Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:00

Avropa Birliyi Ermənistanla saziş imzalamayacaq, ancaq dinləməyə hazırdır



Ermənistan Gömrük İttifaqına daxil ola-ola, Avropa Birliyi ilə assosiasiya sazişi və azad ticarət sazişləri imzalaya bilməz. Bunu Avropa Birliyinin Genişlənmə komissarı Stefan Fuele Yerevanda elan edib.

Fuele həmçinin deyib ki, azad ticarət sazişi olmadan assosiasiya sazişini də Avropa Birliyi Ermənistanla imzalamayacaq.

Ancaq Fuele bildirir ki, Avropa Birliyi Ermənistanla bu iki sazişdən kənar əməkdaşlığı davam etdirməyə hazırdır.

Bunları Fuele Yerevanda Şərq Tərəfdaşlığı Proqramına daxil olan 6 ölkə ( Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Belarus) təmsilçilərinin iştirak etdiyi birgə mətbuat konfransında deyib.

Bununla belə, Fuele Birliyin Ermənistanla yeni prosesə təkan verməyə hazır olduğunu bildirib. Bu yeni proses mövcud tərəfdaşlıq və əməkdaşlıq sazişinin sərhədlərindən kənara çıxa bilər.

Komissar Tərəfdaşlıq Proqramına daxil olan 6 ölkənin noyabr ayında Vilnüsdə keçiriləcək sammitində ümumiyyətlə, heç bir ölkə ilə sənəd imzalanmayacağını bildirib.

Fuele deyib ki, Ermənistana “tərəfdaşlarımızın arzularını və nəyə üstünlük verdiklərini dinləmək üçün gəlmişəm”.
Bu səfər Ermənistan prezidenti Sarkisianın öz ölkəsinin Rusiyanın başçılıq etdiyi Gömrük İttifaqına qoşulmaq qərarını elan etməsindən sonra baş verir.

Fuele deyib ki, Azad Ticarət sazişi və Assosiasiya razılaşması bir müqavilənin iki tərkib hissəsidir, “biz onları ayıra bilmərik”.

Fuele bunu Azadlıq Radiosunun sualına cavabda deyib. Sual belə olub ki, Ermənistan Assosiasiya sazişini Azad Ticarət sazişi olmadan imzalaya bilərmi? Başqa sözlə, Ermənistan Rusiya ilə Gömrük İttifaqına daxil olmaqla, Avropa Birliyi ilə Azad Ticarətsiz, lakin Assosiasiya müqaviləsi və ya buna oxşar bir sənəd imzalaya bilərmi?

Fuele deyib ki, ermənistanlı tərəfdaşlar indiki mövcud tərəfdaşlıq və əməkdaşlıq sazişinin sərhədlərini aşan prosesə razılıq versə, “biz bu prosesə təkan verməyə şad olarıq”.

“Belə genişlənmənin Vilnüsdə olacağına isə nikbin baxmıram. Çünki biz ciddi öhdəlikləri olan ciddi sənəddən danışırıq.”

Bununla belə, Fuele ümid etdiyini bildirib ki, Vilnüs sammiti bu prosesin başlanğıcını qoyacaq.
XS
SM
MD
LG