Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:03

Britaniya Almaniyanı səfirliyin damından güdüb


Almaniyada yerləşən Britaniya səfirliyinin damı
Almaniyada yerləşən Britaniya səfirliyinin damı
.
Almaniyanın Xarici İşlər Nazirliyi Britaniyanın Berlindəki səfirini izahat üçün dəvət edib.
Britaniya mətbuatı ölkənin Almaniyadakı baş səfirliyində «son dərəcə məxfi dinləmə postu»nun olduğunu iddia edib.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) qaçaq əməkdaşı Edward Snowden-nin açıqladığı sənədlərdən görünür ki, Britaniyanın əsas kəşfiyyat qurumu - Hökumət Kommunikasiyaları Baş Qərargahı (GCHQ ), ABŞ kəşfiyyatı ilə birlikdə dünya boyunca səfirliklərdən casusluq məqsədilə istifadə edib.
Bu da bildirilir ki, Britaniya Almaniyada güdmə əməliyyatları üçün Berlindəki səfirliyin damında qurulmuş yüksək texnologiyalı dinləmə vasitələrindən istifadə edib.
Berlin bəyan edib ki, bu cür fəaliyyət beynəlxalq qanunlara ziddir.
David Cameron-un sözçüsü bildirib ki, baş nazir bu iddialarla əlaqədar hələlik Almaniya kansleri Angela Merkel-lə danışmayıb və belə bir söhbət planlaşdırılmır.
Bununla belə, sözçü London-Berlin münasibətlərini «əla» adlandırıb.
Sözçü həmçinin deyib ki, Britaniya kəşfiyyatı «möhkəm və aydın hüquqi çərçivə» daxilində fəaliyyət göstərib.
Almaniyanın xarici işlər naziri Guido Westerwelle Britaniyanın Berlindəki səfiri Simon McDonald-ı sorğu-sual üçün öz iqamətgahına dəvət edib.
O deyib ki, Almaniya kommunikasiyalarının Birləşmiş Krallığın səfirliyindən güdülməsi barədə Britaniya mətbuatının iddiaları doğrularsa, bu, beynəlxalq qanunlara zidd hərəkət kimi qiymətləndirilə bilər.
BRİTANİYA ABŞ-IN AVROPADAKI QULAĞIDIR?
Angela Merkel
Angela Merkel
Britaniya qəzetləri NSA-in açıqlanmış sənədlərinə və havadan çəkilmiş fotolara əsasən iddia edir ki, London izləmə əməliyyatlarını Bundestaqın və Angela Merkelin ofisinin bir addımlığında yerləşən səfirlik binasının damındakı gizli postdan aparıb.
Havadan çəkilmiş fotolarda Britaniya səfirliyinin damında ağ çadıra bənzəyən obyekt görünür. Qəzetlər iddia edir ki, bu obyekt Berlində Britaniya səfirliyi açılan vaxtdan – 2000-ci ildən oradadır.
Bundan əvvəl ABŞ kəşfiyyatının Almaniya kansleri Angela Merkelin mobil telefonunu dinlədiyi barədə xəbərlər yayılmışdı.
Amma ən maraqlısı budur ki, hətta ABŞ Almaniyadakı casus fəaliyyətini dayandırdıqdan sonra da Britaniya güdmə əməliyyatlarını davam etdirib.
NSA-in sənədlərində deyilir ki, Vaşinqton bu yaxınlarda səfirliklərdə fəaliyyət göstərən 100-dək dinləmə stansiyalarından bəzilərinin funksiyalarını Britaniya kəşfiyyatına ötürüb.
Britaniya mətbuatı yazır ki, dinləmə avadanlığı adətən səfirlik binalarının ağla gəlməyən yerlərində qurulur və səfirliklərin əksər əməkdaşları bu qurğuları işlədən həmkarlarının «əsl missiyası»ndan xəbərsiz olurlar.
DAM ÜSTƏDİR DAMIMIZ, KOR OLSUN DÜŞMANIMIZ
Almaniyada yerləşən ABŞ səfirliyinin binası
Almaniyada yerləşən ABŞ səfirliyinin binası
Amerikanın dinləmə «yuva»sının da ABŞ səfirliyinin damında yerləşdiyi barədə xəbərlər yayılıb.
Vaşinqton bu «yuva»nı bağladığı barədə ötən həftə məlumat verib. Almaniyanın ARD televiziyası infraqırmızı çəkiliş qurğularına əsasən şübhəli fəaliyyətin dayandığını təsdiq edib.
Müşahidəçilər bildirirlər ki, Britaniyanın Avropa İttifaqı üzrə müttəfiqini güddüyü barədə iddialar Berlin-London münasibətlərini korlaya bilər.
Almaniya Yaşıllar Partiyasından Avropa Parlamentinin üzvü Jan Albrecht deyib ki, bütün iddialar Almaniya siyasətçilərinin və jurnalsitlərinin izləndiyini göstərir.
Cənab Albrecht əlavə edib ki, Avropa İttifaqı David Cameron-dan baş verənlərlə bağlı izahat istəyib, o isə bunun milli təhlükəsizlik məsələsi olduğunu deyərək, cavab verməkdən imtina edir.
«Bu Avropa müttəfiqliyinihn ruhuna ziddir. Axı biz düşmən deyilik» – deyib Jan Albrecht.
GCHQ rəsmiləri mətbuatın yaydığı iddialarla bağlı şərh verməkdən imtina ediblər.
Snowden-nin açıqladığı məlumatlarda deyilir ki, səfirliklər vasitəsilə kəşfiyyat fəaliyyəti ABŞ, Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya tərəfindən müştərək aparılır.
Beynəlxalq izləmə əməliyyatlarında bu ölkələr qrupunu şərti olaraq «Beş göz» adlandırırlar.
Lakin sual doğa bilər: bir birlərindən minlərcə kilometr aralı olan bu ölkələri birləşdirən ortaq cəhət nədir?
Onların hamısı ingiliscə danışırlar.
XS
SM
MD
LG