Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:41

Vüqar Səfərli: Həbsi götürsünlər, pulu verək...


Rahim Hacıyev
Rahim Hacıyev
-
«Bank hesabınıza həbs qoyulduğuna görə, qəzetə maliyyə ayrılması dayandırılır». Bu məzmunlu məktub noyabrın 27-də «Azadlıq» qəzetinə göndərilib – KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin adından.

Məhkəmə cərimələrini ödəmədiyi üçün oktyabrın 24-də qəzetin bank hesabına həbs qoyulub.

MƏQSƏD AZADLIQ QƏZETİNİN SUSDURULMASIDIR...

KİV-ə Dövlət Dəstəyi Fondu «Azadlıq»la bu ilin iyununda bağladığı müqaviləyə əsasən, qəzetə 6 ayda 60 min manat vəsait ödəməli, qəzet isə hər sayda Azərbaycan tarixinə aid bir səhifəlik yazı dərc etməliydi.

«Azadlıq» qəzeti baş redaktorunun müavini Rahim Hacıyevin sözlərinə görə, qəzet layihədə nəzərdə tutulan bütün işləri görüb və yenə görməkdədir, ancaq Fond indi bu məbləğin ayrılmasını dayandırır.

Rahim Hacıyev deyir ki, qəzetin satışında yaranan problemlər, «Qasid» Yayım Firmasının qəzetə öz borcunu ödəməməsi, yüksək məbləğdə məhkəmə cərimələri və bunlar azmış kimi, dövlət yardımının dayandırılması vəziyyəti daha da çətinləşdirib. O, özəlliklə prezident seçkilərindən sonra qəzetə basqıların artdığını vurğulayır və bildirir ki, KİV-ə Dövlət Dəstəyi Fondunun sonuncu qərarı hakimiyyətin «Azadlıq»ı bağlamaq siyasətinin davamıdır:

«Bu, siyasi motivli qərardır. Bütün noyabr boyunca öhdəyə götürdüyümüz işi görmüşük. Amma «Qasid» satılan qəzetlərin pulunu vermədiyi kimi, indi də KİV-ə Dövlət Dəstəyi Fondu gördüyümüz işin haqqını vermək istəmir. Bu fondun dünən qəbul etdiyi qərar son dövrlər – prezident seçkilərdən sonra «Azadlıq» qəzetinin boğulması, qəzetin fəaliyyətinin dayandırılması siyasətinin davamıdır. Bu barədə yuxarıdan göstəriş verilib, məqsəd də qəzetin susdurulmasıdır».

«BU VƏSAİT CƏRİMƏ ÖDƏMƏYƏ VERİLMİR»

KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyir ki, sözügedən qərar fondun əsasnaməsinə və müqavilə şərtlərinə əsaslanır. Əlavə edir ki, dekabrın sonunadək bank hesabından həbs götürülərsə, vəsait ödəniləcək. Əks halda, bu vəsaiti ödəmək mümkün deyil:

«Bax, görürsünüz siyasi don geyindirirlər. Bütün bağlanmış müqavilələrdə də göstərilib, fondun əsasnaməsində də birbaşa göstərilir ki, bu vəsait hər hansı cərimənin ödənməsinə sərf oluna bilməz. Mən siyasi sifariş icra etsəydim, elə hesablarına həbs qoyulan kimi, vəsait ayrılmasını dayandırardım. Amma vəsait ayrılmasını dayandırmadım. Qarşı tərəf iddiasını geri götürmək, qəzet də cərimə ödəmək istəmir.
Vüqar Səfərli
Vüqar Səfərli
Qəzet layihəni icra edir, yazılarını yazır. Bütün hallarda bu vəsaiti ödəmək bizim üzərimizdə qalır. Amma dekabrın sonunacan qəzetin bank hesabına qoyulan həbs götürülməsə, biz bu vəsaiti ödəyə bilməyəcəyik. Çünki vəsait mərkəzi xəzinədarlıqdan ödənilir deyə, yeni ildə büdcədə qalan vəsait «sıfır»lanır».

Vüqar Səfərlinin sözlərinə görə, daha öncələr də qəzetin hesabına həbs qoyulduğu hallar olub. Amma bu dəfə qəzet rəhbərliyinin özü də xahiş edib ki, vəsait hesaba köçürülməsin. İcraçı direktor sual edir ki, necə olur, həmin vaxt Fond siyasi sifariş yerinə yetirmirdi, amma sifarişə baxır?

AVROPA MƏHKƏMƏSİ NƏ DEYİR?

Media eksperti Ələsgər Məmmədlinin fikrincə, bu məsələdə nə qəzeti, nə də fondu günahlandırmaq olar. Ekspert Avropa Məhkəməsinin 2009-cu il Bolqarıstana qarşı qərarını yada salır. Orada bir qəzetin minimum əməkhaqqının 50 misli qədər cərimələnməsi Avropa İnsan Haqları Konvensiyasına zidd, söz və ifadə azadlığına qarşı basqı sayılıb.

Azərbaycanda minimum əməkhaqqı 105 manatdırsa, onun 50 misli təxminən 5 min 250 manata bərabərdir. Avropa Məhkəməsi hətta 50 misli qədər cərimələnməni qanunsuz hesab etsə də, Azərbaycan məhkəmələri «Azadlıq» qəzetini iki məhkəmə işinə görə ümumilikdə 65 min manat cərimələyib. Başqa sözlə, bir iş üzrə minimum əməkhaqqının 300 misli qədər.

CƏRİMƏLƏRİ ÖDƏMƏDİYİNƏ GÖRƏ QƏZET BAĞLANARSA...

Bütün bu deyilənləri ümumiləşdirən Ələsgər Məmmədli deyir ki, Azərbaycanda bir qəzetin 5 min manatdan çox cərimələnməsi ifadə azadlığının məhdudlaşdırılmasıdır:
Ələsgər Məmmədli
Ələsgər Məmmədli

«Azərbaycan reallığında məhkəmələrin çıxardığı cərimələrin məbləği fantastik dərəcədə yüksəkdir. Qəzetlərin cərimə ödəməyə maddi imkanı yoxdursa və buna görə bağlanarlarsa, bu, ifadə azadlığına basqıdır. Adı nə olur-olsun, məhkəmələr bu qəzetləri haqlı cərimələsələr də, qəzetin belə yüksək məbləğdə cərimələnməsinə haqq qazandırmaq olmaz. KİV-ə Dövlət Dəstəyi Fondunun ayırdığı vəsaiti dondurmasına gəlincə, qrant qaydalarına uyğun ayrılan vəsait qrantın məqsədlərinə yönəlməlidir. Ayrılan vəsaitin cərimələri ödəmək üçün istifadəsi o məqsədlərə xidmət etməzdi. Əslində, problem bu deyil, qəzetin hesabına birbaşa həbs qoyulmasıdır. Məncə, ən böyük anormallıq budur».

Ələsgər Məmmədlinin fikrincə, bank hesabına həbs qoyulması qəzetin iflic olmasına və fəaliyyətini dayandırılmasına təkan verə bilər.

«AZADLIQ»IN BORCLARI VƏ «AZADLIQ»A BORCLULAR

Məhkəmə «Azadlıq» qəzetini «Binə» Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın və Bakı Metropoliten İdarəsinin rəisi Tağı Əhmədovun iddialarına əsasən, üst-üstə 65 min manat cərimələyib. Qəzetin bundan başqa nəşriyyata da borcu var. Öz növbəsində «Qasid» Yayım Firması da qəzetə 50 min manat borcludur. Firma satdığı qəzetlərin pulunu ilyarımdır ödəmir.
XS
SM
MD
LG