Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:42

«İlkin Rüstəmzadə 4 gündür ki, qanunsuz həbsdə saxlanır» [Video]


“İlkin Rüstəmzadə 4 gündür ki, qanunsuz həbsdədir”
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00
-
«İlkin Rüstəmzadə artıq 4 gündür ki məhkəmə qərarı olmadan həbsdə saxlanır».

Vəkil Xalid Bağırlı belə deyib. O bu sözləri noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində – 7 NİDA-çı gəncin və Azad Gənclik təşkilatının üzvü İlkin Rüstəmzadənin işi üzrə növbəti məhkəmə prosesində dilə gətirib.

Vəkil Xalid Bağırlı İlkin Rüstəmzadə ilə bağlı növbəti vəsatət verib:

«Məhkəmənin İlkin Rüstəmzadə barədə çıxardığı son həbs-qətimkan tədbiri noyabrın 17-də başa çatıb. Düzdür, Cinayət Məcəlləsinin 158.3 maddəsində göstərilir ki, iş məhkəməyə göndəriləndən sonra həbs müddətinin axını kəsilir, yəni bu iş məhkəmənin ixtiyarına qalır. Amma Konstitusiya Məhkəməsinin bununla bağlı mövqeyi var. Bildirilir ki, bu norma konstitusiyaya ziddir. Bu maddə Avropa İnsan Haqları Konversiyası ilə də ziddiyyət yaradır. Həmin səbəbdən məhkəmədən tələb edirəm ki, İlkin Rüstəmzadəni elə bu dəqiqə azad etsin».

Xalid Bağırlı hakimə Norveçdə 77 nəfərin ölümüylə nəticələnmiş terror olayını törədən Anders Breivik-in fotoşəklini təqdim edərək bildirdi ki, bu şəxs məhkəmədə öz vəkilinin yanında oturduğu halda, Azərbaycanda hələ hansı cinayəti törətdikləri bəlli olmayan 8 gənc prosesi qəfəsdən izləmək məcburiyyətindədir.

ASLAN İSMAYILOV ZALDAN ÇIXARILDI

Daha sonra dövlət ittihamçısı Nemət Əvəzov həm son vəsatətlərə, həm də daha öncəki proseslərdə vəkillərin qaldırdığı çoxsaylı vəsatətlərə münasibət bildirdi. O, məhkəmədən heç bir vəsatəti təmin etməməyi istədi.

Vəkil Aslan İsmayılovun istintaq materialları ilə tanış olmasına imkan yaradılmaması və buna görə də işin istintaqa qaytarılması ilə bağlı vəsatətə dövlət ittihamçısının mövqeyinə vəkil özü də münasibət bildirmək istədi. Bu zaman prosesə sədrlik edən hakim Cavid Hüseynovun onun sözünü kəsməsi və oturmasını tələb etməsi tərəflər arasında narazılıq doğurdu. Nəticədə hakim Aslan İsmayılovu prosesdən kənarlaşdırdı.

Zalda işıqlar sönsə də, prosesə ara verilməməsi daha bir narazılıq yaratdı. Vəkillər bildirdilər ki, bu halda hüquqlarını qoruduqları şəxslərlə konfidensial danışa bilmək imkanları pozulur.
İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə

«MƏN NİYƏ BURDAYAM?»

«Mən niyə burdayam? Mənə niyə o maddəni veriblər?» – təqsirləndirilən İlkin Rüstəmzadə bu suallarla məhkəməyə üz tutdu və sözünə belə davam etdi:

«Məni nə «Harlem Shake» videosunda görmək mümkündür, nə də onu mən çəkib yaymışam. Çəkib yayan adam özü də bunu etdiyini boynuna alır. Mənə hələ də çatmır ki, axı neyləmişəm?».

Məhkəmə qaldırılan vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə getdiyini elan etdi.

Proses noyabrın 22-də davam etdiriləcək.

«NİDA»çılara – Məmməd Əzizov və Bəxtiyar Quliyevə, Şahin Novruzlu və Rəşadət Axundova, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlıya qarşı bu il martın 10-da keçirilən «Əsgər ölümünə son» aksiyası ərəfəsində aksiyada istifadə üçün «Molotov kokteyli» hazırlamaq ittihamı irəli sürülüb.

Bu ittihama əsasən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Bu gənclərin bir neçəsinə qarşı həm də narkotik maddə ittihamı irəli sürülüb. «Azad Gənclik» Təşkilatının fəalı İlkin Rüstəmzadə xuliqanlıqda da ittiham olunur.

İstintaq dövründə gənclərə qarşı Cinayət Məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» müttəhimləri «vicdan məhbusu» elan edib.
XS
SM
MD
LG