Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:15

"Onun dissident imici saxta çıxdı"


Almaniya - Mo Yan Frankfurt kitab sərgisində, 2009
Almaniya - Mo Yan Frankfurt kitab sərgisində, 2009
-

Ötən il Nobel mükafatı almış çinli yazar Mo Yan, heç də bəzilərinin düşündüyü kimi, liberal dəyərlərin təbliğatçısı olduğu üçün ölkəsindəki repressiv kommunist rejiminin təzyiqləri ilə üzləşən birisi deyil.

Onun haqqında yaradılmış bu rəy saxtadır.


Nikil Saval-ın “London Review of Books” dərgisində çap edilmiş ”Xoşbəxt ağ göyərçinlər” məqaləsindən bu qənaətə gəlmək olar.

Məqalədə deyilir ki, Mo Yanın “İri döşlər, enli budlar” romanı 2004-cü ildə ingiliscə çap ediləndən sonra Qərbdə onun haqqında müsbət rəylər yazıldı, yazıçının romanda kommunist rejiminin yaratdığı mifləri dağıtmağa, zorakı mühiti olduğu kimi təsvir etməyə çalışdığı iddia edildi. İllərdir Mo Yanın əsərlərini ingiliscəyə çevirən Howard Goldblatt yazdı ki, “İri döşlər, enli budlar” Çində çap olunandan sonra yazıçı kommunist məmurların qəzəbinə tuş gəlib.

Məqalə müəllifi qeyd edir ki, halbuki əsərin qəzəblə qarşılandığını söyləməyə əsas verən dəlil yoxdur. Çünki roman nə qadağan edilmişdi, nə də senzuraya məruz qalmışdı.

O zaman Jonathan Yardley “Washington Post”dakı məqaləsində Mo Yanı göylərə qaldırmış, onun repressiv rejimin idarə etdiyi Çində cəsarətlə azadlıq və individualizm kimi dəyərlər uğrunda mübarizə apardığını iddia etmişdi.

Yardley yazmışdı ki, daim ədəbiyyatı siyasətə qatan İsveç Akademiyası üçün Mo Yan mükafatı vermək üçün ən düzgün seçim olardı və akademiya bu yolla Çinin Kommunist rəhbərliyinə mesaj yollamış olardı.

Nikil Saval “London Review of Books” dərgisindəki ”Xoşbəxt ağ göyərçinlər” məqaləsində bütün bunları yada salandan sonra qeyd edir ki, ötən il doğrudan da İsveç Akademiyası mükafatı Mo Yana verdi. Amma müəllifin fikrincə, bu dəfə ədəbiyyatın siyasətə qatılması tamamilə yanlış seçimlə nəticələnmiş oldu.

Çünki məsələn Nobel Sülh Mükafatı çinli yazar, ədəbiyyat nəzəriyyəçisi Liu Xiaobo-ya veriləndə Çinin Kommunist Partiyası qəzəblənmişdi.

Mo Yana mükafat veriləndə isə tamam başqa reaksiya müşahidə edildi - ekstaz.

Çinin təbliğat naziri Li Changchun Mo Yana təbrik məktubu da yazdı. Nazirin fikrincə, bu qələbə Çin ədəbiyyatının inkişafı və çiçəklənməsinin göstəricisidir, eləcə də Çin dövlətinin gücünün və nüfuzunun artmasının.
Mo Yanın romanı rus dilində
Mo Yanın romanı rus dilində

Məqalə müəllifi yazır ki, beləliklə Mo Yan haqda Qərbdə yaradılmış dissident imicinin saxta olduğu aşkara çıxdı.

Sən demə, o, Çində rəsmi dairələrin himayə etdiyi ədəbiyyat cameəsinin oturuşmuş fiqurlarından biri imiş.

Mo Yan 1979-cu ildən Kommunist Partiyasının üzvüdür.

Hökumətin dəstəklədiyi Yazıçılar Birliyində sədr müavinidir.

Kommunist lideri Mao-nun əsərinin (o əsər ki ədəbiyyatın sinfi mübarizəyə xidmət etməli olduğunu deyir) üzünün köçürülməsi mərasimində iştirak edib.

Üstəlik də Stokholm-da Nobel mükafatını almaq ərəfəsində Mo Yan senzuranın vacibliyi haqda danışmışdı, bunun bir az da “aeroportdakı təhlükəsizlik yoxlaması”na bənzədiyini demişdi.

Nikil Saval məqaləsində yazır ki, mükafatın Mo Yana verilməsi elan ediləndən sonra bir çox tanınmış yazarlar hiddətlərini gizlədə bilmədilər.

Çinli heykəltəraş Ai Weiwei Mo Yan-ı “satılmış adam” adlandırdı.

Nobel mükafatlı alman yazar Herta Müller mükafatın Mo Yana verilməsini faciə adlandırdı.

Britaniya yazıçısı Salman Rushdie də Facebook-da məyusluğunu ifadə etdi.

Mo Yanın əsərlərini oxuyan çox az sayda tənqidçi var.

O, doğrudanmı rejimin törətdiyi zorakılıqları açıq şəkildə pisləyir?

Həmin tənqidçilər bir ağızdan “yox” deyir.

Üstəlik də əsərlərinin heç birində rejimin adını da çəkmir.

Müasir Çin ədəbiyyatı üzrə mütəxəssis Perry Link deyir ki, məsələn, əsərində Çində baş vermiş dəhşətli aclıqdan danışan Mo Yan aclıq çəkən kəndliləri komik şəkildə təsvir edir, amma heç yerdə qeyd etmir ki, aclıqdan 30 milyon adam ölüb.

Nikil Saval “London Review of Books” dərgisindəki məqaləsində Mo Yanın əsərlərini təhlil edərək bu qənaətə gəlir ki, əslində bu əsərlər rejim üçün elə bir təhlükə kəsb etmir. Çünki Mo Yan sadəlövh uşaq kimi düşünür, ölkədəki eybəcərliklərdən danışsa da, onun əsərlərində şər qüvvə - korrupsiyalaşmış bürokratiya və başqa eybəcərlikləri doğuran urbanizasiyadır, insanların məsumluq mücəssəməsi kimi təsvir edilən kənd həyatından uzaqlaşması, nəfslərinə qul olmasıdır.
XS
SM
MD
LG