Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:03

Ramiz Mehdiyev yenə ABŞ-ı tənqid etdi


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
-
«Amerikadan olan nüfuzlu müşahidəçilər, çoxsaylı konqresmenlər seçkini alqışladıqları halda, Dövlət Departamenti və ABŞ-ın ATƏT missiyasındakı mövqeyi, yumşaq deyilsə, anlaşılan deyil».

Bu fikirləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oktyabrın 26-da «Interfax-Azərbaycan»a müsahibəsində deyib.

Daha sonra o, Avropa Parlamentinin son bəyanatını təhlil edərək onun müsbət və mənfi cəhətlərini sadalayır:

«Hər şeydən əvvəl Avropa Parlamentinin qətnaməsində pozitiv məqam kimi Ermənistan-Azərbaycan münaqişəsinə dair bəndi qeyd etmək olar. Orada deyilir ki, bu münaqişə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edən qətnamələri əsasında həll olunmalıdır. Bu qətnamə bir sıra Avropa strukturlarının Azərbaycan ərazilərinin işğalı məsələsinə ciddi yanaşmasından xəbər verir. Eyni zamanda bu, Ermənistanın xarici siyasətinin münaqişənin səbəblərini təhrif etmək üzərində qurulan xarici siyasətinin iflasıdır».

«ÖZLƏRİ TƏCRİD OLUNMUŞ VƏZİYYƏTƏ DÜŞÜBLƏR»

Ramiz Mehdiyev müsbət məqamla yanaşı, Avropanın siyasətində ziddiyyətlərin də müşahidə edildiyini söyləyib. O, Azərbaycana qarşı ikili standartlardan şikayətlənib. R.Mehdiyevin fikrincə, ABŞ Dövlət Departamentinin «bəzi məmurları» Azərbaycandakı seçkilərə dair müsbət rəylərini dəyişdirmək üçün AŞ PA-ya və Avropa Parlamentinə təzyiq etməklə ABŞ-Azərbaycan münasibətlərinə zərbə vururlar:

«ATƏT-in fəaliyyətdə olan sədri, ATƏT Parlament Assambleyasının müşahidə missiyasının və Avropa Parlamenti missiyasının rəhbərləri seçkilərə müsbət rəy verdikləri halda Amerika tərəfi Azərbaycanın demokratik inkişafında mühüm mərhələ olan prezident seçkilərini ləkələməyə yönələn yalan mövqe ortaya qoyur».

Ramiz Mehdiyev deyir ki, Amerikadan olan nüfuzlu müşahidəçilər, çoxsaylı konqresmenlər seçkini alqışladıqları halda, Dövlət Departamenti və ABŞ-ın ATƏT missiyasındakı mövqeyi, yumşaq deyilsə, anlaşılan deyil:

«ABŞ-ın bəzi siyasi dairələri Azərbaycanı təcrid etmək fikrindən hələ də imtina etməyiblər. Lakin onlar özləri təcrid olunmuş vəziyyətə düşüblər».

Bununla belə, Prezident Administrasiyasının rəhbəri avropalı tərəfdaşlarla uzunmüddətli əməkdaşlıqda maraqlı olduqlarını deyir.
XS
SM
MD
LG