Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:29

Ermənistan: həm Rusiya, həm də Avropa ilə olmaq mümkündürmü?


Vigen Sarkisian
Vigen Sarkisian
-
Rikard Jozwiak
Ermənistan prezidenti Serzh Sarkisian sentyabrın 3-də elan edib ki, onun ölkəsi Rusiya, Belarus və Qazaxıstandan ibarət Gömrük İttifaqına qoşulacaq. Bununla belə, prezidentin administrasiyası ümid edir ki, Ermənistan həm də Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalaya biləcək. Ermənistanın bunun mümkünlüyünə inanmasına əsas varmı?
İdeya belədir: Avropa İttifaqı ilə Assosiasiya Sazişini bu sənədin ticarət hissəsi çıxarılmaqla imzalamaq. Sentyabrın 4-də prezident Sarkisian-ın administrasiyasının rəhbəri Vigen Sarkisian AzadlıqRadiosuna bildirib ki, Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığı iqtisadi və siyasi olaraq iki yerə bölmək istəyir.
Lakin bu mümkündürmü? Dərin və Hərtərəfli Azad Ticarət Zonası Sazişi (Deep and Comprehensive Free Trade Area (DCFTA) – Assosiasiya Sazişindən ayrıla bilərmi?
Bu, texniki cəhətdən mümkündür, lakin o qədər də sadə məsələ deyil. Ermənistan 4 il əvvəl Avropa İttifaqı ilə Assosiasiya Sazişini və Dərin və Hərtərəfli Azad Ticarət Zonası barədə sazişi müzakirə edərkən, belə bir razılıq əldə edilmişdi ki, ticarət sazişi daha böyük müqavilənin tərkib hissəsidir.
Bu isə o deməkdir ki, Dərin və Hərtərəfli Azad Ticarət Zonası barədə saziş Assosiasioya Sazişi daxilində ayrıca hissə olsa da, burada ticarətə aid elə məsələlər var ki, Assosiasiya sənədi ilə bağlıdır. Beləliklə, Yerevanın istədiyi olsun deyə, 1000 səhifəlik Assosiasiya Sazişi aranıb-daranmalı və oradan ticarətə aid bütün müddəalar çıxarılmalıdır.
Elə isə ticarətə aid müddəalar çıxarıldıqdan sonra müqavilədə nə qalacaq?
Bir növ, suyun suyu olan mətn qalacaq ki, praktik sənəddən daha çox simvolik sənədi xartırladacaq. Əslində ticarət Assosiasiya Sazişinin şah damarıdır. Ticarət haqqında müddəa Ermənistana təxminən yarım milyard insanı əhatə edən bazara qeyd-şərtsiz giriş verər və Avropanın ciddi nizamlama kriteriyası Ermənistanın məhsullarına şamil edilərdi. Bu hissə müqavilədən çıxarılsa, ortada çox yayğın bir siyasi sənəd qalacaq.
Assosiasiya Sazişi 4 geniş fəsildən ibarətdir. Birinci fəsil Avropa İttifaqının Vahid Xarici və Təhlükəsizlik Siyasəti ilə əməkdaşlığı nəzərdə tutur. İkinci fəsil ədliyyə və daxili işlərə aiddir. Üçüncü fəslə Dərin və Hərtərəfli Azad Ticarət Zonası barədə saziş daxildir. Dördüncü fəsil Avropa İttifaqı qanunvericiliyi ilə təhsil, mədəniyyət, elm və araşdırma kimi 27 sahədə inteqrasiyanı nəzərdə tutur.
Əgər Ermənistan Moskvanın gömrük ittifaqına qoşulsa (o mənada ki, bu sazişi hələ parlament ratifikasiya etməldir) ticarətə aid üçüncü fəsil avtomatik olaraq ortadan çıxır. 4-cü fəslin də bir çox müddəaları əhəmiyyətini itirir və qüvvədən düşür. Bu həm də ona görə baş vermir ki, bu müddəalar ticarətlə bağlıdır. Əsas səbəb budur ki, Ermənistan Avrasiya Gömrük İttifaqına qoşulsa, həmin təşkilatın qayda və standartları ilə hərəkət etməlidir. Bunlar isə Aİ-nin qayda və standartlarından kəskin fərqlənə bilər.
Ermənistan prezidenti S. Sarkisian Rusiya prezidenti V. Putinlə Gömrük İttifaqı haqda sənədi imzaladıqdan sonra
Ermənistan prezidenti S. Sarkisian Rusiya prezidenti V. Putinlə Gömrük İttifaqı haqda sənədi imzaladıqdan sonra
Bundan sonra ortada iki fəsil qalacaq ki, burada da, Avropa Komissiyası kimi təsisatlardan daha çox üzv ölkələr səlahiyyətə malikdirlər. Ermənistan birbaşa Brüssellə xarici siyasət məsələsində əməkdaşlıq edə bilər, lakin təhlükəsizlik məsələsində daha çox Moskvadan asılı olacaq. Bu isə o deməkdir ki, Ermənistan vətəndaşlarına Aİ-yə vizasız səfər etmək imkanının verilməsi barədə müddəa 2-ci fəsildən çıxarılmalıdır. Həm də bu halda Rusiyanı seçmiş Ermənistanın Avropa İttifaqından incik düşməsinə əsası olmayacaq.
Aİ BELƏ BİR SÖVDƏLƏŞMƏNİ QƏBUL EDƏ BİLƏRMİ?
Bəlkə də. Brüssel hələlik Ermənistanın son qərarı barədə ehtiyatlı davranır. Avropanın Qonşuluq siyasəti üzrə komissarı Stefan Fuele, hələlik Ermənistanın əsas niyyətinin nədən ibarət olduğunu başa düşmək istəyir və bu məsələni Ermənistanın xarici işlər naziri Edward Nalbandian-la əvvəlcə Brüsseldə, daha sonra isə Avropa İttifaqı və Şərq Partnyorluğu ölkələrinin xarici işlər nazirlərinin Yerevan görüşü zamanı müzakirə edəcək.
ƏVVƏLLƏR BELƏ BİR HAL OLUBMU?
Qətiyyən. Azərbaycanla müəyyən oxşarlıqlar var. Bakı lap əvvəldən bildirib ki, Assosiasiya Sazişinə - Dərin və Hərtərəfli Azad Ticarət Zonası barədə saziş hissəsi olmadan qoşulmaq istəyir. İndi Ermənistanın da istədiyi budur. Lakin burada iki həlledici fərq var. Qonşusundan fərqli olaraq Ermənistanın Assosiasiya Sazişi ticarət barədə müddəalarla doludur. İkincisi, Azərbaycan Rusiyanın rəhbərlik etdiyi gömrük ittifaqına qoşulmaq niyyətində deyil. Bu isə o deməkdir ki, Azərbaycanın Aİ ilə münasibətləri Ermənistanla müqayisədə daha sərbəst və aydın ola bilər.
Ermənistan fikrini dəyişib Dərin və Hərtərəfli Azad Ticarət Zonası barədə sazişə qoşula bilərmi?
Ermənistan hələlik heç nəyə qoşulmayıb və Aİ 6 keçmiş sovet respublikasından ibarət Şərq Partnyorluğunun iştirakı ilə özünün Vilnüs sammitindən əvvəl Yerevanın fikrini dəyişmək üçün ciddi səy göstərəcək. Əgər Yerevan Belarus, Qazaxıstan və Rusiyadan ibarət Gömrük İttifaqına qoşulsa belə, Dərin və Hərtərəfli Azad Ticarət Zonası barədə sazişə də ilkin imza ata bilər. Lakin bundan sonra Ermənistan Gömrük İttifaqına qoşulmaq üçün qəbul etdiyi bir sıra qanunvericilik aktlarını ləğv etməli olacaq. Bu qanunvericilik aktları Aİ qaydalarının tələb etdiyindən qat-qat azdır. Lakin ən ağlabatan ssenari budur ki, Şərq Partnyorluğu Rusiyanın gömrük ittifaqını əhəmiyyətsiz bir quruma çevirsin.

Sayta hazırladı: Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG