Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:08

Ədəbiyyatı zorlayanlar


Bloqçu Əli Novruzov
Bloqçu Əli Novruzov
-

Əli Novruzov:

"Azərbaycanda gənc yazarların sayı da yağışdan sonra göbələk kimi artır. Onlar da oxucularına keyfiyyətli ədəbi mətn təqdim edə bilmirlər, eyni zamanda yazıçı populyarlığı, tanınma, pərəstişkar kütləsi istəyirlər.

Ona görə də belə yazarlar öz kitablarının adlarını, üz qabıqlarını və səhifələrini zorlama, intihar, seks səhnələri, sevgi məktubları ilə doldururlar"



Bloqçu Əli Novruzov bu yazısı ilə gənc yazar Şəhriyar del Geraninin "İntihar hörüyü" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qatılır. Bundan sonra peşəkar tənqidçilərlə yanaşı müzakirələrdə, öz bloqunda davamlı olaraq ədəbi mövzularda yazan bloqçuların fikrinə də yer ayıracağıq.


Əli Novruzov


ƏDƏBİYYATI ZORLAYANLAR


Bu yaxınlarda dostlara gənc yazarlardan birinin son kitabından danışırdım – kitabda pedofiliya elementləri var idi. Dostlardan biri kinayə ilə “Nabokovun dəfnələri kimlərəsə rahatlıq vermir” dedi. Söhbətə üçüncü dostumuz qoşuldu:

– Sizcə onlar Nabokovu oxuyublar?

Yox, onlar Nabokovu oxumayıblar, oxuyublarsa da, yaxşı oxumayıblar. Məsələ daha səthidir. Daha banaldır. Bunu analogiya əsasında izah edək.

Azərbaycanda İnternet xəbər saytlarının sayı yağışdan sonra göbələk kimi artır. Bu saytlar oxuculara keyfiyyətli xəbər verə bilmirlər, eyni zamanda da ziyarətçilərin sayını asan yolla artırmaq istəyirlər. Ona görə də bu tipli saytların manşetləri zorlama, intihar, filankəsin çılpaq fotosessiyası, dəhşətli qəza və sair xəbərlərlə aşıb-daşır. Bir sözlə, bu yoldaşlar jurnalistikanı zorlayırlar.

Azərbaycanda gənc yazarların sayı da yağışdan sonra göbələk kimi artır. Onlar da oxucularına keyfiyyətli ədəbi mətn təqdim edə bilmirlər, eyni zamanda yazıçı populyarlığı, tanınma, pərəstişkar kütləsi istəyirlər. Ona görə də belə yazarlar öz kitablarının adlarını, üz qabıqlarını və səhifələrini zorlama, intihar, seks səhnələri, sevgi məktubları ilə doldururlar. Bir sözlə, onlar da ədəbiyyatı zorlayırlar.

Daha bir gənc yazar Şəhriyar Del Geraninin “İntihar hörüyü” də bu qəbildən bir kitabdır. Adında intihar, ilk cümləsində zorlanma, arxa qapağında seks səhnəsinin həm vizual, həm də sözlə təsviri olan bu kitab hansısa vulqar xəbər saytının “ŞOK – Filan rayonda 15 yaşlı qızı zorladılar” manşetli xəbəri ilə mobil telefonla çəkilmiş 3GP formatlı həvəskar porno roliklərin – “bazlıq” səhnələrinin bir az geniş, təfərrüatlı, banal variasiyasıdır. Təbii ki, icbari pedofiliya və parafiliya elementləri ilə.

Yox, seks və söyüş ədəbiyyatda, ədəbi əsərdə olmamalıdır deyə qayda yoxdur, ola da bilməz. Qoy bu mövhumatla liberal humanistlər özlərinə təsəlli versinlər. Amma ədəbi əsərdə seks və söyüşün mövcudluğunun da əlahəzrət konteksti olmalıdır. Kontekst isə, Pelevinin bir personajının yarızarafat remarkası ilə desək – söyüşdən daha qorxunc sözdür. Hətta ən iyrənc seks səhnələrinin, ən dəhşətli söyüşlərin də ədəbi əsərdə bir estetikası olmalıdır. Ədəbiyyatın banal pornoqrafiyadan fərqi də bundadır.

Digər tərəfdən də əsər boyu səpələnmiş “praqnoz”, “lakator”, “pionist”, “konalizasiya” sözlərini görüncə, bir anlıq fikrə dalırsan – “a” yerinə “o”, “o” yerinə “a” yazan bir şəxsin dəyərli ədəbiyyat nümunəsi yarada biləcəyi nə qədər inanılandır?

Amma baxın yazıçı özü nə deyir – kitabın 24-25-ci səhifələrində üzünü oxucuya tutaraq:

"Çox maraqsız danışıram bəlkə də, amma bacardığım budu. Xoşunuza gəlmirsə, yox, yəni maraqlı deyilsə demək istədim, dinləməyə bilərsiz. “Oxumaya” da yaza bilərdim, ancaq siz oxuyarkən həm də dinləyirsiniz axı. […] Lakin, siz mənə qulaq kəsilməkdən daha yaxşı variant təklif edə bilmərsiz özünüzə. Hamınız mənasız həyatla, gündəlik qayğılarla uğraşırsız! Yersiz işlərlə, qanmaz adamlarla məşğulsuz. Bəlkə də elə siz özünüz də qanmazın birisiz! Məgər başa düşmürsüzmü axmaqlığınızı?! Dünən danışdığınız yalandan, iki gün əvvəlki fırıldaqdan, beş gün öncəki xəyanətdən utanmırsızmı heç? İyrənc adamlarsız! Çox iyrəncsiz!"

Ucuz telefonla çəkilmiş 3GP formatlı “bazlıq” səhnəsində “baş qəhrəman” birdən işini yarımçıq buraxıb üzünü kameraya tutaraq bu qəzəbli monoloqu söyləsə, ona Hamlet deyə bilərikmi? Məncə, budur sual!
XS
SM
MD
LG