradərəli
-


...Üz-gözümüzdən axan qanı yağış yuyub təmizləsə də, ətrafımızda dərin bir qan gölü yaranır. Mən onu, özüm ağırlıqda olan bu uzun boylu qadını qoltuğuma vurub qan gölündən çıxarmağa çalışıram. İndicə bizi zina elədiyimizə görə daş-qalaq ediblər...



Azad Qaradərəli


ETERİ


-Siz allaxa inanursunuz?

Sualı verib bir qədər gözləyir. Mən də qəsdən cavabı gecikdirirəm. Bu qaradinməz xanımı danışdırmağın bircə yolu var: gərək onu öz silahıyla məğlub edəsən – susasan.

Doqquzuncu gündür evində qalıram, beş-altı kəlmə sözün eşitmişəm. O da nə söz? “Sabaxınız xeyir”, “axibətiniz xeyir” (o belə deyir), “yiməqiniz soyuub, yiqin”, “allax hər şegi gürür” və bu gün də mənə günorta yeməyi verəndə qəfil soruşduğu “siz allaxa inanursunuz?” sözləri...

...Bir qədər əsəblərim pozulan kimi olmuşdu. Həkim dedi ki, gərək ev-eşikdən, iş-gücdən bir az aralanasan, dağ rayonlarının birinə gedəsən, başına dinclik verəsən. Bərk-bərk də tapşırdı ki, nə badə kompyüter, kağız-qələm götürəsən...

Bir meşin dəftərçəm var - onu götürmüşəm, bir karandaş, bir də ki, qızımın netbukunu – mənim noutbukum ağırdır, dəyişmişik müvəqqəti.

Avtovağzalda dedilər get inqiloy məhləsinə, orda həm ev ucuzdur, həm də sərfəli. Nəymiş sərfəliliyi? Bunu sonra biləcəm.

Soraqlaşa-soraqlaşa gəlib bu evi tapmışam. Qapını döydüm, bir qadın çıxdı, elə ordaca sehrləndim. Uzun boylu, ağappaq əndamlı (o ağappaq əndamı elə o görən oldum – qadın qapını döyənin yad kişi olduğunu bilməmiş, ev paltarında qarşılamışdı məni ) bir qadın qapıya çıxır, bir an mənə baxıb yad bir dildə nəsə qışqırıb içəri qaçır. Təxminən beş dəqiqə gözləyib bir də döyürəm qapını və bu vaxt qapqara uzun paltarda bir qadın görünür (lap qədim manaşkalara oxşayır bu geyimdə) və qara paltarını tamamlayan qara şalını bir az yana çəkib üzünü mənə göstərir və bu vaxt baxıb görürəm ki, bu elə bayaqkı qadındır. Bu arada o nəsə deyir, amma mən onu daha da heyrətamiz gözələ çevirən bu qapqara geyimə baxa-baxa nə dediyini anlamıram. Fəhmlə başa düşürəm ki, yəqin o nə istədiyiumi soruşur. Özümü içimdə danlayıram bu sıvılmağıma görə və deyirəm:

-Mən ev axtarıram...

Qadın tərəddüdlə üzümə baxıb bir an susur və yenə məni diqqətlə süzüb mızıldanır:

-Var bizdə.

Şükür ki, bu dəfə ayılıram və onun əli ilə “gəl” işarəsindən sonra dalıncan həyətə keçirəm.

Beş-altı metr belə, on-on beş metr də belə olar həyət. Ev ikimərtəbəlidir. Səliqə-səhmana söz ola bilməz. Həyətdə nə zibil, heç toz da gözə dəymir. Toyuq-cücə, qazlar, ördəklər və bir də həyət boyu hasara dırmaşmış üzüm tənəkləri. Bir qədər aralıda isə qızılgül kolları.

-Uşağınız var?

Sualıma özümün də acığım gəlir. Qırx yaşlarında qadının uşağı olsa da yəqin iri olar. (Mən körpə uşaq səsindən qaçıram)

Gülümsünür:

-Bir oğlan var, yatmağa gələr.

( Hiss edirəm ki, bizim dildə danışmağa çətinlik çəkir, “ğ” və “g” səslərini boğazının lap dibində deyir.)

Qiymətdə tez razılaşırıq. Hətta yeməyi, paltarımı yumağı da boyun olur, özü də çox cüzi əlavə pula. Danışmaqla arası yoxdur deyəsən, çox sözü elə başını yana və aşağı yelləməklə cavablandırır. Bu da yaxşı əlamətdir – danışıb baş-beynimi aparmayacaq. Tək bircə qorxum var – qadın çox gözəldir. Danışanda özümdən asılı olmayaraq onun bu qara paltarın içində gizlənsə də, gözəlliyini gizlədə bilməyən bədənindən, ağ maya buxağından, qanavız yanaqlarından gözümü çəkə bilmirəm. Nədənsə hiss edirəm ki, vəziyyət yaxşı görünmür. Burada qalmaq, səhhətimi daha da xarablaşdırmasa yaxşıdır. Ya qismət... (Dözməliyəm. İyulun bu istisində Bakıya qayıdası deyiləm ki?)

...Gözümü qıyıb ayağının ucuna baxıram. (Özümə söz vermişəm ki, qadının ayağının ucundan qeyri yerinə baxmayacam. Mən ha? Yalansa...) Çox az müddət dözürəm buna və bir də onda ayılıram ki, düz göbəyini nişanlamışam. Özü də yanmış bu dəfə bir az dar geyindiyindən paltar bədəninə elə yapışıb ki, göbəyi bu qapqara paltarın altından görsənən kimi olur və daha dözə bilmirəm, bir baş qadının sinəsinə zilləyirəm gözlərimi. (Sinə, sinə deyil ki! Burda Şəhriyar sözünə ciddi ehtiyac var: “Sinə bir dəşti-Muğan, quzu yan-yanə yatıb”) Allah ağlımı alır elə bil, hədərə-hədərə başlayıram ki:
-Şəhriyar, bilirsiniz...

Yaxşı ki, ağlım qayıdır yerinə və o andaca qadının sualı düşür yadıma.
-Hə, inanıram... Allaha inanmayan kafərdir...

Bu doqquz gündə ilk dəfə gülür. Allah-allah! Bu nə gülmək?! Elə bil dədəm evi yıxılır, Şəhriyar da burda acizdi vallah. Başa düşürəm ki, əgər bu hal, allah eləməmişdən davam eləsə, mən əməllicə ağlımı itirə bilərəm.

-No, sizinkilər bizi kafir sayır...

Yenə gülür, amma bu gülüş başqadır, “sizinkilər”ə, daha doğrusu, “bizimkilər”ə həqarət vardı sanki bu gülüşdə. Bu boyda zıppıltının içində bunu necə tutdum, hələ indi də mənə qaranlıqdır bu məsələ.

-Biz axı ingiloyuğ?.. Mənim papa türkdü, mama ingiloy... Amma hamı belə deyi kin...

Nə gizlədim, onsuz da bu qadında nə varsa, məni çəkir özünə, bizim arvad demişkən, arvad tayfası görəndə əl-ayağım əsir, özümü itirirəm, bu heç. Amma bu ayrı şeydi e, lap ilk məhəbbət fason bir haldı. Nə bilim, allah mənim xasiyyətimi kəsməsin deyim, kəssin deyim... Guya ki, gəlmişəm əsəblərimi sakitləşdirməyə, hanı, beynimdə damarım bir atır ki, allah bilir adrenalin vurdu çıxdı kəlləyə-çarxa... Hə, “atam türkdü” deməyiynən lap onluğa vurmuşdu zalımın qızı. (“Azərbaycanlı” demədi, eləcənə “türk” dedi) Niyə? Mən də bir az millətçifasonam axı - qadının “papa türkdü” deməsi onsuz da laxlayan içimi bir az da laxlatmış, məni qadına daha da doğmalaşdırmişdı. (Amma qoy soyuq başnan elə burdaca deyim ki, mənə elə də fikir verməyin, siz deyən millətçi-zad deyiləm. Yəni biz türklər ümumən millətçi ola bilmirik. Qanımızda yoxdu bu. İndi hamı bilir ki, biz ermənilərlə ədavətdəyik, müharibədəyik də. Vallah bir yoldan ötən erməni gəlib bu inqiloy evinə çıxsa və göz yaşı töküb desə ki, acam, mənə bir tikə çörək ver, durub mən də qoşulub ona ağlayacam, elə ağlaya-ağlaya onu yedizdirib-içizdirib cibinə də pul qoyub yola salacam.)

Bir az təəccüb içində qayıtdım ki:

-Axı siz müsəlmansınız, necə kafir ola bilərsiniz?

Yenə güldü. (Az qala yalvarmaq istəyirəm ki, gülməsin, mən özümlə bacarmıram, məndə olan hansısa illərdən bəri yığılıb qalmış enerji az qalır ki, vurub məni infark eləsin. Bir dəfə də belə şey olmuşdu, burnumdan qan açıldı. Həkimə danışdım , gülə-gülə dedi ki, siz gərək sekslə çox məşqul olasınız. Mən də dedim ki, axı dəfə alınmır bu? Cavab verdi ki, sizinki sevgi kimi bir şeydir. Hər dəfə axtardığınız qadına oxşarına rast gələndə illərin adrenalini yığışır bir yerə, sizi özünüzü idarə etməyə qoymur. Onda yaxşı olar ki, həmin qadının yanında çox qalasınız. Onunla yatağa girməsəniz də, ona baxmağınız kifayətdir ki, sizdə cavanlıq eşqi baş qaldırsın. Amma bunda bir az ehtiyatlı olmaq lazımdır. Yaşınız elədir ki, gərək onunla zarafat etməyəsən. 50 kişi üçün çox təhlükəli yaşdır...)

-Mənim adı bilirsiniz?

Doğrudan a... Doqquz gündür bu qadının əlindən yemək alıb yeyirəm, çay alıb içirəm, paltarlarımı ütüləyir, amma adını bilmirəm. Bilmirəm deyəndə ki... Axı heç özü də buna imkan vermir... Bu qara matəm palratının içində, yüz sözün birinə cavab verir, onu da başını hərləməklə...

-Eteri... Adım Eteridir... No, xamı burda mənə Tamara deyir... He-he.. guya Tamara öz sözləridir...

Deyəsən milli heysiyyətim gül vurur və bayaqdan bizlərə ilişən bu xanımı nəhayət ki, yerində oturtmaq istəyirəm:

-Axı sizin də atanız türkdür... Niyə elə deyirsiniz?

-Mən heç nə demədi... olanı dedi... Zaçem tak smotriti? Mən rus dilində oxudu məktəbi... Ona görə belə danışıram... Bir də mənim öz dili var: qruzin dili...

Üzünü hirslə çevirib gedir. Özümə nifrət edirəm. Mən bayaq başqa söz hazırlamışdım: “Səsinizin tonunda bizlərə qarşı bir nifrət duydum, hardandı bu?” Amma gördünüz ki, daha yumşağın demişəm: “Axı sizin də atanız bizdəndir... Niyə elə deyirsiniz?”

Həyətdə taqqıltı eşidilir. Oğlu Revaz gəlib. (Adı Revaz olsa da, burda hamı ona Rizvan deyir) Beşdə oxuyur. Amma heç kitab görmədim əlində. Axşamacan top qovur. Futbol köynəyinin üstündə Messinin adı və 10 rəqəmi var. Anasına baxanda bu təmiz danışır bizim dildə. “Salam” deyib qaçır mətbəxə.

–Tı qde bıl, hay, qde bıl? Ay allaxın balası...

Dalınca başa düşmədiyim dildə nəsə bərk qışqırır. “Dada” sözündən başqa bir şey başa düşmürəm. Yəqin gürcücə söyür. Axı bunların dili gürcü dilidir.
Onlar ana-bala bir-birini qıranda mən internetə girib gooqledə “inqiloylar” yazıram və xeyli bilmədiyim məlumatlar öyrənirəm.

Bəzi mənbələrə görə bunlar Azərbaycanda yaşayan gürcülərin subetnik qrupudur. Şah Abbas zamanında islamı qəbul ediblər. Digər mənbələr isə ingiloyları qədim alban tayfalarının 26 qolundan biri hesab edirlər. Daha doğrusu, inqloylar alban tayfalarından olan qədim gellərin törəmələridir. Arada assimilyasiya olunaraq gürcü dilini qəbul ediblər.Strabon yazırdı ki, gellər amazonların arasında yaşamışlar. (Vallah haqlıdır, Eteri əsl amazondur ki, var) İkinci əsrdə Plutarx da bu faktı təsdiq edib.

Kim nə deyir desin, mən bu balaca xalqı iki min il bundan əvvəl də elə burda, bu Alazan çayı vadisində yaşayan və bizlərlə kürək-kürəyə yatan görürəm. Eterinin timsalında sevdim bu xalqı. Elə bu hisslə də netbuku bağlayıb siqaret yandırıram. Bura gələndən hər günə üç gilə siqaret çəkmişəm. Bəlkə də atardım, bu qara paltarlı qadın olmasaydı...

***

Şalvarıma bir ütü çəkib ki, qoy ayaq üstə dik dursun. Öz aramızdır, bizim arvadla söz-söhbətimiz belə xırda-mırda şeylərin üstə olub həmişə. Ütü çəkməklə qəti arası yoxdur. Desəm səriştəsi yoxdur, günah eliyərəm, sadəcə, ona belə gəlir ki, üç gündən sonra bir də ütülənəcəksə, daha özünü niyə öldürməlidir, babat elədim, gey, get... Bu zalımın qızı isə... Hələ köynəyimin yaxalığına bax, səni allah! Nə vurub, ə buna? Mən yazıq heç belə köynək geyməmişəm ki? Elə bil öz köynəyim deyil? Nə bilim, bəlkə şişirdirəm? Özgə malı şirin olar axı... Yox e, yox... Dəsmalıma bax... nə vurub, ə buna? Hay səni! Qızılgül qurusu yığıb arasına... Gəl, indi beləsini sevmə...

Pilləkəndə görünür. Dünən axşam verdiyim kitab əlindədir. Hekayələr kitabımı vermişdim ki, oxumaq istəsə, oxusun. Mənim geyindiyimi görüb qayıtmaq istəyir.

-Yox, geyinmişəm, xahiş edirəm getməyin... Rayon mərkəzini gəzmək istəyirəm... Bir az da bazarlıq edəcəyəm...

-Siz bazarlığ getmiyin... Sizi Baki adami bilib yuxarı çena deyəcaxlar... Pulu verin, mən sizə ucuz alaram.

Düz deyir. Elə də edirəm. İndi anlayıram ki, mənə niyə “inqiloy məhləsinə get” dedilər. Bunlar həm düz adamdılar, kələk-filan bilməzlər, həm də hər mənada təmizdilər.

-Paltarlarıma görə sağ olun... Yəqin Revazın atası çox xoşbəxt adammış...

İncik görkəmlə, bir az da hürkək nəzərlə mənə baxır. Anlayıram ki, bu mövzu mənimçün qapalıdır. Ona görə söhbəti dəyişirəm.

-Kitabımı oxuya bildiniz?

-Bir neçə rasskaz oxudum... Çox açıq... nədi o... çılpax verirsiz, niyə? Maraxlıdı e... no... vazmite. Daha oxuya bilmərəm bunları... Biz musurmanıx...

Pis oldum. Kitabdakı hekayələri gözümün önünə gətirdim. Bəzilərində açıq-saçıq səhnələr, söyüşlər var. Amma indi bunlar adi şeydir axı... Amma hə. Bura ucqar dağ rayonu, qatı islamçı camaat və üstəgəl ərsiz qadın... Haqlıdır. Kitabı götürüb onun dalınca umsuna-umsuna baxıram. Arxadan yalnız dabanları ağarır. Qəfil geri qanrılır və açıq rişxəndlə:

-Revazın papa sizlərdəndi, - deyib gözdən itir.

***

Yaz yağışı yavaş-yavaş çiləyir və biz Tamara ilə əl-ələ tutub bu yağışın altında hara gəldi baş götürüb gedirik. Üz-gözümüzdən axan qanı yağış yuyub təmizləsə də, ətrafımızda dərin bir qan gölü yaranır. Mən onu, özüm ağırlıqda olan bu uzun boylu qadını qoltuğuma vurub qan gölündən çıxarmağa çalışıram. İndicə bizi zina elədiyimizə görə daş-qalaq ediblər. Mən onun qızılgül kimi partlamış ağzını ağzıma yaxınlaşdırıb qanını dodaqlarımla sümürürəm və arada “Tamara” deyib zarıyıram. O da eyni cür edir: elə qoltuğumda mənim dodaqlarımı yalayır və “yox, Eteri de” söyləyib gülümsəməyə çalışır...

...“Sən qəhbəsən! Sən pozğunsan!”
... “Uxadi atsuda! Tı ne mujşina! Tı - trus! Cəxənnəm ol! Paşol k çortu!”
... “Mən indi o şakalı da öldürəcəm! İkinizi də öldürüb girəcəm türməyə!”

- Dayı, ay day! Dur da, nolar, mamanı öldürür, qoyma...

Var qüvvəmi toplayıb bu rəzalət dolu yuxudan ayılmağa çalışıram və Revazı – Rizvanı qarşımda görürəm. Ağlaya-ağlaya yalvarır ki, mamama kömək elə, öldürür onu...

Şalvarımı necə əynimə çəkdiyimi, pillələrlə tullana-tullana necə qaçdığımı bilmirəm. Onda gördüm ki, əlində bıçaq tutmuş kişiylə gecə köynəyində olan qadının arasındayam. Qadın məni görən kimi üzünü divara tutub hönkürür. Onun köynəyi bir neçə yerdən cırılıb, quyruq kimi əndamı qalıb düzdə. Mən onu belə görüb üzümü yana çevirmək istəyirəm, bu vaxt kişi bıçağı mənə tərəf tuşlayıb bağırır:

-Həəə, demək bu sənsən? Sevgilini qurtarmağa gəldin? İndi bunu sənə göstərərəm! Əvvəl başını üzərəm, sonra da...

(Bir anlığa onunla göz-gözə gəlirik. Elə bil Rizvanın başını kəsib bunun çiyninə qoymusan, fəqət bu baş bir xeyli yaşlıdır)

Pis-pis söyüşlər söyür. Mən onu yazardım burda, amma o qadına görə yazmıram, əlim gəlmir, ona yaraşdırmıram o lətərcin söyüşləri...

Bu iki daşın arasında, üzümə bıçaq dayanan yerdə yadıma bir əhvalat düşür. Uşaqlıqda bir dəfə qonşumuzun oğlu bıçaqla üstümə gəlmişdi. Anam qiyə çəkdi, elə oğlanın anası da üz-gözünü diddi ki, qaç, səni öldürəcək. Amma məni qan elə tutmuşdu ki, geri qaçmaq əvəzinə onun üstünə yeriyirdim. Bir də onda gördüm ki, gədə bıçağı yerə atıb ağlamağa başladı...

Bəs indi nə təhər edim? Mən, axı o uşaqlıqdakı əhvalatı çıxsaq, heç dava eləməmişəm. İdmana-zada da getməmişəm. Elə boş vaxt tapan kimi çəkilmişəm təkliyə, hekayə yazmışam. İndi bu gözəl qadının yanında gerimi çəkilim, özümü rüsvaymı edim? Yox, ölsəm də, geri çəkilməyəcəyəm. Bu vaxt şalvarımın qabağından sallanan qara dəridən qayışım gözümə dəydi və bir göz qırpımında əl atıb qayışı şalvarın qayışlıqlarından çıxartdım, əlimdə fırlaya-fırlaya kişinin üstünə cumdum. İnanmazsınız! Elə ilk həmlədə qayışın dəmiri kişinin alnından tutdu və bir də gördüm onun üzünü qan bürüdü. Al qanın içində qaçıb həyət qapısından çıxdı.

Mən bir müddət əlimdə qayış həyətin ortasında qaldım. Handan-hana üzü divara bizim bu vuruşmamızı gözaltı izləyə-izləyə ağlayan Eteriyə yanaşdım. Onun qolundan tutub otağa tərəf aparmaq istəyirdim ki, gördüm Revaz qucağında anasının qara paltarı qapıda dayanıb.

***


-O Revazın atasıydı?

-Xə.

-Mənim paltarlarımı son dəfə ütüləyərsiniz? Sabah mən Bakıya qayıdacağam.

-Xəlbəttə... ütüləyəcək...

Sonra düz gözümün içinə baxdı:

-Sən yaxış adam... Ailən olmasaydı, sənə ərə gedərdim... Sən kişi adam...

Mən onun gətirdiyi yeməklərə gözümün ucu ilə də baxmamışdım. Elə bil Eteri ilə bərabər, mən də təhqir olunmuşdum. Bu gözəllikdə qadın elə bil yox idi mənimçün. Əslində bu qadın o qara paltarın içində gözəl, toxunulmaz imiş. Bütün sehr bundaymış. Mən onu cırılmış gecə köynəyində, söyüşün, təhqirin içində görəndən hər şey gözümdən düşmüşdü.

Paltarlarımı ütüləyib gətirdi və qabaqlardakı kimi o dəqiqə qayıdıb getmədi. Stula çökdü. Və birdən hönkürə-hönkürə durub üstümə yeridi. Nə təhər ayağa qalxdığımı bilmədim. Başımı sinəsinə sıxanda anladım ki, o məndən bir baş hündür imiş. İkimiz də hönkürüb ağlaşır, bir-birimizin dil-dodağını yalayırdıq... Eyzən yuxudakı kimi...

***

...-Məni Leninqrada aparmışdı. Bazarnı adamdı axı bu ölmüş, xəmişə yaxşı pulu olur... Xə, bir maqazinə girdik. Gördüm satıcı qruzin oğlandır. Mən dedi qamarcoma, o da dedi qamorcoma, patom qruzincə dedi ki, muj azerbayjaneç? Dedim da. Dedi, səndən xoşum gəlir, burax onu, mən səni alım... Qolumdan tutdu, qışqırdım: pusti! Bir də gördüm Nasir – xə, sizinkilər demişkən, vayına oturasan, adı Nasirdir – gəldi, qolumdan tutdu. Bu oğraş qruzin də buraxmadı. Mən sumkamı qaldırıb çırpdım bunun başına, buraxdı məni... Amma... üüü-ühüüü... Buraxanda yanımnan bir uşupnut... siz necə deyirsiz, xə, jımdıx aldı. Deyirəm ki, Nasir, o mənə sataşdı, jımdığladı, tı zaçem ni kriçal, ni ruqal?! Znayeş şto skazal? Ay qız, o sənnən bir jımdığ götürdü, qurtarmadı ki?! Panimayeş? On takoy oğraş... Ni skromnıy... Sizinkilər demişkən, o günnən Nasir bir kişi kimi mənim gözümnən düşdü... Znayeş kuda? Na tualete!.. Na kanalizatsii! A tı, maladçı! Sən əsl kişisən!

Zulum-zulum ağlayır. Zalımın qızına ağlamaq da yaraşır. Daha da gözəlləşdirir sifətini. Elə mən də ağlamaq istəyirdim, amma ağlaya bilmirdim... Bu gün beşinci siqareti yandırıb sümürürəm.

On dəqiqədən sonra evi tərk etməliyəm. Meşin dəftərçəmi açıb yazacağım hekayənin adını iri hərflərlə ilk səhifəyə yazıram: ETERİ. Bu mənim ən gözəl hekayəm olacaq, yazılmayan, cəmi beş hərfdən ibarət hekayə.

Başımın içində damar atır. Ürəyim də döyünür. Amma ağrı-filan yoxdu.

30.07.2013
XS
SM
MD
LG