Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:41

Niyə çox içirdi? Niyə sözü üzə deyirdi?


Ayxan Ayvaz
Ayxan Ayvaz
-

Çox içməklə aram yoxdu. Ancaq indi bu kədərli xatirələri yada salıb adam içkinin içinə girmək istəyir.


Ayxan Ayvaz


ELÇİN SƏLCUQU UNUTMADIQ!


Məni öldürməyən şey məni daha da gücləndirir
Nitşe


Ə, bu nə sərt adamdı? Hələ təzəcə tanış olmuşuq, məni o dəqiqə danlamağa başladı. Elə bil uşağıyam. Nətər də qabağına alıb mənə öyüd-nəsihət verir. Özünü çoxbilmiş hesab eləyir.

Baho! İndi də valı dəyişdi. Məni bayaqdan danlayan adam başladı tərif yağdırmağa. Ay gözəl oğlansan, yazacaqsan, filan-bəsməkan.

Getdikcə fikrim 180 dərəcədə dəyişdi. Dedim, nə yaxşı, saf, pak, həqiqəti deyən adamdı.

Parkda bir az gəzişdik. Atam aramızda durmuşdu. Mən hərdən onun danışmağı üçün araya söz atır, o da mənim işarəmi başa düşüb danışırdı. Ooooo... Nələrdən danışırdı, bir bilsəz. Saxlamaq olmurdu. Maraqla qulaq asırdım ki, “Proloq” qəzetinin baş redaktoru Tahir Kazımlı gəldi. Görüşdük, hal-kef tutduq. O gələn kimi bayaqkı kişi məni təzədən tənqid atəşinə tutdu. Tahir Kazımlı uşaqdı, gəncdi, hələ vaxtı var, çox şey öyrənəcək - desə də o, əl çəkmirdi, elə hey məni danlayırdı. Sonra sağollaşıb atamla ordan uzaqlaşdıq.

Yolboyu atam mənə tanış olduğum adamdan danışırdı. Öyrəndim ki, bu, qəzetlərdə məqalələrini oxuduğum Elçin Səlcuqdu. Atam əlavə eləyib dedi ki, o çox mərd kişidi, sözü üzə deyəndi, heç kimdən də çəkinməsi-zadı yoxdu, tutduğunu buraxanlardan deyil, ədəbiyyatı da, fəlsəfəni də, Nitşeni də əla bilir. Həqiqətdən qorxmur, yazıçını tanıyır, qrafomanı da. Həm də yaxşı tənqidçidi. Bir də yaman içən adamdı. Atam sonuncu sözü dedi və susdu.
Yazıçı Eyvaz Əlləzoğlu (Ayxan Ayvazın atası)
Yazıçı Eyvaz Əlləzoğlu (Ayxan Ayvazın atası)

Etimad Başkeçidin atasının yasına getmişdik. Həmin kişini – Elçin Səlcuqu orda görəndə çox sevindim. Salam Sarvan, Murad Köhnəqala, Xanəmir də onun yanında oturmuşdular. Salamlaşdım, gülümsünüb dedi ki, sən tənqid elədiyim oğlansan? Mən də güldüm, başımla dediyini təsdiqlədim. Yer elədi, yanında oturdum. Atam yanımda əyləşəndə ağzını açıb danışmağa başladı. Bir əhvalatı bitirir, o birinə keçir, bunu qurtarıb başqasına keçirdi. Axırda Elçin Səlcuq bezib dedi ki, Eyvaz, sən lap danışdığın kimi yazırsan, hekayələrindəki təhkiyə dili ilə danışıq dilin bir-birinə elə oxşayır ki, fərqləndirmək olmur. Sonra Elçin əlavə elədi ki, özü də çox danışırsan. Hamı qəhqəhə çəkdi, atam əyilib qulağıma pıçıldadı ki, özü hamıdan çox danışır. Gülümsündüm, ancaq atamın dediyi sözün təsiri tez gəlib keçdi.

Elçin Səlcuqun bayaqkı sözləri qulaqlarımda cindildəyirdi. Maraqlı danışıq tərzi var idi. Danışanda jestlərdən istifadə edir, əlini havada oynadırdı. Bir də ləhcəsi adama xoş gəlirdi. Kobud danışsa da, danışığı xoşagələn idi. Kimisə tənqid etsə belə, elə şirin ləhcə ilə danışırdı ki, dinləyənlər Elçin Səlcuqun tənqid etdiyini unudurdular. Elə bilirdin, nəsə maraqlı, gülməli əhvalat danışır.

Yasın sonuna yaxın əlini çiynimə yasladı.

- İçirsən? – deyə soruşdu.

- Hə, bir az, – sakit-sakit cavab verdim.

- Ə, Gürcüstanlı olasan, özü də az içəsən.

- Nə bilim? – günahkarcasına mızıldandım.

- Çaxır çox içirsən?

-Hə.

-Dədəndən də çox?

-Yox, ona çatdıra bilmərəm.

Bərkdən güldü. Bu an onun sifətinə diqqətlə baxdım. Gözləri qıyıq idi, üzü uzunsov idi, sifətində nur var idi.

- Dədənnən bir içirsən? – təzədən soruşdu.

- Hə, ancaq dədəmnən içirəm.

Muradı dümsüklədi, ikisi bərabər güldülər. Qəhqələri qulaqlarımı daladı.

Sonra nə oldu?

Heç, atamla evə yollandıq.

Yolda Elçin Səlcuqdan danışırdım. Atam bir daha dedi ki, çox içəndi.

***

Öldüyünü öyrənəndə çox kədərləndim. Atam dedi ki, çox içirdi, həkim içmə deyəndə də içdi, özünə qəsd etdi. Kədərləndi, “bu intihar etmək kimi bir şeydir. Çoxumuz bunu bacarmadıq”. – dedi. Sonra ikimiz də bir xeyli susduq.

Arxivdən axtarıb Elçin Səlcuqun kitabını tapdım. Yazıçı Kamal Abdulla haqqında yazdığı “Kədərli sirr” onun ilk və son kitabı idi. Ancaq mən onun arada bir qəzətlərdə çap olunan məqalələrini də oxumuşdum. Atam dedi ki, Elçin bədii yaradıcılıqla da məşğul idi. Onun bir hekayəsini oxuyubmuş. Povest yazdığını deyirmiş. Bu povestin axırının necə olduğunu heç birimiz bilmədik. Bəlkə yazıb bitirib, bəlkə də yarımçıq qalıb. Kim bilir?
Elçin Səlcuq oğlu ilə
Elçin Səlcuq oğlu ilə

Taleyin işinə bax ki, Elçin Səlcuqun oğlu ilə o öləndən sonra tanış olduq. Oğlan Elçinin oğlu olduğunu deyəndə təəccübləndim. Hansı Elçin? – deyə soruşdum. Elçin Səlcuq dedi. Arada kədərli sükut yarandı.

Yasdakı əhvalatı Elçin Səlcuqun oğluna danışdım. O bir xeyli susduqdan sonra:

- İçənsən? – deyə məndən soruşdu.

- Hə, bir az içirəm, – atasına verdiyim cavabı təkrarladım.

- İçmə, içmək pis şeyd, – dedi və susdu.

İndi Elçin Səlcuqu xatırlayıram. Bu ötüb-keçən xatirələr də ki adamı lap kədərləndirir. Hətta jurnalistin oğlu ilə tanış olmağım mənim kədərimi birə-beş artırdı. Vallah, az içənəm. Çox içməklə aram yoxdu. Ancaq indi bu kədərli xatirələri yada salıb adam içkinin içinə girmək istəyir. Bu dəfə isə atamla yox, tək içmək istəyirəm. Tək, heç kimin olmadığı yerdə Elçini anaraq ağlaya-ağlaya içmək.

Ölənə rəhmət düşür, heç yasında da ola bilmədim. Qəfil tanışlığımız kimi ölümü də qəfil gəldi. Onu tanıyanlara, yaxınlarına başsağlığı vermək istəyirəm. Bizim həmişə sərt sözü üzə deyən adamlara ehtiyacımız olacaq.

Oturub düşünürəm. Elçin Səlcuq niyə belə idi? Niyə çox içirdi? Niyə sözü sərt üzə deyirdi? Düşünürəm, ancaq cavab tapa bilmirəm. Bəlkə gələcəkdə onu anlayacaq, başa düşəcəyəm. İndi isə yeniyetməyəm, hələ çox sınaqlardan keçməliyəm. Bacaracağammı? Bilmirəm. Amma Elçin Səlcuq həmişə yaddaşımda qalacaq. Bu dəqiqdi.

Qəbrin nurla dolsun, Elçin əmi!
XS
SM
MD
LG