Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:01

Suriya: Obama və Cameron müdaxilə barədə danışıblar


David Cameron və Barack Obama
David Cameron və Barack Obama
-
ABŞ prezidenti və Britaniyanın baş naziri ötən həftə Suriyanın kimyəvi silaha əl atdığı barədə iddiaların ardınca Dəməşqə qarşı “ciddi tədbir” barədə razılığa gəliblər.
Barack ObamaDavid Cameron arasında 40 dəqiqəlik telefon söhbətində Bashar al-Assadın kimyəvi silaha əl atması ehtimalı müzakirə olunub.
Prezident və baş nazir razılaşıblar ki, BMT müfəttişlərinin, Suriyada kimyəvi silahdan istifadə edildiyi güman edilən yerlərə buraxılması üçün rəsmi Dəməşqə verilmiş vaxt daralır.
Britaniya hökumətindəki mənbələr bildirirlər ki, iki lider Suriyaya qarşı bütün hərəkət variantlarını açıq saxlamaq qərarına gəliblər.
Onlar deyiblər ki, dinc mülkilərə qarşı kimyəvi silahdan istifadə Qərbi biganə qoya bilməz.
KİMYƏVİ SİLAHA DAİR SÜBUTLAR ARTIR
Bundan bir qədər əvvəl tibb xeyriyyə təşkilatı Médecins sans Frontières (MSF) – “Sərhədsiz Həkimlər” bildirmişdi ki, avqustun 21-də üç saat ərzində Dəməşqin xəstəxanalarına neyro-toksik simptomları olan 3600 nəfər qəbul edilib. Onlardan 355-nin öldüyü xəbər verilib.
MSF-in əməliyyatlar üzrə direktoru doktor Bart Janssens bildirib ki, yerli həkimlərin təşkilata verdiyi məlumata görə pasientlərdə qıcolmalar, aşırı selik ifrazı, gözün torlanması və tənəvvüs çatışmazlığı qeydə alınıb.
Doktor Janssens deyib ki, bu simptomları yalnız neyro-toksik maddələrlə təmas yarada bilər.
Fransanın xarici işlər naziri Laurent Fabius şənbə günü bəyan edib ki, əldə olan məlumatlar Dəməşq yaxınlığında kimyəvi silah qətliamının baş verdiyini göstərir və bu hadisəyə görə Assad rejimi məsuliyyət daşıyır.
Britaniyanın xarici işlər naziri William Hague də bildirib ki, sivilizasiyalı dünya kimyəvi silah hücumuna dözə bilməz.
İndiyədək Barack Obama ABŞ hərbi qüvvələrinin Suriya münaqişəsinə müdaxiləsi məsələsində ehtiyatlı davranıb. Bununla belə, prezident lap əvvəldən bəyan etmişdi ki, kimyəvi silahdan istifadə Suriya rejimi üçün “qırmızı xətt” olacaq.
GENERALLARIN SAMMİTİ
Ötən şənbə ABŞ donanması şərqi Aralıq dənizi hövzəsinə əlavə raket döyüş gəmiləri gətirib.
Donanmadakı hərəkətlər iddia olunan kimyəvi silah qətliamını müzakirə edəcək sammitlə eyni vaxta təsadüf edir.
Bu sammit gələn həftənin əvvəllərində İordaniyanın paytaxtı Əmmanda keçiriləcək.
Sammit öncəsi təqdim olunan informasiyalar Dəməşq yaxınlığında mərkəzi sinir sistemini iflic edən sarin qazından istifadə edildiyini göstərir.
Son 72 saat ərzində hücuma məruz qalanlardan götürülmüş bioloji nümunələr məxfi qaydada Suriyadan çıxarılıb.
Suriya kimyəvi silah hücumuna görə məsuliyyətini inkar edir və BMT-nin tərksilah üzrə komissarı Angela Kane silah müfəttişlərinin iddia edilən kimyəvi hücum bölgəsinə buraxılmasına dair danışıqlar üçün Dəməşqə gəlib.
Suriyadakı üsyançı qruplar, lazım gələrsə, silah müffətişlərinin bölgəyə səfəri üçün təhlükəsiz keçid verməyə razılaşıblar.
Suriyanın rəsmi televiziyası bildirir ki, üsyançılara aid gizli tunellərdə kimyəvi silah aşkar edilib.
Xəbər verilir ki, ABŞ birləşmiş qərargahının rəisi general Martin Dempsey, ABŞ baş qərargahının rəisi general Lloyd Austin, habelə Türkiyə, Britaniya, Fransa, Qətər, Kanada, Səudiyyə Ərəbistanı və İtaliya silahlı qüvvələrinin baş qərargah rəisləri Əmman sammitində iştirak edəcəklər.
Mətbuat xəbər verir ki, ABŞ Aralıq dənizinə daha bir eskadra minadaşıyanı gətirib.
Bununla belə, gəmilərin Suriyaya qarşı əməliyyat keçirməyəcəkləri bildirilib.
Bu arada Suriyanın iki əsas müttəfiqi - Rusiya və İran kimyəvi silah hücumunda üsyançıları ittiham ediblər.
XS
SM
MD
LG