Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:47

Mövlud Mövlud: "Yaşıdlarımız çox istedadsız və bayağıdır"


Mövlud Mövlud
Mövlud Mövlud
-

"Hərdən elə düşünürəm ki, bizim həyatımızda baş verən faciələrin səbəbi də nənəmin yıxdığı evlərdir".

“Sərdar Cəlaloğlu adi bir partiyanı yarıda bilmir, Səməd Vurğunu tənqid edir”



Publika.Az-ın “Həyatımızın kitabları” layihəsinin növbəti qonağı “Gündəlik Teleqraf” qəzetinin redaktoru, gənc yazar Mövlud Mövluddur.


“İlk oxuduğum kitabı dəqiq xatırlamıram”

“İlk oxuduğum kitabı dəqiq xatırlamıram. Deyəsən, “Koroğlu” dastanı idi. Təxminən 10-11 yaşlarımda oxumuşdum. Yaddaşımda dərin izlər buraxıb. Bir də sizə Türkiyədən gəlmiş bir kitab barədə danışmaq istəyirəm. Bu kitab uşaqlara namaz öyrətmək üçün çap edilmişdi. Həmin kitabda namaz qılmağı çox qəribə bir üsulla öyrədirdilər. Orda heç yadımdan çıxmayan bir yer vardı: “Əhməd 6 yaşında idi. Atası bir gün onu yanına çağırıb artıq namaza başlayacaq yaşda olduğunu dedi. Əhməd namaz qılmağı öyrənməyə başladı. Bu zaman Əhmədin anası yaxşı yeməklər bişirmişdi. Uşaq birdən namaz üstdə dedi ki, ana nə gözəl yeməklər bişirmisən. Atası ona irad tutdu: “oğlum, namaz qılarkən danışmaq olmaz”. O kitabın psixologiyası, uşaqlara təsir etmək üslubu çox yaradıcı idi...”

“Ən sevdiyim əsəri “Beşmərtəbəli binanın altıncı mərtəbəsi” deyil”

“Sən bilirsən, bizim Yazıçılar Birliyi ilə münasibətlərimiz nə yerdədir və mən indi də öz fikrimdə qalıram. Amma səmimi etiraf edim ki, 14-15 yaşlarımdan Anarın kitablarını oxumuşam. Başqalarından fərqli olaraq heç vaxt “Beşmərtəbəli binanın altıncı mərtəbəsi” ən çox sevdiyim əsəri olmayıb. Onun boz üzlü iki cildliyi var. Həmin kitablarda “Dantenin yubileyi”ni, “Mən, sən, o və telefon”u oxumuşdum. Təbii ki, illər keçdikcə insan başqa yazıçıları, başqa əsərləri oxuyur, sevir. Buna baxmayaraq, içimdə “Dantenin yubileyi” povestinin xüsusi bir yeri, çəkisi var. O əsəri Azərbaycan nəsri üçün hadisə hesab edirəm.
Sabir Rüstəmxanlı və Sabir Əhmədli
Sabir Rüstəmxanlı və Sabir Əhmədli

Mirzə Cəlillə tanışlığım yeniyetmə vaxtlarıma təsadüf edir. Onun 6 cildliyinin hamısını oxumuşam. XX əsrin əvvəllərində Novxanıda Mirzə Əbuturab Ağa adında bir axund olub. Mirzə Cəlilin onun barədə yazdığı felyetona kimi oxumuşam. Mirzə Cəlili müqəddəs adam hesab edirəm. O əlimizi ürəyimizin üstünə qoyub peyğəmbər deyə biləcəyimiz bir kişidir”.

“Sabir Əhmədlinin “Dünyanın arşını” romanı ömür kitabıdır”

“Azərbaycan nəsrində ən çox sevdiyim yazıçı Sabir Əhmədlidir. Sabir müəllimin povestləri məni silkələyib və deyərdim ki, bütün həyatıma təsir edib. Məsələn, Sabir Rüstəmxanlı öz kitabının adını “Ömür kitabı” qoyub, amma o ömür kitabı deyil. Sadəcə, kitabın adı “Ömür kitabı”dır. Amma Sabir Əhmədlinin yazdığı əsərlər doğrudan da ömür kitabıdır, tale kitabıdır. “Dünyanın arşını” əsərini mən Sabir Əhmədlinin alın yazısı kimi oxumuşam. Sonra onun “Yamacda nişanə” əsərini deyərdim. Baş qəhrəman Laçın haqsızlıqla barışmayan gəncliyin obrazıdır.

İsa Muğanna, Vaqif Nəsib, Saday Budaqlı sevə-sevə oxuduğum nasirlərdir. Ağamalı Sadiq Əfəndinin “Başsız” povestinin də xüsusi yeri var”.

“Hüseyn Cavid Səməd Vurğundan xoşbəxt adamdır”

“Füzulini, Aşıq Ələsgəri, Səməd Vurğunu çox sevirəm. XX əsr Azərbaycan poeziyasının ən böyük imzasının Səməd Vurğun olduğunu düşünürəm. Əsl şair odur ki, onun bir misrasından bütün yaradıcılığının mahiyyətini təyin etmək mümkün olsun. Məsələn, Füzuli bir beytində yazır:

-Aşiyani-mürği-dil zülfi-pərişanındadır

Handa olsam, ey pəri, könlüm sənin yanındadır.

Aşıq Ələsgər deyir:

-Həqiqətdə iki gözəl sevmişəm,

Birisi Məhəmməd, birisi Əli.

Səməd Vurğun da deyir: “Ağılsız köpəklər ulduza hürər”
Hüseyn Cavid
Hüseyn Cavid

O tənqid olunan kimi yadıma bu misrası düşür. Onu nəyə görə tənqid edirlər? Əlli yaşında xərçəngdən öldüyünə görə? Hüseyn Cavid Səməd Vurğundan çox xoşbəxt adamdır. Çünki onu bir dəfə gəlib aparıblar, Müşfiqi də həmçinin. Amma Səməd Vurğun ömrü boyu deyib ki: “İndi gəlib aparacaqlar”. Ona görə də 50 yaşında xərçəng oldu”.

“Sərdar Cəlaloğlu adi bir partiyanı yarıda bilmir, Səməd Vurğunu tənqid edir”

“Facebook-da üstümüzə 3 dənə statusla düşəndə özümüzü itiririk, amma onu hər gün tənqid, təhdid ediblər. Onu hər gün tənqid edən adamlar 30-cu illərdə yaşasaydılar, Səməd Vurğunun güllələnməsini istəyəcəkdilər. Sərdar Cəlaloğlu 20 ildir bir partiya qura bilmir, ona-buna söz atır, Səməd Vurğunu tənqid edir. Bu adam heç həkimliyi də bacarmayıb. Amma Səməd Vurğun o boyda istedadını ifadə edə bilib”.

“Ədəbiyyat mənim üçün təskinlikdir”

“Ədəbiyyat təskinlikdir. Bilirsən, mənim uşaqlığım, yeniyetməliyim, gəncliyim faciələr, aldanışlar içərisində keçib. Böyük zədələr yaşamış adamam və ədəbiyyat mənim üçün təskinlikdir. Mən dərdimi danışıram, oxucularla dərdləşirəm. Yazmaq məni sakitləşdirir”.

“Kitab oxumaq əvəzinə mobil telefonda nərd oynayır”

“Oxumamaq üçün bəhanəmiz çoxdur. Metroda cavanların əksəriyyəti mobil telefonda nərd oynayır. Onun əvəzinə bir kitab oxumağı ya istəmirlər, ya da ağıllarına gəlmir. Amma beş-altı il əvvələ nisbətən kitab oxumaq sahəsində bir irəliləyiş var. Hətta kitab oxumaq bir dəb halına düşüb. Mən buna sevinirəm. Eybi yox, qoy, bu dəb olsun. On adam dəb üçün gələcək, onun yeddisi qız tutmaq üçün oxuyacaq, amma üçü doğrudan oxuyub başa düşəcək”.

“Hüqonun mükafatını Tanrı verəcək”

“Dünya ədəbiyyatında elə əsərlər var ki, “İncil”, “Quran”, “Tövrat”a yazılan təfsirlərdir və bir növ o kitabların davamıdır. Ruminin “Məsnəvi”si “Quran”ın davamıdır. “İncil ədəbiyyatı” deyilən bir anlayış var. Məsələn, “Səfillər”i “İncil”in davamı hesab edirəm. Biz onu qiyamət günündə Tanrının hüzuruna çıxara bilərik. “Səfillər”ə görə Hüqonun, “Don Kixot”a görə Servantesin mükafatını Allah verəcək. Dostoyevskinin “Cinayət və Cəza” romanı da mənə çox təsir edib”.
Dostoyevski
Dostoyevski

“Onda sən Raskolnikov olacaqsan, Dostoyevski yox”

“Bəzən oxuduğum əsərlərin qəhrəmanlarında özümü görürəm. Ən çox da Orxan Pamukun “Qar” romanının qəhrəmanı KA-ya bənzəyirəm. Sentimental, depressiyaya meylli, qorxaq, xoşbəxtlik dilənçisi... KA-nın İpəyin Lacivərtlə yatdığını eşidəndə düşdüyü vəziyyət məni sarsıtmışdı. Bilirsən, mənim də həyatımda belə şeylər olub. Dəlicəsinə sevdiyim, müqəddəsləşdirdiyim qadınları mənasız bir gədə bir həftənin içində yatağına salıb. Belə şeylər adama bir az ağır gəlir. Bir dəfə isə əməlli-başlı Raskolnikov olacaqdım. Danışım necə olub bu əhvalat. Deməli, mənim nənəm rayonun ən əzazil sələmçilərindən olub. Hərdən elə düşünürəm ki, bizim həyatımızda baş verən faciələrin səbəbi də nənəmin yıxdığı evlərdir. Onun evdə çoxlu qızılları olurdu. Girov qoyulan qızıllar. Pula ehtiyacım var idi. Düşündüm ki, nənəmin qızıllarından birini oğurlayım. Zəng eləyib dostuma fikrimi dedim. O isə heç vaxt unutmayacağım bir cavab verdi: “Onda sən Raskolnikov olacaqsan, Dostoyevski yox”. Bununla da fikrimdən daşındım, amma Dostoyevski də ola bilmədim. Kaş, o vaxt fikrimdən daşınmazdım... nisyə Dostoyevskidənsə, nağd Raskolnikov yaxşıdır”. (gülür)

“Uşaq vaxtı oxuyası olduğumuz əsərləri indi oxuyuruq”

“Hər bir kitab həvəskarının mütləq konkret bir siyahısı olmalıdır. Yeddi yaşında uşağa pornoqrafik film göstərə bilmərik. Uşağın psixologiyası pozular. On beş yaşında yeniyetməyə də Dostoyevskini, Rumini oxutmaq olmaz. Hər yaşın öz kitabı var. Amma bizim ailələrdə o ənənə olmadığı üçün uşaqları da yönləndirə bilmirlər. Elə əsərlər var ki, onu uşaq vaxtı oxumalıyıq, amma böyüyəndə oxuyuruq, yaxud da əksinə. Mən “Dəfinələr adası”nı bu yaxınlarda oxudum. Halbuki bu əsərlə uşaq vaxtı tanış olmalıydım. On beş yaşımda isə Pelevinin postmodernist hekayələri ilə maraqlanırdım. Pelevini bu yaşımda oxumalıyam. Böyüklər bir siyahı tutmalıdır, izah etməlidir. Mənim atam gecə saat ikidə içkili gəlib bizi təpiklə durğuzurdu. O, mənə hansı kitabları məsləhət görəcəkdi? (gülür) “Səfillər”i bəzən təmizlənmək üçün oxuyuram. Cəmiyyətin naqisliklərindən, murdarlıqlarından xilas olmaq istəyəndə ayaq üstdə “Səfillər”i intonasiya ilə oxuduğum vaxtlar olub. Hiss etmişəm ki, rahatlıq tapıram. Xüsusən də Jan Valjanın bəsirət gözünün açıldığı yer...”

“Cəmiyyət məni sıxanda onun “Tanrı dağları”na sığınıram”

“İndi Ayxan Ayvaz, Kəramət Böyükçöl və Hikmət Carçılı Orhundan başqa oxuduğum imza yoxdur. Çünki oxuya bilmirəm. Yaşıdlarımız çox istedadsız və bayağıdır. Bir də Alpay Azər maraqlıdır, o da heyf, dili çox köntöydür. Bizdən əvvəlkilərin əksəriyyəti bizdən də mənasızdır. Anekdotçuluq baş alıb gedir. Fəxri Uğurlunu çox sevirəm. Cəmiyyət məni sıxanda onun “Tanrı dağları”na çəkilirəm. Məsələn, “Şeyx Sənan” hekayəsinin sonluğu var, deyir: “Onlar o zaman qayıdacaqlar ki, qurd quzunun sağlığına içsin, milçəklə fil qolboyun olsun”. Bu cəmiyyət üstümə gələndə, iyrənclikləri görəndə Fəxri bəyin o şahanə dünyasına baş vurub təskinlik tapıram. Hə, bir də Səfər Alışarlı. Bəzən gecələr onun “Maestro” romanını oxuyub ağlayıram. Xanım yazarlardan Elnaz Eyvazlı və Jalə İsmayıldan çox şey öyrənmişəm”.

“Kitabın insanı tərbiyə etdiyini düşünürəm”

“Kitabın insanı tərbiyə etdiyini düşünürəm. “Ədəbiyyat adamları tərbiyə etmir” fikri yanlışdır. “İdiot”u oxuyub necə təmizlənməyəsən? Ancaq o da düzdür ki, gərək adamın özünün də fitrətində nəsə olsun. Məsələn, Aqil Abbas “Cinayət və cəza” romanını oxusa deyər, Raskolnikovun baltası ilə yaxşı odun doğramaq olar. Rəşad Məcid Kurasavanın “Yeddi Samuray” filminə baxsa deyər, “yaxşı qılınşdaşma kinosudu”. Sözümün canı odur ki, ədəbiyyat tərbiyə olunmaq istəyən adamı tərbiyə edir. Sənin mahiyyətində varsa, Fərman Kərimzadəni, Vaqif Nəsibi, Məmməd Orucu oxuyub durulacaqsan. Yoxdursa, get işinin dalınca”.

Günel Musa
XS
SM
MD
LG