Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:10

«Verdikləri pul hələ də bank hesabımda yatır»


Foto: Arxiv
Foto: Arxiv
-
«Bank hesabıma 24 min manat keçiriblər. Deyirlər, götürsən də budur, götürməsən də. Görün həyasızlıq nə həddə çatıb ki, gedirəm icra hakimiyyətinə, məni az qala başçının köməkçisinin köməkçisi qəbul edir. O da deyir ki, verilən pul ev almağa çatmırsa, get yataqxanadan bir otaq al».

Bunları «Qaynar xətt»ə deyən birotaqlı mənzili «Qış bulvarı»nın söküntüsünə qurban gedən Leyla Həsənovadır:

«Evim Mirzəağa Əliyev küçəsi, 213 ünvanında idi. Rayonda idim. Zəng vurdular ki, buldozeri söykəyiblər evinə, tez özünü çatdır. Mən gəlincə... Geyimimə qədər nəyim vardısa söküntü altında qalmışdı».

Leyla Həsənova deyir ki, evi söküləndən sonra Bakı şəhər İcra Hakimiyyəti onun bank hesabına 24 min manat köçürüb. Ancaq o, bu pula indiki durumda ev ala biləcəyini ağlına da gətirmir:

«Evimin sahəsi 16 kvadratmetr idi. Yeni təmir etmişdim. Avadanlığımın çoxu da təzə idi. İndi deyirlər, get kənarda bir yataqxanada otaq al. Mən niyə şəhərin mərkəzində, 50 il yaşadığım evimi sizə verib şəhərin kənarına, özü də yataqxanaya köçməliyəm? 1 ildən çoxdur ki, mən Bakı şəhər İcra Hakimiyyətinin qəbul şöbəsində düşüb qalmışam. Məni başçının müavininin köməkçisi qəbul edir, deyir, ev ala bilmirsən, get bir yataqxanada otaq al, gir içərisinə. Təsəvvür edirsiniz? Bunu mənə sinəsi, başı qır-qızıllı, özündən razı, qapıdan girənə yuxarıdan aşağı baxan bir Zəngilan köçkünü deyir».

«İCRA HAKİMİYYƏTİNİ MƏHKƏMƏYƏ VERSİN»

Leyla Həsənova ödənilən məbləğin azlığından narazıdır. Ölkə başçısına müraciət edib ki, mənzil bazarındakı qiymətlərlə ayaqlaşmadığına görə bu məbləğ artırılsın.

Hüquqşünas Namizəd Səfərov deyir ki, məhkəmə qərarı və mənzil sahibinin razılığı olmadan söküntü işlərinin aparılması qanunsuzdur:

«Orda çoxları eyni taleyi yaşadı. O adamların bir qismi məhkəmələrə müraciət etməyin perspektivsiz olduğunu düşünərək bu addımı atmadılar. Bir qismi isə məhkəməyə müraciət etsə də, nəticəsi ürəkaçan olmadı. Məhkəmələr Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiaları təmin etmədi. Ancaq bununla belə, Leyla xanım məhkəmələri mütləq keçməlidir. Bu, gələcəkdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunması üçün mütləq bir mərhələdir».

Bakı şəhər İcra Hakimiyyəti «Qış bulvarı»nın salınması ilə əlaqədar həmin ərazidə sökülən evlərin sahiblərinə hər kvadrata görə 1500 manat ödəyib. İcra hakimiyyəti bunu edərkən Nazirlər Kabinetinin müvafiq qərarına əsaslandığını bildirib.
XS
SM
MD
LG