Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:46

Polis idarəsində prokuror xəbərdarlığı


Natiq Ədilov
Natiq Ədilov
-
«Azadlıq» qəzetinin müxbiri Natiq Ədilova sosial şəbəkələrdə yazdıqları ilə bağlı xəbərdarlıq edilib. Bakı şəhər prokuroru Əziz Seyidov dekabrın 4-də Bakı şəhər Baş Polis İdarəsində yazılı xəbərdarlığı jurnalistin diqqətinə yetirib. Jurnalist xəbərdarlıqla tanış olsa da, onu imzalamaqdan boyun qaçırıb.

Prokurorluğun xəbərdarlığında qeyd edilir ki, Natiq Ədilov sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində «iqtisadi islahatların mahiyyətini və əsl gerçəkliyi əks etdirməyən, əxlaqa və etikaya sığmayan fikirlər» səsləndirib və görüntülər yerləşdirib. Həmin yazı və görüntülərin, eyni zamanda pozuntuların nədən ibarət olduğu açıqlanmayıb.

Natiq Ədilovun sözlərinə görə, yarım saat sürən görüşdə dönə-dönə hansı yazı və görüntüdən ötrü xəbərdarlıq aldığına aydınlıq gətirilməsini istəyib. Axırda ona belə bir açıqlama verilib:

«Söhbət əsnasında məlum oldu ki, benzin bahalanan günü facebook-da bir karikatura paylaşmışam. Həmin rəsmdə maşına benzin vuran «tapança»nın lüləsində xiyar şəkli var. Bakı şəhər prokuroru bildirdi ki, bu rəsm etikaya, bizim milli-mənəvi dəyərlərimizə ziddir və insanlar yanlış qavrayır. Mən də o rəsmin karikatura olduğunu və orada heç kimin ləyaqətinə toxunacaq ifadənin yer almadığını bildirdim. Üstəlik, qanunun qadağan etmədiyi bir şeydir».

Bakı şəhər prokuroru Əziz Seyidovun Natiq Ədilovun diqqətinə çatdırdığı xəbərdarlıqda qeyd edilir ki, «gələcəkdə KİV-də və sosial şəbəkələrdə bu xarakterli görüntü və yazıların yazılmasını davam etdirəcəyiniz halda barənizdə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcək».

Natiq Ədilov bu olayı fəaliyyəti ilə bağlı ona edilən təzyiq və hədə sayır. O bu səbəbdən Bakı şəhər Prokurorluğunu məhkəməyə verməyə hazırlaşır:
Xalid Ağaliyev
Xalid Ağaliyev

«Media Hüququ İnstitutuna müraciət etmişəm və artıq prokurorluğa qarşı iddiam hazırlanır. Bu işi sonadək getməyə hazıram. Prokurorluq qanuni fəaliyyəti ilə məşğul olmalıdır. Hüquq-mühafizə orqanları siyasi qurumlar deyil, onlar siyasi bəyanatlar yazmamalıdır».

«MƏQSƏD – HÖKUMƏTİ TƏNQİDDƏN JURNALİSTİ ÇƏKİNDİRMƏKDİR»

Media Hüququ İnstitutu indi iddia ərizəsi üzərində çalışır. İnstitutun proqram koordinatoru Xalid Ağaliyevin fikrincə, Natiq Ədilovla söhbət və ona təqdim olunan xəbərdarlıq jurnalisti hökuməti tənqiddən çəkindirmək məqsədi güdür:

«Təqdim olunan xəbərdarlıq, açıq-aşkar, jurnalistin ifadə azadlığına birbaşa müdaxilə məqsədi daşıyır. Bu xəbərdarlıq ifadə azadlığının konsepsiyalarına ziddir. Belə hallar jurnalisti ictimai müzakirələrə qatılmaqdan çəkindirir».

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev də jurnalistlərə xəbərdarlığın əksər hallarda hədə-qorxu anlamına gəldiyini düşünür:

«Nə o karikaturada, nə də Natiq Ədilovun bu məsələ ilə bağlı fəaliyyətində polis müdaxiləsi üçün heç bir əsas yoxdur. Bu səbəbdən hüquq-mühafizə orqanlarının jurnalistə hədə gəlməsinə heç cür haqq qazandırmaq olmaz».

«ADAMLARI FİKİRLƏRİNƏ GÖRƏ TUTACAQLAR Kİ...»

Satirik yazar Zamin Hacı benzinin qiymətinin artırılmasına karikatura ilə etiraz edən jurnalistə prokurorluğun xəbərdarlığını gülməli sayır:
Zamin Hacı
Zamin Hacı

«Əslində onlar Natiqi çağırıb üzr istəməlidirlər. Bu, heç bir hüquqa sığmayan bir şeydir. Dövləti təhqir etmisən, dinamik inkişafımızı görmürsən (gülür). Hesab edin ki, bu adam dinamik inkişafı görmür, buna görə adamı polisə çağırıb demək olmaz ki, niyə görmürsən və ya görməlisən. Mən görmürəm, gözüm zəif görür. Bu, bilirsiniz, ona oxşayır ki, adamı zorlayırlar, həm də deyirlər, səsini çıxarma. Əvvəl deyirdilər bizim oğurluq etməyimizə mane olmayın. İndi belə bir maneə onsuz da yoxdur. Yəqin bir azdan fikirləşmə qadağaları gələcək. Adamları tutacaqlar ki, ölkənin dinamik inkişafı haqqında niyə pis fikirləşirsiniz. Qaldı ki, xiyar məsələsinə, o da kənd təssərüfatı məhsuludur, orda təhqiramiz heç nə görmürəm».


PROKURORLUQ: NATİQ ƏDİLOVA EDİLƏN XƏBƏRDARLIQ TAM QANUN ÇƏRÇİVƏSİNDƏ HƏYATA KEÇİRİLİB

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov xəbərdarlıqla bağlı bunları deyir:

«Natiq Ədilova xəbərdarlıq bəzi kütləvi informasiya vasitələrində qeyd edildiyi kimi tənqidi yazılarına və ya fikirlərinə görə deyil, sosial şəbəkələrdə yaydığı əxlaqa və etika normalarına sığmayan, həmçinin insanların heysiyyatına toxunan yazılarına və şəkillərə görə edilib.

Qanun pozuntusundan çəkindirmək məqsədi ilə N.Ədilova edilən xəbərdarlıq tam qanun çərçivəsində həyata keçirilib.

Hamılıqla qanunlara hörmətlə yanaşılmalıdır, o cümlədən N.Ədilov da bilməlidir ki,vətəndaşların şərəf və ləyaqətini alçaldan informasiyalar, təhqir xarakterli yazılar, pornoqrafik materiallar çap etdirmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına qanun yol vermir və kütləvi informasiya azadlığından sui-istifadə yolverilməzdir».
XS
SM
MD
LG