Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:42

Obama Suriya məsələsində əl saxlamağı qərara aldı


Barack Obama televiziya vasitəsiylə çıxışı zamanı
Barack Obama televiziya vasitəsiylə çıxışı zamanı
-
ABŞ prezdenti Barack Obama Suriyaya qarşı hərbi hərəkət planında əl saxlamağa qərar verib.
Bu barədə prezident, Vaşinqton vaxtı ilə çərşənbə axşamı saat 21-də (Bakı vaxtı ilə çərşənbə günü səhər saat 6.00-da) Amerika xalqına canlı teleyayımda müraciəti zamanı bildirib.
Cənab Obama çıxışına Suriya ilə bağlı hadisələrin qısa tarixçəsi ilə başlayıb.
O xatırladıb ki, Suriya münaqişəsinin həlli üçün son iki il ərzində diplomatik səylər göstərilib və onun özü şəxsən müharibənin əleyhinə olub.
Lakin o qeyd edib ki, avqust ayının 21-dən vəziyyət dəyişib.
Prezident deyib ki, həmin gün Suriya prezidentinin qüvvələri müxalifətin nəzarətində olan 11 məkana zəhərli qaz hücumu ediblər. Bu hücum nəticəsində uşaqlar və qadınlar daxil çox sayda dinc insan həlak olub.
Barack Obama deyib ki, ona ABŞ-ın Suriyaya müdaxiləsinin niyə lazım olduğu barədə suallar verilir. Prezident izah edib ki, bir gün döyüş meydanlarında Amerika əsgərlərinə qarşı kimyəvi hücumların edilməməsi naminə Suriyada baş verənlərə göz yummaq olmaz.
O xüsusilə vurğulayıb ki, Suriya rejiminin kimyəvi silahdan istifadə etdiyi qətiyyən şübhə doğurmur.
ABŞ DAHA BİR MÜHARİBƏYƏ GİRMƏYƏCƏK
Cənab Obama xatırladıb ki, silahlı qüvvələrin ali baş komandanı olmaqla yanaşı, o həm də «dünyanın ən qədim konstitusiyalı demokratiyasının prezidentidir» və məhz buna görə də Suriya məsələsinin Konqresdə müzakirəsini lazım bilib.
O deyib ki, amerikalıların müharibələrdən yorulduğunun fərqindədir və məhz bunu bildiyi üçün ABŞ qoşunlarını İraqdan çıxarıb, Əfqanıstandan isə çıxarmaqdadır.
Barack Obama bir daha vəd edib ki, Suriyaya qarşı mümkün zərbələr ABŞ-ı daha bir müharibəyə sürükləməyəcək və Amerika əsgərinin çəkmələri Suriya torpağına dəyməyəcək.
Prezident deyib ki, vətəndaş müharibələrinə birbaşa müdaxilənin nə qədər üzücü və uzun olduğunu İraq və Əfqanıstan müharibələri göstərib.
Bununla yanaşı o vəd edib ki, Suriya üzərinə mümkün hava zərbələri Liviyada və ya Kosovoda olduğu qədər uzun müddət çəkməyəcək.
QOŞUNLARI DÖYÜŞ HAZIRLIĞI VƏZİYYƏTİNDƏ QALACAQ
Suriya prezidenti Bashar al-Assad hərbiçilərlə birlikdə
Suriya prezidenti Bashar al-Assad hərbiçilərlə birlikdə
«Əgər Assad devrilməyəcəksə, zərbələrin nə mənası var» kimi suallara cavab olaraq prezident bildirib ki, zərbələr diktatorlara çox güclü mesajlar göndərə bilər və Assad da bundan sonra kimyəvi silahlara əl atmazdan əvvəl yaxşıca düşünməli olacaq. Prezident həmçinin Amerikanın biganə qalmasının başqa diktatorları və nüvə silahı yaratmağa çalışan İranı ürəkləndirə biləcəyindən söz açıb.
Assad-ın yerini insan haqlarının düşmənləri olacaq insanların tuta biləcyi təhlükəsindən danışan prezident deyib ki, əl-Qaeda yalnız dinc adamların qazla zəhərləndiyi yerlərdə güclü ola bilər.
Barack Obama bildirib ki, son günlər diplomatik sahədə ümidverici hadisələr yer alır. O rusların münaqişənin çözülməsi üçün son təklifi məsələsinə toxunarkən bildirib ki, bu irəliləyişlərin özü də Assad-ın təhlükəni hiss etməsi və özünün prezident Putinlə konstruktiv söhbətinin nəticəsində mümkün olub.
Çıxışının sonunda prezident Obama deyib ki, yaranmış vəziyyətlə bağlı Konqresə Suriya məsələsinə baxılmasının bir qədər təxirə salınmasını rica edib.
Lakin bununla belə, cənab Obama vurğulayıb ki, ABŞ silahlı qüvvələri döyüş hazırlığı vəziyyətində, tutduqları mövqelərdə qalacaqlar.
SURİYA KİMYƏVİ CƏBBƏXANASINI TƏSLİM ETMƏYƏ HAZIRDIR
Rəsmi Dəməşq bildirib ki, özünün kimyəvi silah cəbbəxanasını açıqlamağa və Kimyəvi Silahlara dair Beynəlxalq Konvensiyanı imzalamağa hazırdır.
Walid al-Muallem
Walid al-Muallem
​Rusiyanın dövlət televizyasındakı görüntülərdə Suriyanın xarici işlər naziri Walid al Moallem deyib ki, onun ölkəsi nüvə cəbbəxanasının beynəlxalq nəzarətə götürülməsinə və Suriyada bundan sonra kimyəvi silah istehsalının dayandırılmasına dair Rusiyanın təklifləri ilə tam əməkdaşlıq etmək niyyətindədir.
Suriya elan edib ki, nüvə silahlarının yerləri barədə məlumatı Rusiyanın, «başqa ölkələrin» və BMT-nin nümayəndələrinə təqdim etməyə hazırdır.
Maraqlıdır ki, bu bəyanatlardan bircə gün əvvəl prezident Bashar al-Assad ölkəsinin nüvə cəbbəxanasına malik olduğunu ümumiyyətlə danırdı.
Halbuki ABŞ dövlət katibi John Kerry Vaşinqtonda Silahlı Qüvvələr Komitəsinə bildirmişdi ki, Suriya 1000 tonadək müxtəlif kimyəvi agentlərdən ibarət cəbbəxanaya malikdir.
ABŞ, FRANSA VƏ BRİTANİYA QƏTNAMƏ LAYİHƏSİ TƏQDİM EDƏCƏK
Suriyanın belə bir bəyənatla çıxış etdiyi ərəfədə Britaniya, Fransa və ABŞ BMT-nin Təhlükəsizlik Şurasına Dəməşq üçün icbari olacaq qətnamə layihəsini təqdim etməyə hazırlaşırdılar.
BMT mənbələri bildirirlər ki, layihəyə prezident Assad-ın ittiham edilməsi daxildir və diplomatlar münaqişənin sülh yolu ilə həllinə və yaxud başqa vasitələr fayda vermədikdə Suriyaya qarşı güc tətbiq edilməsinə dair maddələrin qətnaməyə salınıb-salınmamasını götür-qoy edirlər.
Britaniyanın bş naziri David Cameron deyib ki, dünya Suriyanın kimyəvi silahlarını təslim etmək istəyində nə dərəcədə səmimi olduğunu və ya Qərbin cəzalandırıcı zərbələrindən yayınmaq üçün vaxt uzatdığını sınağa çəkməlidir.
David Cameron
David Cameron
Cənab Cameron deyib ki, Suriyanın öz vədini yerinə yetirməsi üçün konkret vaxt cədvəli tərtib edilməli və vəd yerinə yetirilmədiyi təqdirdə əl atılacaq tədbirlər müəyyənləşdirilməlidir.
Rusiya ötən çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının qapalı iclasını çağırmış, lakin sonradan bu çağırışını geri götürmüşdü.
ABŞ ÇOX DA UZUN MÜDDƏT GÖZLƏMƏYƏCƏK
Bununla belə, Rusiya prezidenti Vladimir Putin bildirib ki, Suriyanın kimyəvi silahlarını təhvil verməsi üçün ABŞ Dəməşqə qarşı hərbi güc işlədilməsi fikrindən əl çəkdiyi barədə vəd verməlidir.
ABŞ dövlət katibi John Kerry isə deyib ki, Vaşinqton hələ də kimyəvi silahların təhvil veriləməsi barədə rəsmi təklifi gözləyir və «Amerikanın çox da uzun müddət gözləmək niyyəti yoxdur».
O həmçinin vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının istənilən qətnaməsi Suriya üçün icbari olmalıdır.
Cənab Kerry Rusiyalı həmkarı Sergei Lavrov-la sözügedən təklifləri müzakirə etmək üçün cümə axşamı görüşməlidir.
BİR HƏFTƏ, YOXSA 45 GÜN?
Əslində Rusiyanın Suriya tərəfindən təkliflərlə çıxış etməsi cənab Kerry-nin Londonda etdiyi bir qeyddən sonra baş verib.
Sergey Lavrovla John Kerry görüş zamanı
Sergey Lavrovla John Kerry görüş zamanı
Cənab Kerry demişdi ki, Suriyanın hava zərbələrindən yayınmaq üçün yeganə yolu kimyəvi silahları bir həftə içərisində təslim etməsi olardı. Şərhçilər deyirlər ki, ruslar dövlət katibinin bu bəyanatından dərhal ikiəlli yapışıblar.
Bununla belə, Rusiya BMT TŞ qətnaməsində Suriyanın kimyəvi silahları təhvil verməsini icbari edən bəndin olmasına qarşıdırlar.
Ruslar bundan əvvəl də Suriyadakı vətəndaş müharibəsinə görə Bashar al-Assad hökimətini ittiham edən üç BMT qətnaməsinə veto qoyublar.
Prezident Barack Obama da bildirib ki, Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarətə götürülməsi bu ölkə üzərinə zərbələri ləngidə bilər. Lakin bununla yanaşı, prezident hələ də hərbi müdaxilənin Konqres müzakirəsinə çıxarılmasını istəyir.
Rəsmilər bildiriblər ki, Senatda səsvermə bu həftə keçirilməyə bilər.
Münaqişənin qeyri-zorakı həlli variantını ABŞ Konqresində maraqla qarşılayıblar.
Hər iki partiyadan olan səkkiz senatordan ibarət qrup bir araya gələrək Konqresə təqdim olunacaq qətnaməyə düzəlişləri müzakirə ediblər.
Onlar bu qənaətdədirlər ki, Suriya üzərinə zərbələr barədə qətnamə Rusiya planını nəzərə almalıdır.
Çox güman ki, qətnamə Suriyanın silahlarını BMT-yə təslim etməsi üçün 45 günlük müddət tanıyacaq.
Əgər bu, baş verməzsə, onda Obamanın hərbi hərəkət planına razılıq veriləcək.
MOSKVA TƏLƏSƏCƏYİNİ VƏD EDİB
Rusiyanın xarici işlər naziri Sergei Lavrov vəd edib ki, konkret təklif planı qısa müddətdə hazırlanacaq və bundan sonra BMT baş katibinin, kimyəvi silahlara nəzarət qurumlarının və BMT TŞ üzvlərinin iştirakı ilə dəqiqləşdiriləcək.
İran bildirib ki, Suriyanın kimyəvi silahları təhvil verməsi planını dəstəkləyir və bu silahların beynəlxalq nəzarətə götürülməsinə kömək edə bilər.
Təhlükəsizlik Şurasının üzvü olan Çin də bu planı dəstəklədiyini bildirib.
Bəhreyn isə bildirib ki, silahların beynəlxalq nəzarətə götürülməsi Suriya münaqişəsini həll etməyəcək.
XS
SM
MD
LG